Şəkidə Ortaq Türk Tarixinin araşdırılması problemlərinə həsr olunmuş 1-ci Beynəlxalq Elmi Konfrans keçirilib. Konfrans AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun təşəbbüsü ilə türkdilli ölkələrdən dəvət olunmuş tarixçi alimlərin iştirakı ilə baş tutub. Belə bir konfransın keçirilməsi haqqında razılaşma hələ keçən ilin sentyabrında Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin Şəkiyə birgə səfəri zamanı A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun təklifi ilə qəbul olunmuşdu. “Şəki Palas” hotelinin konfrans zalında düzənlənən konfransı giriş sözü ilə açan Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov konfransa qatılan nümayəndələri şəhər rəhbərliyi adından salamlamış və konfransın işinə uğurlar arzulayıb. 1-ci Beynəlxalq Elmi Konfransa moderatorluq edən akademik Yaqub Mahmudov Ortaq Türk Tarixinin araşdırılması və yazılması zərurəti, bu istiqamətdə indiyədək atılmış addımlar və dünya türk tarixçiləri qarşısında duran vəzifələrdən bəhs edən geniş məruzə ilə çıxış edib. Akademik bütün türkdilli ölkələrdə fəaliyyət göstərən tarixçi alimləri müştərək tariximizin doğru-düzgün yazılıb gələcək nəsillərə çatdırılması kimi müqəddəs bir missiyanı şərəflə həyata keçirmək üçün səfərbər olmağa çağırıb. Konfransda iştirak edən millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyev türk sivilizasiyasının dünya miqyasında, xüsusilə də Avrasiya məkanında əhəmiyyətli tarixi rolundan söz açmış, türk xalqlarının gələcək taleyi baxımından tarixi-mədəni irsə əsaslanan ortaq dəyərlərin birgə elmi araşdırmalara cəlb olunmasının və bütün türkdilli ölkələrdə təbliğinin zərurətindən, eləcə də çağdaş qlobal inteqrasiya proseslərində Türk Dövlətləri Birliyinin rolundan danışıb. Konfransda akademik Nailə Vəlixanlı, Tarix İnstitutunun alimləri - fəlsəfə doktoru Tofiq Nəcəfli, fəlsəfə doktoru Cəbi Bəhramov, fəlsəfə doktoru Natiq Məmmədzadə, fəlsəfə doktoru Vaqif Abışov, fəlsəfə doktoru Çüntəkin Nəcəfli, fəlsəfə doktoru Kamran İsmayılov, fəlsəfə doktoru Nigar Abuşova, fəlsəfə doktoru İlqar Niftəliyev, fəlsəfə doktoru İradə Məmmədova və Nazim Mustafa ortaq türk tarixinin tədqiqinə dair elmi araşdırmaların müxtəlif aspektləri barəsində maraqlı məruzələrlə çıxış ediblər. Türkiyə Cümhuriyyəti tərəfindən Beynəlxalq Elmi Konfransa qatılan Türkiyə Atatürk Mərkəzinin rəhbəri Nihat Büyükbaş, professor Selma Yel, professor Cezmi Eraslan, professor Rəhilə Şükürova, professor Musa Bali, dosent Mustafa Budaq və dosent Kenan Olgun ortaq türk tarixi ilə bağlı apardıqları elmi araşdırmaların mövzusu, əhəmiyyəti və nəticələri barədə məruzələrlə çıxışlar ediblər. Konfransda Qazaxıstan Respublikasından professor Səttar Məcitovun, Özbəkistan Respublikasından professor Şohistaxon Uljayevanın, Qırğızıstan Respulikasından professor Dooletbek Saparaliyevin, Dağıstan Respublikasından tarix elmləri namizədi Rabadan Sultanbekovun Ortaq Türk Tarixinin tədqiqinə dair məruzələri də böyük maraqla dinlənilib. İki gün davam etmiş konfrans bu gün Ortaq Türk Tarixinin yaradılması istiqamətində atılacaq ilk addımların müəyyənləşdirilməsi və yaxın gələcəkdə görülməli işlərin planının təsdiq olunması və bu istiqamətdə fəaliyyətlərə dərhal başlanılması haqqında qərarın qəbul olunması ilə başa çatıb.
Modern.az