Gürcüstan parlamenti bu ölkənin dövlət dilini bilməyən şəxslərin rəsmi vəzifələrdə çalışmasını əngəlləyə bilər. Bu haqda Modern.az-a Gürcüstan parlamentinin azərbaycanlı deputatı məlumat verib və qeyd edib ki, adı çəkilən qanun layihəsi qanunverici orqana təqdim olunub. Bununla da Gürcüstanda yaşayan soydaşlarımıza məhdudiyyətlər və sözügedən qanunla əlaqədar sanksiyalar tətbiq ediləcəyi qaçılmaz görünür.
Məsələ barədə Modern.az saytına danışan “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə qanun layihəsinin qəbul ediləcəyinə normal yanaşıb. Onun sözlərinə görə hər bir milli dövlətin özünəməxsusluğu olduğundan Gürcüstanda da gürcü dilinin tətbiq sahəsinin genişlənməsini dəstəkləyən qanun təbiidir.
“Buna görə də Gürcüstanın parlamentinə də seçilən millət vəkilləri, həmin ölkənin dilinə sayğılı olmalıdır. Azərbaycanlı deputatlar orda gürcü dilində soydaşlarımızın problemlərini qaldırmalıdır. Ancaq təəssüflər olsun ki, bizim deputatlar ya rus dilində danışır, ya da öz dilimizdə danışmağı ayıb bilərək susurlar. Azərbaycanlı deputatlar gürcü dilini bilərsə, parlament tribunasında etnik ayrı-seçkilik bir kənarda qalar və gürcü cəmiyyətinə inteqrasiya ola bilərlər. Ona görə də bu qanunun qəbul olunmasında qeyri-adi bir şey görmürəm”-deyən Z.Məmmədli qeyd edib ki, missiyası başqa olanlar və tənbəl adamlar məsələyə fərqli prizmadan yanaşa bilərlər.
Z.Məmmədli bildirib ki, bu qanun azərbaycanlılara diskriminasiya kimi qiymətləndirilə bilməz. “Bizim soydaşlar, xüsusilə perspektiv istəyənlər rəsmi dövlət və yazışma dilini bilməlidir. Mahiyyət etibarilə Gürcüstanda gürcü dilini prioritet etmək istəyi varsa, ona da təbii baxıram və bu addım Azərbaycan dilini aşağılamaq anlamına gəlmir. Gürcüstan həm də Azərbaycan türklərinin vətənidir. Ona görə də soydaşlarımız bu dövlətin dilinə hörmət etməlidir”-deyə Z.Məmmədli vurğulayıb.
Aqşin Kərimov