Modern.az

Yeni Bakıda görünməz olan “Azad Qadın” heykəli - LAYİHƏ

Yeni Bakıda görünməz olan “Azad Qadın” heykəli - LAYİHƏ

3 Oktyabr 2013, 10:13

Modern.az saytı “Yeni Bakının köhnə heykəlləri” adlı layihəsində dördüncü yazını təqdim edir. Əsasən Bakıda uzun illər öncə ucaldılan heykəllərə həsr olunmuş bu layihədə abidələrin tarixi, hazırlanma prosesi onların taleyi ilə bağlı maraqlı məlumatlar açıqlanır. Budəfəki yazımız  paytaxtın mərkəzi nöqtəsində, “Nizami” metrostansiyasının qarşısında ucaldılan “Azad qadın” heykəlidir. Heykəl 1960-cı ildə tanınmış heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən hazırlanıb. Memarı isə Mikayıl Hüseynovdur.

Keşməkeşli və qısa həyat yaşayan Fuad Əbdürrəhmanov öz şah əsəri haqqında bunları deyirdi: “Azərbaycan qadınlarının əsarətdən xilas olması mövzusu məni çoxdan düşündürürdü. Bu təsadüfi deyildi: inqilabdan əvvəl Azərbaycan qadınları dilsiz-ağızsız kəniz idilər. Onlar müti və zavallı bir məxluq kimi əvvəlcə atalarının, qardaşlarının, sonra isə həyat yoldaşlarının əmrinə müntəzir olub, acınacaqlı həyat sürürdülər. Ölkəmizin hər yerində, hər bir respublikadan, kolxozçulardan, fəhlələrdən, mühəndislərdən, alimlərdən, ədəbiyyat və incəsənət xadimlərindən ibarət böyük bir qadınlar ordusunun yaşayıb yaratması məni dərindən düşündürür, qəlbimdə iftixar və sevinc duyğuları oyadır. Mən qadının əsarətdən qurtarmasını heykəldə əks etdirərək, Azərbaycan qadınının sadəcə çadranı atdığını göstərməklə kifayətlənmək fikrində deyildim, onun yeni simasının formalaşması kimi dərin bir psixoloji prosesə mürəkkəb, uzun, bəzən də əziyyətli prosesə müəyyən dərəcədə toxunmaq istərdim. Mən bunu “Azadlıq” fiqurunda da istifadə etməyə çalışmışam. Heykəl üzərində işə başlayarkən, nədənsə, tora düşüb çapalayan bir qartalı təsəvvür edirəm. Qartal toru dartıb, nəhayət xilas olur. Bir andan sonra o, sürətlə günəşli səmaya uçacaqdır...”.

Çox böyük bədii duyuma malik olan Əbdürrəhmanov heykəldə məna dərinliyini və ictimai əhəmiyyəti çox gözəl əks etdirə bilib. Heykəl nəinki qadınları, eləcə də bütün insanları sanki döyüşə aparır. Köləliyi ayaqlayaraq başlanan bu döyüş Fuad Əbdürrəhmanov dünyagörüşünü yüzdə yüz əks edib. Çünki o bir sənətçi olaraq Şərq ölkələrini gəzirdi və başda Azərbaycan olmaqla bu ölkələrdə qadın hüququnun pozulmasını, cəmiyyət daxili demokratiyanın iflasa uğramasını gözləri ilə görürdü. 1960-cı ildə tamamladığı bu heykəl heykəltaraşın bir növ demokratik baxışlarının təcəssümüdür.

Heykəlin tarixi və taleyi...

1915-ci ildə Şəkidə anadan olan Fuad Əbdürrəhmanov həm rəssamlıq məktəbində, həm də Sankt- Peterburqda memarlıq və boyakarlıq İnsitutunda təhsil alarkən öz orijinallığı ilə seçilirdi. O, əsasən Şərq ruhlu, Qərb düşüncəli insan kimi digərlərindən fərqlənirdi. Əsərlərinə baxanda da bunu çox asanlıqla hiss etmək olar. Müəllifi olduğu Buxaradakı İbn Sina, Düşənbədəki Rüdakinin abidələri onu Şərq vurğunu olan bir sənətkar kimi dəyərləndirir. Əsərlərində də Şərq elementini xüsusi qabartmaqla onlara ölməzlik qazandırıb. Məsələn, Şərq fəlsəfəsi poeziyası və sənət aləmində olan sonsuzluq, irrasionallıq, məçhulluq elə yazının qəhrəmanı olan “Azad qadın” heykəlində də özünü göstərir. Heykəldə İraqda ucaldılan “İraq qadını” abidəsindən də təsirlənmə az deyil. Amma burda əsas iş təbii ki, müəllifin payına düşür. Belə ki, o, bu heykəldə sırf Azərbaycan mentaliteti və onun problemlərini ustalıqla qabarda bilib. 1959-cü ildə heykəl Peterburqda tuncdan hazırlanaraq Bakıya gətirilir. Heykəltaraş və memar tərəfindən yer seçilir. "Nizami" metrostansiyasının qarşısı ən strateji yer kimi dəyərləndirilir. Çünki Dağüstü parka gediş burdan başlayırdı və həddindən artıq yüksək postamentə sahib olan abidə hər tərəfdən çox yaxşı görünəcəkdi. Həddindən artıq hündür olan postament sonda diqqəti üzərində olan qadına çox böyük ustalıqla yönəldə biləcəkdi. Beləliklə, şüuraltına təsirin əla variantı kimi seçilən hündür postament bir müddət öz işini çox böyük ustalıqla görə bildi. Keçmiş zamanda danışmağımız heç də təsadüfi deyil. Çünki 1960-cı ildə heykəl indiki yerində qoyulanda hazırda parıltılı şüşələri ilə göz oxşayan bina yox idi. Onun əvəzində iki mərtəbəli bir bina yerləşirdi. Heykəl də bu binanın fonunda öz görüm nöqtəsini itirmirdi. İstər dağüstü parkdan, yaxud hansısa istiqamətdən baxanda diqqəti öncə “Azad qadın” çəkirdi. Bu zaman abidənin şüura nüfuz etmə imkanı da çox idi. Amma hazırda "Azad qadın"ın arxasındakı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çoxmərtəbəli binası heykəlin görüm nöqtəsini boğub. Uzaqdan baxanda yalnız hündür postament diqqəti çəkir ki, bu da əsərin kompozisiyasında natamamlıq yaradır.

O kimdir...

“Azad Qadın” heykəlini Cəfər Cabbarlının “Sevil” pyesindəki Sevilin daşlaşmış forması zənn edirlər. Heykəlrtaraş heykəllə bağlı xatirələrində bu haqda heç nə deməyib. Amma sənətşünaslar və elit ziyalı cəmiyyət heykəlin məhz, Sevilin protipi olduğunu vurğulayır. Hər iki obraz çadrasını başından yerə tullamaqla əsarətə qarşı çıxdığından Cəfərin obrazı ilə Fuadın obrazının eyniliyini vurğulayanlar da var. Qeyd edək ki, 1929-cu ildə Azərbaycan kinosunun ilk incilərindən olan “Sevil” filmi çəkildi. Baş rolda çıxış edən Azərbaycanın ilk kino aktrisası İzzət Orucova özündə “Azad qadın” heykəlinin daşıdığı mətinliyi çox gözəl əks etdirib. Buna görə də heykəli aktrisaya daha çox bənzətmək olar. 1929-cu ildə çəkilən bu film Azərbaycan qadınının düçar olduğu əsarəti çox gözəl əks edə bilmişdi.

İşıqlara qarışıb itən heykəl

Heykəlin üzləşdiyi problemlərdən biri də günəşli havada işıq şüalarının içində itməsidir. Belə ki, arxasında yerləşən parıltılı şüşələrlə hörülmüş inzibati dövlət müəssisinə malik bina heykəlin dəyərini az qala heçə endirməməkdədir. Əvvəla, onun çox hündür olması istənilən rakursda heykəlin görüm nöqtəsini zəiflədir. Hündür postament diqqətləri özünə nisbətdə xeyli kiçik olan azad qadına ünvanlaya bilmir. Vaxtilə, abidə qoyulanda bu məqam nəzərə alınmayıb. Çünki heç kimin ağlına da gəlməzdi ki, hər şey bu qədər tez bir zamanda dəyişəcək. Ona görə də kürsülüyün üzərində azad qadın abidəsini böyütməyi lazım bilməyiblər. İkinci problem isə şüşələrdən düşən parıltı heykələ diqqəti heçə endirir. Göz əzəmətli binadan enən şüalar qarşısında heykələ ünvanlana bilmir. Hətta fotoqraflar da abidəni son zamanlar sağ və sol yandan çəkməyə məcbur olublar. Çünki qarşıdan çəkiliş demək olar ki, mümkün deyil.

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər