Modern.az

Şınıx bölgəsi qaz gözləyir, “Azəriqaz” nikbin vədlər verir

Şınıx bölgəsi qaz gözləyir, “Azəriqaz”  nikbin vədlər verir

1 Oktyabr 2013, 16:33


Qazlaşdırma işinin yarımçıq qaldığı bölgələrdən biri də Gədəbəy rayonunun Ermənistanla sərhəd Şınıx kəndləridir. Prezident İlham Əliyevin bölgənin qazlaşdırılmasına dair hələ 2009-cu ildə göstəriş versə də 28 yaşayış məntəqəsindən cəmi 3-nə qaz verildikdən sonra işlər yarımçıq dayandırılıb.

Bu yazı ilə əlaqədar Şınıx bölgəsinin sakinləri virtualaz.org saytına müraciət edərək üzləşdikləri dözülməz vəziyyətlə bağlı məlumatları çatdırıblar. Sakinlərin bildirdiyinə görə, bölgənin Zamanlı, Arabaçı, Mor-Mor, İsalı və s. kəndləri yanacaq üzündən boşalır. Çünki qışı çıxarmağa yetəcək qədər odun əldə etmək artıq bahalı və müşkül işə, əsl zülmə çevrilib.

“İllərdir Şınıx meşələri qaz yoxluğu ucdantutma qırıldı. İndi qırmağa meşə də qalmayıb, meşələr son nəfəsini verir. Bir maşın odun 300 manata qalxıb. Çoxu pensiya ümidinə dolanan işsiz-gücsüz camaat belə vəziyyətdə neyləməlidir? Prezidentimizdən xahiş edirik bu işə bir əncam çəksin” - deyə sakinlər bildirir.

Verilən məlumata görə, ARDNŞ hələ 2010-cu ildə Şınıx bölgəsinə magistral qaz kəməri çəkib. Lakin 3 kəndə qaz verməklə işləri dayandırıb, qalan kəndlərə qazın nə vaxt çəkiləcəyi haqda konkret söz deyən yoxdur. Bir neçə ay əvvəl sakinlərdən bir qrupu ARDNŞ prezidenti Rövnəq Abdullayevin də qəbulunda olub. Onlara deyilib ki, bölgədə qazlaşdırma 2013-cü ilin sonunadək tam başa çatdırılacaq.

Ancaq bu günədək bir metr də olsun boru xətti çəkilişi aparılmayıb, bölgədə qazlaşdırma işi qeyri-müəyyən səbəblərdən dayandırılıb.

“Görəsən, ARDNŞ-in, onun tabeçiliyində olan “Azəriqaz”ın bu camaatı zülmlə üz-üzə qoymasının səbəbi nədir? Prezidentin göstərişi niyə yerinə yetirilmir? Magistral qaz kəməri çəkilib, bizim kəndlərin cəmi 3-4 kilometrliyinədək qaz xətti gəlib çıxıb. Bəs onu kəndlərə paylayıb bu camaatı zülmdən xilas etmək beləmi müşkül və bahalı işdir?” -  deyə redaksiyamızla əlaqə saxlayan Şınıx sakinlərindən bir qrupu bildirib.

“Bölgədə qazlaşdırma 2013-cü ilin sonunadək tam başa çatdırılacaq” vədini alan sakinlərin haqlı narazılığını nəzərə alaraq məsələ ilə bağlı “Azəriqaz”a müraciət etdik. “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Araz Ağayev virtualaz.org-a açıqlamasında bu ilin sonunadək həmin kəndlərdə qazlaşdırma işinə başlanılacağını bildirdi: “2013-cü ilin sonunadək Zamanlı, Arabaçı, Mor-Mor, Poladlı, Şınıx, Miskinli, Parakənd və Leşgər kəndlərində qazlaşdırılma işlərinə başlanılacaq”.

A.Ağayev adıçəkilən 8 kənddən başqa daha 14 kəndin 2014-cü ilin sonunadək qazla təmin olunacağını da söylədi. 

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı