Modern.az

18 müəllifin hazırladığı kitab çapdan çıxdı

18 müəllifin hazırladığı kitab çapdan çıxdı

Aktual

1 Oktyabr 2013, 16:23

Azərbaycan hüquq ədəbiyyatında xüsusi yeri olan “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin kommentariyası” kitabı “Digesta” nəşriyyatında təkrar çapdan çıxıb. Modern.az bildirir ki, 70×100/16 formatda 1364 səhifədən ibarət bu kitabın təkrar nəşrində Cinayət-Prosessual Məcəlləyə Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il yaz sessiyasında edilmiş əlavə və dəyişikliklər, keçən dövr ərzində toplanmış məhkəmə və istintaq təcrübəsi, habelə mütəxəssislərin bir sıra mülahizələri nəzərə alınıb. 

Kitabın müəllifləri cinayət-prosessual qanunun mahiyyətini açmağa, onu, necə deyərlər, geniş hüquq ictimaiyyətinin daha asan başa düşəcəyi və dərk edəcəyi şəklə gətirməyə cəhd ediblər. Kommentariyanın yazılmasından əvvəl, habelə onun yazılması gedişində aparılmış təhlillər göstərib ki, yeni cinayət-prosessual qanuna münasibətin müxtəlif olmasının əsas səbəblərindən biri də onun ayrı-ayrı norma və müddəalarının hamı tərəfindən heç də düzgün və birmənalı başa düşülməməsi olub. Belə mürəkkəb normativ hüquqi aktlar barəsində kifayət qədər tez-tez rast gəlinən bu halın aradan qaldırılması yeni Cinayət-Prosessual Məcəllənin elmi-praktiki şərhə ehtiyacı olduğunu üzə çıxarıb. Bu baxımdan oxuculara təqdim edilən kommentariya ölkəmizin cinayət-prosessual qanununun tətbiqi təcrübəsinin asanlaşdırılmasına, ayrı-ayrı mübahisəli məsələ-lərin həllində tövsiyələrin verilməsinə yönəlib.

Kommentariyada Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət-Prosessual Məcəlləsinin bütün maddələrinin ayrı-ayrılıqda şərhi verilib. Uzunmüddətli və çox ağır zəhmət bahasına başa gəlmiş bu kommentariyanın hazırlanması zamanı Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumunun hazırda qüvvədə olan qərarlarından, habelə ayrı-ayrı konkret işlər üzrə məhkəmə təcrübəsinin təhlilindən geniş istifadə edilib.

Cinayət-prosessual qanunun ayrı-ayrı normaları təhlil edilərkən ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının, habelə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin müddəaları rəhbər tutulub. Geniş hüquq ictimaiyyətinə təqdim olunan kommentariya Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin doktrinal şərhidir. Lakin kommentariya müəllifləri cinayət-prosessual qanunun ayrı-ayrı normalarını təhlil edərkən, ilk növbədə, həmin normaların təcrübədə tətbiqi mövqeyindən çıxış edib, ayrı-ayrı istintaq və ya prosessual hərəkətlərin həyata keçirilməsinin qaydalarını, şərtlərini, ümumiyyətlə, cinayət mühakimə icraatının qaydalarını şərh etməyə cəhd ediblər. Bu səbəbdən cinayət-prosessual qanunvericiliyin tətbiqi sahəsində fəaliyyət göstərən hər bir şəxs təqdim edilən kommentariyadan özü üçün hər hansı bir fayda əldə edə biləcək.

Bununla belə, kommentariyadan cinayət prosesini öyrənən, bu sahədə tədqiqatlar aparan tələbə, müəllim və aspirantlar da yararlana bilər. Kommentariya ölkəmizdə öz peşəkarlığı və səriştəsi ilə seçilən geniş müəlliflər kollektivinin birgə əməyinin məhsuludur. Bundan başqa, kommentariyanın hazırlanmasında ölkəmizdə tanınmış bir sıra qabaqcıl mütəxəssislərin fikir və rəyləri öyrənilərək nəzərə alınıb. Geniş oxucu auditoriyasına təqdim edilən bu kommentariya Azərbaycan Respublikasının tarixində cinayət-prosessual qanuna tam şərh verilməsinin ilk nümunəsidir. Müəlliflər kollektivi şübhə etmir ki, bu əsər müəyyən qüsur və çatışmazlıqlardan azad deyil. Odur ki, müəlliflər kollektivi kommentariya haqqında söylənəcək hər bir fikir, rəy və iradı qəbul etməyə, diqqətlə öyrənməyə və ayrı-ayrı normalara verilmiş şərhin təkmilləşdirilməsində nəzərə almağa hazır olduğunu əvvəlcədən oxucuların diqqətinə çatdırmağı özünə borc bilir. Hər bir fikir, rəy və mülahizə “Digesta” nəşriyyatı vasitəsilə müəlliflər kollektivinə çatdırıla bilər.
Qeyd edək ki, kitabın müəllifləri 18 nəfərdən ibarətdir. Onların arasında Cəfər Mövsümov, Eldar Həsənov, Bəxşeyiş Əsgərov, Aydın Yusubov, Ərşad Hüseynov, Bəhruz Kərimov və digər tanınmış hüquqşünaslar var.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu