Modern.az

"Soydaşlarımız Rusiyadan Azərbaycana, kəndlilər isə Bakıdan bölgələrə qayıdır"

"Soydaşlarımız Rusiyadan Azərbaycana, kəndlilər isə Bakıdan bölgələrə qayıdır"

26 Aprel 2010, 12:35

“İnsanların gəlirləri artdıqca ailələrdə uşaqların sayı azalır. Əslində isə məntiqlə bunun əksi baş verməlidir”. Bunu jurnalistlərə açıqlamasında mıllət vəkili Gültəkin Hacıbəyli söyləyib. Onun sözlərinə görə, ən azı Avropanın yaxın tarixi sübut edir ki, proseslər tamamilə əks istiqamətdə baş verir: “Bu, ilk növbədə, şəhərləşmə ilə bağlıdır. Şəhərdə insanlar daha yüksək dəyərlər uğrunda mübarizə aparırlar və xüsusilə şəhər əhalisi arasında qadınların işləmə faizi yüksək olur, işləyən qadınlar da daha çox öz karyera imkanlarını məhdudlaşdırmamaq üçün bir çox hallarda ailədə övladların sayını azaltmağa meyllidirlər. Eyni zamanda, daha çox intellektli, maddi təminatlı ailələrdə az uşaq böyütmək, lakin uşaqları hər şeylə təmin etmək, uşaqlara yüksək səviyyəli təhsil, tərbiyə vermək tendensiyaları var və bunun nəticəsində də ailələrdə uşaqların sayı azalır. Ancaq xoşbəxtlikdən Avropada fərqli olaraq, onun bir parçası olan Azərbaycanda ailə kifayət qədər möhkəm dəyərlər, milli təməl üzərində bərqərar olub və Azərbaycan ailəsində uşaq müqəddəsdir, doğrudan da, hər bir ailə üçün uşaqdan daha əziz heç bir nəsnə təsəvvür edilmir. Bu baxımdan inanıram, əminəm ki, Avropanın üzləşdiyi demoqrafik problemlə Azərbaycan ailəsi üzləşməyəcək”.

 

Deputat qeyd edib ki, bir həqiqəti etiraf etmək lazımdır: “Bu gün ölkəmizdə demoqrafik artım 30 il əvvəllə müqayisədə aşağı düşüb və xüsusilə də təəssüf doğuran bir haldır ki, yeni doğulan körpələr arasında qız uşaqlarının sayı aşağı düşür. Bax bu baxımdan, Azərbaycanda 15-20 ildən sonra kifayət qədər ciddi demoqrafik bir problem yaşana bilər. Ümumilikdə nə Azərbaycanda, nə də Türkiyədə belə bir problemin yaxın gələcəkdə yaşanması gözlənilir. Əksinə Azərbaycanda və Türkiyədə  ailələr bu kimi məsələlərdə tarixi bağlara söykənərək daha çox önəm verməkdədirlər. Azərbaycanla bağlı dilə gətirmək istədiyim bir məqam da var. Bu gün Azərbaycanda 15-18 il bundan əvvəlki vəziyyətlə tamamilə fərqli tendensiyalar müşahidə edilməkdədir. İndi Azərbaycan miqrasiya mənbəyi olan ölkədən daha çox miqrasiyanın təyinatı olan ölkəyə çevrilməkdədir. Şəhərlərimizdə, hətta kəndlərimizdə belə İraqdan, İrandan, Çindən, Əfqanıstandan, Flippindən Azərbaycana mühacirət etmiş miqrantlarla rastlaşırıq. Bu insanlar daha yaxşı iş şəraiti əldə etmək, daha yaxşı iqtisadi imkanlar qazanmaq arsuzu ilə Azərbaycana üz tuturlar. Rusiyaya üz tutan insanlarımızın kifayət qədər ciddi bir hissəsi Azərbaycana qayıdır. Bu, xarici miqrasiya ilə bağlı meyllərdir və sözsüz ki, bu meyllərin səbəbində daha çox Azərbaycanın iqtisadi cəhətdən güclənməsi, Azərbaycan iqtisadiyyatına, digər bölgə ölkələrindən fərqli olaraq, bütün dünyanı öz ağuşuna almış, bütün dünyanın üzləşdiyi maliyyə-iqtisadi böhranın daha az təsir etməsi dayanır”.

G.Hacıbəyli bildirib ki, əgər 10-15 il bundan öncə Azərbaycan kəndləri boşalmaq təhlükəsi ilə üz-üzəydisə, Azərbaycan kəndlərində bir parça çorək ardınca şəhərə çox ciddi miqrasiya müşahidə edilirdisə, bu gün artıq bunun əks meyllərini görürük: “Əgər 10 il, 15 il öncə Bakı ətrafında böyük sürətlə gecəqondular yaranırdısa, insanlar özləri üçün minimal da olsa, ev şəraiti quraraq Bakıda yaşamağa, çalışmağa cəhd göstərirdilərsə, bu gün insanlar bölgələrimizə qayıtmağa üstünlük verirlər”.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?