Bu gün Kəlbəcər rayonundan olan məcburi köçkün İsmayılov Zabil Modern.az saytına müraciət edib. O qeyd edib ki, 2013-cü il yanvarın 15-də Koroğlu metro stansiyası ətrafında olan körpünün üstündə özünə məxsus idarə etdiyi 90 GE 672 “Mercedes” markalı avtomabili arxadadan gələn “Daewoo” 90 HS 679 nömrəli avtobus vurub. Qəza nəticəsində onun yanında olan həyat yoldaşı Məmmədova Şəlalə, övladları İsmayılova Nərmin, İsmayılov Nihat ciddi xəsarət alıblar və əməliyyat keçiriblər. Bununla bağlı Nizami rayonunda cinayət işi açılıb. Cinayət işinin araşdırlması dünənən qədər davam edib. Bu işlə bağlı iki müstəntiq və iki hakim dəyişdirilib. Zərərçəkən qeyd edib ki, əvvəlki hakim Mehriban xanım haqqın müdafiəsində olub:
“Məncə, elə buna görə də bizim bilmədiyimz səbəbdən o, bu məsələdən uzaqlaşdırıldı. Sonra isə işi hakim Mətanət Hacıyevaya həvalə etdilər. Ötən gün yenidən məhkəmə prosesi oldu. Dövlət ittihamçısı Ayxan müəllim ittiham irəli sürdü”.
Qeyd edək ki, ittihama görə, zərəçəkən İsmayılov Zabillə, avtobusu idarə edən sürücü İbrahim Tanrıverdiyevin hər birinə Cinayət Məcəlləsinin 263.1-1 maddəsi ilə iki il yarım iş istənilib. Bununla bağlı məcburi köçkün Modern.az saytına şikayət edib. Bildirib ki, təxminən bir ilə yaxındır proses gedir və məhkəmə uzadılır. Məhkəmə zamanı məlum oldu ki, avtobusu idarə edən İbrahim Tanrıverdiyevin nə etibarnaməsi, nə sürücülük vəsiqəsi var.
“Dəfələlər məhkəmədə avtobusun kimə məxsus olduğu barədə məsələ qaldırsam da bununla bağlı heç bir nəticə əldə edə bilmədim. Əksinə, hətta avtobus sürücüsü idarə etdiyim maşını arxadan vurmasına baxmayaraq ikimizə də eyni maddə ilə cinayət işi açdılar.
15 ynavar 2013-cü il tarixində olan qəza nəticəsindəailə üzvlərim o dərəcədə xəsarət almışdı ki, mən şoka düşmüşdüm. Qəza törədən avtobusu idarə edən şəxs bizi o vəziyyətdə qoyub qaçıb gedib və bizə heç bir kömək göstərməyib. Yoldaşım və uşaqlarımın əməliyyatı ilə bağlı təxminən 20 min manat xərcə düşmüşəm və bunu qohum-əqrabalardan borc alaraq etdirmişəm”.
Uzun müddətdir sürücü olduğunu deyən zərərçəkən bildirib ki, ona qəza törədən avtobus sürücüsü ilə eyni dərəcədə iş verilməsi anlaşılmazdır.
“Məhkəmə prosesindən öncə İbrahim Tanrıverdiyev üstümə əsəbi şəkildə bildirib ki, “sən bu məsələdə uduzacaqsan, səni tutduracam, bizim elə arxamız var ki, sən bizə heç nə edə bilməzsən”. Açığı hər şey göz qabağında olduğundan mən onun dediklərinə əhəmiyyət vermirdim. Ancaq indi görürəm ki, adamın güclü arxası var imiş. Yoxsa zərərçəkən mən, maşını vurulan mən və barəmdə 2 il yarım həbs qərarı verilən mən olmazdım. Görün ki, ədalətsizlik necə baş alıb gedir. Bununla bağlı ən yuxarı instansiyalara müraciət edəcəm. Yəqin hesab edirlər ki, köçkünük, kimsəmiz yoxdur, ona görə də bildikləri, istədikləri kimi də qərar verirlər. Bəlkə ölüdürələr məni... Amma Azərbaycan Prezidentinə güvənirik, ona müraciət edəcəyik və əminik ki, ədalət yerini alacaq”.
“Zabil İsmayılov və İbrahim Tanrıverdiyev barəsində Nizami Rayon Məhkəməsində aparılan cinayət işi ilə bağlı bu gün qərar veriləcək”.
Bu sözləri Modern.az-a açıqlamasında Nizami rayon Məhkəməsinin hakimi Mətanət Hacıyeva deyib.
Hakim qeyd edib ki, hər iki şəxs qəza zamanı “Yol hərəkatı haqqında” Qanunu pozub və buna uyğun olaraq hər ikisi barəsində cinayət işi açılıb.
“Bu müstəntiqlər tərəfindən hazırlanan ekspert rəyində qeyd edilib. Və məndən əvvəlki hakim işi apararkən, eyni zamanda mənim vaxtımda da hər iki tərəf bu ekspert rəyini mübahisləndirməyib. Eyni zamanda ortada şahid və sübut da yoxdur ki, bilsin ki, təqsir kimdədir. Təbii ki, hər bir tərəf hadisədə bir-birini günahlandırır”.
M.Hacıyeva da İ.Tanrıverdiyevin sürücülük vəsiqəsinin olmaması faktını təsdiqləyib.
“Düzdür həmin şəxsin nə sürücülk vəsiqəsi, nə etibarnaməsi var. Amma biz hazırda hadisəyə qiymət veririk. Amma təbii ki, bununla bağlı da həmin şəxs barədə tədbir görüləcək ki, o heç bir sənəd olmadan maşını necə idarə edib”.
Aytən ƏLİYEVA