Modern.az

Eldar İbrahimovdan namizədlərə ÇAĞIRIŞ: “Prezident olmaq istəyirsənsə, öz təbliğatını apar” - MÜSAHİBƏ

Eldar İbrahimovdan namizədlərə ÇAĞIRIŞ: “Prezident olmaq istəyirsənsə, öz təbliğatını apar” - MÜSAHİBƏ

Müsahibə

3 Oktyabr 2013, 13:54

Milli Məclisin deputatı: “Prezident məmurları özlərindən yaxşı tanıyır”


9 oktyabr prezident seçkisinə cəmi 5 gün qalır. Geridə qalan seçki təşviqatı müddətində prezidentliyə namizədlərə necə şərait yaradıldı?
Modern.az saytı bu və digər suallara cavab tapmaq üçün Yeni Azərbaycan Partiyasının funksioneri Eldar İbrahimovdan geniş müsahibə alıb.

- Eldar müəllim, seçki hazırlığının böyük bir hissəsi geridə qalıb. Seçki üçün yaradılan şəraiti necə qiymətləndirirsiniz?

- Seçki şəraitini normal qiymətləndirirəm. Hər bir namizədin təbliğatçıları bununla əlaqədar işlər görürlər. Bilmirəm, digər təbliğatçılar necə işləyirlər. Ancaq biz, Yeni Azərbaycan Partiyası olaraq, ölkə Prezidenti cənab İlham Əliyevin təbliğatı ilə məşğuluq. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları öz seçildikləri rayonlarda bu təbliğatla məşğuldur. Möhtərəm Prezidentimizin 10 ildə gördüyü işlərə görə əslində təbliğata ehtiyac yoxdur. Seçki Məcəlləsinə, qanunlara görə, bu təbliğat işini aparmalıyıq. Biz təbliğat aparmasaq, digər müxalifət namizədləri, Milli Şuranın namizədi Cəmil Həsənli və onun adamları bizə və bizim namizədin əleyhinə qarşı danışmaqda davam edəcəklər. Gərək biz alternativ və əsaslandırılmış formada fikirlər səsələndirək. Bizim müharibə veteranları və əlillərlə ötən gün görüşümüz oldu.

20 il bundan öncə 1992-93-cü illərdə uşaqlarımızı küçədən tutub cəbhəyə göndərirdilər. Güllə arxadan dəyirdi, sonra isə meyiti satırdılar. İnsanlar bunları bilməlidirlər. Cəmil Həsənli kimi adamların gələcək işi nə olacaq? Necə ki, Azərbaycanı onlar dağıtdı, indi də gəlsələr, Azərbaycanı dağıdacaqlar. Amma gələ bilməz. Mümkün deyil onların gəlməyi. İnsanlar ağıllıdır, 90-cı illərin insanı deyillər. Əlillərimiz Prezidentimizin gördüyü işlərdən danışırlar. Prezidentə olan inamlarını, etimadlarını ifadə edirlər. O insanlar təbliğatçılardan da yaxşı danışırlar. Onlar Qarabağ müharibəsində hər şeydən xəbərdar olublar. Prezidentimizin gördüyü işlər, təhsil, səhiyyə, aqrar sahə, iqtisadiyyatın digər sahələri, xarici siyasət və Dağlıq Qarabağla bağlı olan məsələləri seçicilərə çatdırırıq.

Mən bunu deyirəm ki, bizim növbəti 5 illiyimiz “Dağlıq Qarabağ ili” olacaq. Belə hesab edirəm ki, Prezidentimizin cəsarəti nəticəsində inşallah bu məsələ həll olunacaq. Ona görə məsələ gecikir ki, biz ATƏT-in Minsk qrupunun vasitəçiliyilə işğal olunmuş torpaqlarımızın sülh yolu ilə azad olunmasının tərəfdarıyıq. Ancaq hiss olunur ki, düşmən sülh istəmir. Ermənistanın prezidenti də həmişə danışıqlardan qaçır, məsələnin uzadılmasına çalışırlar. Naxçıvan məsələlərini ortaya atırlar ki, diqqəti Qarabağdan yayındırsınlar. Guya, Naxçıvan əzəli erməni torpağı olub. Ancaq Dağlıq Qarabağ məsələsi yaddan çıxmaz, tezliklə həll olunacaq. Ali Baş Komandan, ölkə Prezidentinin cəsarəti, siyasi iradəsi nəticəsində həll olunacaq. Onun ətrafında bütün Azərbaycan xalqı bir yumruq kimi birləşəcək.

Bir müddət öncə deyirdilər ki, Milli Şuranı Rusiya, Putin yaradıb. Ancaq Putin Azərbaycana gəldi və dedi ki, bu şuranı o yaratmayıb. O, İlham Əliyevi dəstəklədiyini bəyan etdi. Bilirsiniz niyə elə dedi, gördü ki, Azərbaycan xalqı bütöv şəkildə İlham Əliyevin yanındadır. Azərbaycan xalqı İlham Əliyevin gördüyü işləri bəyənir və istəyir ki, növbəti 5 ildə də, ölkəni Prezidentimiz idarə etsin. Ulu öndərimiz müstəqil dövlət yaratmışdı. Amma İlham Əliyev bu ölkəni müasirləşdirdi və gücləndirdi. Artıq 1 oktyabr tarixindən etibarən Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edir. İllər öncə bu barədə düşünmürdük də...
Bütün beynəlxalq təşkilatların tədbirləri Azərbaycanda keçirilir. Bunun üçün şəraitimiz var. Bakıya gələn qonaqlar gecədən səhərə qədər bulvarı gəzir. Onlara heç kim gözün üstündə qaşın var demir. Bu stabillik harada var? Ancaq 20 il bundan öncə belə deyildi. Özümüz qorxudan gece çölə çıxa bilmirdik. Mən bunların şahidi olmuşam. Təssüf edirəm ki, müxalifət bu inkişafdan kənarda qalıb. 20 il əvvəlki ampulalarındadırlar. 20 il əvvəl tərbiyəsiz, söyüş söyənlər var idi. Deyirdim görən bunlar düzələcək? Bunlardan Azərbaycan xalqına prezident olacaq? Yox olmadı. Onlar kənarda, bucaqda söyüş söyməklə hakimiyyətə gəldilər. Ölkənin siyasətini, xarici siyasətinin inkişaf etdirmək üçün prezidentin ağlı, gələcəyə yönəlik fikri olmalıdır. Bu keyfiyyətlərin hamısı bizim möhtərəm cənab Prezidentimizdə mövcuddur. Bir neçə dildə sərbəst şəkildə danışır. Ən böyük ölkələrin prezidentləri qısqanclıqla yanaşsalar da, Azərbaycanın Prezidentinin gücünü qəbul edirlər.

Demək ki, Azərbaycan güclüdür. Azərbaycanı güclü edən isə Prezidentimizdir. İqtisadi gücümüz, Prezidentimizin gücü, xarici gücümüz var. Sözün əsl mənasında Azərbaycanın gələcəyi ancaq və ancaq Prezidentimizdən aslıdır. Bəlkə də bu Prezidentlik İlham Əliyevə lazım deyil. Bu, Azərbaycan xalqına lazımdır. Ona görə də biz İlham Əliyevə ciddi dəstək olmalıyıq və hörmət etməliyik ki, bizim prezidentimiz olsun. Buna heç kimin şübhəsi yoxdur ki, 9 oktyabrda İlham Əliyev Azərbaycanın prezidenti seçiləcək. Görünən dağa bələdçi lazım deyil. İlham Əliyevi dünyanın her yerində tanıyırlar. Əlbəttə ki, istəməyən adamlar da var.

Milli Şuranı, Cəmil Həsənlini dəstəkləyənlər, uğurlarımıza sevinməyənlər var. Amma bu qüvvələr o qədər zəifdirlər ki, cəmiyyət içində görünmürlər. Bir məsələni diqqətə çatdırmaq istəyirəm. Ələkrəm Hümmətov Ermənistana getdi, ardınca Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş bölgələrinə. Azərbaycanda yaşamısan, ayıb deyilmi? Hansı talış bunu qəbul edər? Gedib Dağlıq Qarabağda çıxış edir, ermənilərlə öpüşüb-görüşür. Sənin millətinin, kişilərinin, xüsusilə, qadınlarının başına nə oyun gətiriblər ermənilər... Sən necə görüşürsən onlarla? Erməni bundan yaxşıdır, bilirsən ki, düşmənindir. Amma, Ələkrəm kimi adamlar içərimizdə çoxdur. 

- Bu gün Avropa Parlamentində Azərbaycandakı seçkilərlə bağlı məsələ müzakirə olunacaq. Orada azlıqlarla bağlı da dinləmələr olacaq. Bəlkə Ələkrəm Hümmətov buna görə tələsik Ermənistana gedibmiş?

- Bunu istisna etmirəm. Bilirsiniz, indiki dünya, beynəlxalq təşkilatlar gerçəklikləri yaxşı bilirlər. Amma əksər zamanlarda ya özlərini bilməzliyə vururlar, ya da öz maraqlarına uyğun hərəkətlər edirlər. Avropa Parlamentindəki müzakirələrə qaldıqda isə, özləri də yaxşı başa düşürlər ki, bu gün kimin harada nə danışmağından asılı olmayaraq, Azərbaycana heç nə edə bilməyəcəklər. Seçkilərə xələl gətirə bilməyəcəklər. Çünki, Azərbaycan xalqı İlham Əliyevə səs verəcək, onu dəstəkləyəcək. Çoxları gözləyirdi ki, görən Rusiya nə edəcək? Putin gəldi, Azərbaycanın çörəyini duza batırıb yedi. Fərhad Əliyev türmədən prezidenti dəstəkləyir. Cəmil Həsənli Fərhad Əliyevin adamıdır, amma bunu başa düşmür. İlham Əliyev xalqla birlikdədir. İlham Əliyevin gördüyü işləri xalq dəstəkləyir. Bunlar isə şər, böhtan danışırlar. Biz şər, böhtandan qorxmuruq. Biz həqiqəti sevirik. Həqiqət isə odur ki, xalq yekdilliklə İlham Əliyevi dəstəkləyir. Ona görə də indi İlham Əliyevin heç bir təbliğata ehtiyacı yoxdur.

- Qeyd etdiniz ki, İlham Əliyevin təbliğata ehtiyacı yoxdur. Amma İctimai Televiziyada prezidentliyə namizədlərin debatına çıxanların böyük əksəriyyəri Cəmil Həsənliyə qarşıdır. Onlar özləri namizəd ola-ola Prezidenti müdafiə edirlər. Burada paradoks yoxdurmu?

- Elə hesab edirəm ki, nə Hafiz Hacıyevin, nə də digərlərinin bizi müdafiə etmələrinə ehtiyacımız var. Mən də bunu qəbul etmirəm. Qardaş, əgər sən debata çıxmısansa, prezident olmaq istəyirsənsə, öz təbliğatını apar. Sən guya hər hansı söz deməklə, İlham Əliyevə yaxşılıq edirsən? Beynəlxalq təşkilatlar da elə başa düşür ki, biz adamları öyrədirik. Bizim partiyanın, İlham Əliyevin buna ehtiyacı yoxdur. Bizim partiyamızdan Əli Əhmədov, Siyavuş Novruzov, Mübariz Qurbanlı çıxıb sözlərini deyirlər. Orada kiminsə Cəmil Həsənliyə hücum çəkməsinə, bizi müdafiə etməsinə nə ehtiyac var?

- Belədirsə, niyə həmin namizədlərə etiraz etmirsiniz? Axı onlar sizin təbliğata əks effekt elementi qatırlar. Hər halda cəmiyyətdə belə rəy var.

- Mən yenə deyirəm, istər digərləri, istərsə də, Hafiz Hacıyev kimilərinin təbliğatına ehtiyacımız yoxdur. Bu yalnız bizə hörmətsizlik gətirir.
- Eldar müəllim, təbliğat kampaniyasında Yeni Azərbaycan Partiyası tərəfindən yeni mesajlar görmədik.

- Biz bunu əvvəlki seçkilərdə edirdik. Bu il təbliğatı elə də səs-küylü keçirmirik. Axı buna ehtiyac da yoxdur. Buna 2003-2008-ci illərdə ehtiyac vardı. Artıq 2013-cü ildə buna ehtiyac yoxdur. Prezidentimiz o qədər işlər görüb ki, açılışlar zamanı kəsilən lentləri biri-birinə bağlasanız, yəqin ki, min kilometrlərlə olar. Hamı görür ki, İlham Əliyev nə qədər böyük işlər görür. 2500-dən artıq məktəb tikilib. Azərbaycanda tikilən yüksək səviyyəli məktəblər heç yerdə yoxdur. Avropa gəlsin Azərbaycan standartlarını öyrənsin. Görsünlər ki, tikinti mədəniyyəti necə olur. Xəstəxanalar yüksək keyfiyyətli avadanlıqlarla təchiz edilir. Təhsilin də, səhiyyənin də səviyyəsi qalxıb.
Bununla yanaşı, biz çatışmayan nöqsanlarımızı görürük və Prezidentimiz bunların üzərində çalışır. Keçmiş beşillikdə nazirlər gedib rayonlarda insanları qəbul edirdilər? Artıq nazirlər insanların içindədir. Azərbaycan xalqı ölkə Prezidenti ilə hər an bir yerdədir. Biz bunu seçicilərlə görüşdə əyani şəkildə görürük. Onlar yüksək səviyyədə danışırlar. Bu da ondan irəli gəlir ki, görülən işləri yaxşı görürlər, bilirlər. Ona görə də indi biz deyil, Azərbaycan xalqı prezidentin təbliğatçısıdır.

- Yəqin etiraf edərsiniz ki, görülən işlərə kölgə salan məmurlar da var. Korrupsiya, dəbdəbəli ad günləri və s...

- Məmurlarımız, deputatlarımız Azərbaycan xalqına nümunə olmalıdırlar. Məmurlar niyə bundan nəticə çıxarmır? Dəbdəbəli ad günləri keçirmək, xaricdən artist gətirmək, bu qudurğanlıq kimə lazımdır? İnsan nə qədər təvazökar olsa, o qədər hörməti artar. Baxın, Prezidentimiz ad gününü Qarabağ bölgəsində məcburi köçkünlərin arasında qeyd etdi. Bu, cəmiyyətimizə də, bütün dünyaya da bir mesaj idi. Məmurlarımız bundan ibrət götürməlidir. Niyə anlamırlar ki, bu hərəkətləri ilə cəmiyyətə ziyan vururlar, görülən işlərə kölgə salırlar. Bilirsiniz, xoşbəxtlik dəbdəbədə deyil. Hər halda Prezidentimiz xəbərdarlığını edib, nəticə çıxarmasalar, seçkidən sonra cənab Prezident yəqin ki, onlar barədə ölçü götürəcək.

Mən bugünkü komandada kiminsə dəyişilməsinin tərəfdarı deyiləm. Amma kimsə yolunu azırsa, o zaman bunun qarşılığını ödəməlidir. Hansısa məmur 10 il işləyib, xidməti varsa, çox gözəl, amma sonradan o qudurğanlıq edirsə, cəzasını almalıdır.
Prezidentimiz həmin insanları çox yaxşı tanıyır, hətta özlərindən də yaxşı tanıyır. Ona görə düşünməsinlər ki, əməllərini gizlədə biləcəklər. Bilirsiniz, məmur, idarə adamı tamam fərqlidir. İnsanlar bir adamı nə qədər eyni postda görməlidir? İnsanlar bunu danışır. Mən kiməsə ağıl öyrətmirəm, yaxşı işləyəni önə çəkib, pis işləyəni işdən çıxartmaq lazımdır. Camaatı incidənlər də var... .
- Od olmasa tüstü çıxmaz.

- Əlbəttə elədir. Ancaq təmiz işlər aparanlar olduqca çoxdur. Həmişə bu ifadəni işlədirəm. Sadəlik insanın gözəlliyidir. Baxırsan yerindən duran iki gün keçmir, cangüdənlə gəzir. Əminəm ki, bu kimi məsələlər seçkidən sonra tam olaraq həllini tapacaq.

Ulduz İBRAHİMOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı