İranın İrəvandakı səfiri Mehdi Sobhani Hindistan silahlarının İran ərazisindən Ermənistana tranziti məsələsini şərh edib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Mehdi Sobhani bu barədə keçirdiyi mətbuat konfransında danışıb.
O bildirib ki, Tehran Ermənistana regional sülhə töhfə verəcək istənilən yardımı göstərməyə hazırdır: "Əminəm ki, regionda qüvvələr balansı sülhə gətirib çıxaracaq".
Səfir bəyan edib ki, İran Azərbaycandan çox, Ermənistan ərazisindən Qara dənizə gedən yola üstünlük verir: "Ermənistanın tranzit müddəti Azərbaycandan iki gün azdır. Eyni zamanda, Ermənistanda yol infrastrukturunun təkmilləşdirilməsinə ehtiyac var və tranzit tarifləri cüzi endirimdən istifadə edə bilər".
"İran hərbi və siyasi fəaliyyəti ilə Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsinin əleyhinə olduğunu nümayiş etdirdi. Dünyada “dəhliz” sözü adətən sadəcə nəqliyyat marşrutu kimi başa düşülür, lakin bu regionda bu anlayış, görünür, tamam başqa cür qəbul edilir", - səfir iddia edib.
Diplomatın sözlərinə görə, İranın bu məsələdə mövqeyi çox aydındır və Tehran bunu həmişə vurğulayıb ki, yollar keçdiyi ölkənin suverenliyi altında olmalıdır.