Modern.az

Ekspertlər KORRUPSİYADAN danışdılar: “Prezident haqlıdır”

Ekspertlər KORRUPSİYADAN danışdılar: “Prezident haqlıdır”

1 Oktyabr 2013, 17:22

Sentyabrın 30-da Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında iştirak edən prezident İlham Əliyev məmurlara ciddi mesajlar verib. Dövlət başçısı korrupsiya faktlarını nəzərdə tutaraq bildirib ki, Azərbaycan bu bəladan tamamilə qurtulmaldır. Ölkə rəhbərinin ciddi narahatlıqla belə bir mesaj verməsi ciddi məqamlardan xəbər verir.

Məsələ barədə Modern.az-a danışan “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin (“Transparency International” beynəlxalq təşkilatının Azərbaycan üzrə milli bölməsi) icraçı direktoru Rəna Səfərəliyeva prezidentin narahatlığına əsasların olduğunu dedi.

Rəna Səfərəliyeva: “Korrupsiya elə bir dərin kök salıb ki...”

“Ölkədə korrupsiyanın səviyyəsi kifayət qədər yüksəkdir”-deyən QHT rəsmisi qeyd edib ki, təmsil olunduğu beynəlxalq təşkilat korrupsiya qavrama indeksində bir neçə məqamı gözdən keçirib. O bildirib ki, bir aydan sonra yeni bir indeks çıxacaq.

“Onu deyə bilərəm ki, Azərbaycanın reytinqi kifayət qədər “yüksəkdir”. Korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən addımlar atılıb. Qanunvericilik bazası hazırlanıb, elektron xidmətlər və ASAN mərkəzlərin açılması əldə olunan nailiyyətlərdir. Ancaq korrupsiya elə bir dərin kök salıb ki, nailiyyətləri ciddi, dərin islahatlar kimi dəyərləndirmək hələ tezdir”.

Təşkilat rəsmisi onu da əlavə edib ki, korrupsiyanın səviyyəsini ölçmək tam olaraq mümkün deyil. ““Transparency International” təşkilatı tərəfindən hazırlanan korrupsiya qavrama indeksi korrupsiyanın qavranmasını ölçür. Yəni insanlar necə düşünür, hansı sahələrdə korrupsiya daha yüksəkdir. Digər tərəfdən bizim təşkilat tərəfindən hüquqi yardımlar göstərilir. Bizə şikayət edən insanlar korrupsiya faktları ilə üzləşmiş insanlardır. Daxil olan müraciətlərdən belə nəticəyə gəlmək olar ki, vətəndaşlar daha məhkəmə sistemində rüşvət verməyin əleyhinədir. Ancaq deyə bilmərəm ki, Azərbaycanda korrupsiyaya ən çox məhkəmələr uğrayıb. Maraqlıdır ki, vətəndaşlar səhiyyə, təhsil sistemində  rüşvətdən şikayət etmirlər. Amma məhkəmələrdə rüşvət vermək istəmirlər. Bir sözlə bəzi sahələrdə vətəndaşlar korrupsiya ilə üzləşsə də müqavimət göstərmirlər. Nədənsə hüquq-mühafizə orqanlarında daha çox şikayətlər daxil olur”-deyə R. Səfərəliyeva vurğulayıb.

Əliməmməd Nuriyev: “Korrupsiyaya görə məsuliyyətə cəlb olunanlar artıb”

“Konstitutsiya” Araşdırmaları Fondunun prezidenti və “Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin məlumatlandırma və əməkdaşlıq şəbəkəsi”-nin koordinatoru Əliməmməd Nuriyev isə qanunvericilik müstəvisində uğurlardan və hüquqi müddəaların tətbiq mexanizmlərindən söz açıb.
“Korrupsiyanı aradan qaldırmaq üçün bir çox qanunlar qəbul edilib. Bu da korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına xidmət edib. Lakin qanun icrası ilə bağlı müvafiq strukturların, instutisional təchizatların olması vacib idi ki, bu da yarandı”.
Ə. Nuriyev bildirib ki, ölkədə ASAN xidmətlərin yaranması məişət korrupsiyasına əhəmiyyətli dərəcədə zərbə vurdu. Siyasi iradənin geniş miqyas almasının da korrupsiyaya qarşı mübarizədə effektli nəticə verdiyini söyləyən fond rəhbəri əlavə edib ki, buna baxmayaraq, böyük gözləntiləri var.

“Ancaq buna bir müddət lazımdır. 2005-ci ildə korrupsiya faktı ilə bağlı cəmi 30 cinayət işi vardısa, 2012-ci ildə bu say 298-ə qalxıb. Bu onu göstərir ki, korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb olunan şəxslərin sayı bir neçə dəfə artıb. Eyni zamanda beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda korrupsiyanın azalması məsələsi barədə müsbət rəylərə rast gəlinir”-deyə Ə.Nuriyev qeyd edib.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər