Astaranın Maşxan kənd sakini, 2018-ci il təvəllüdlü Yusif Əliyev qızılca xəstəliyindən dünyasını dəyişib.
Modern.az xəbər verir ki, 6 yaşlı uşağa Astara rayon mərkəzi xəstəxanasında azyaşlıya qızılca diaqnozu qoyulub.
Onun xəstəxanada öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.
Qızılcadan ölən uşağın əmisi İsmayıl Əliyev "Sputnik"ə açıqlamasında azyaşlının qızılcaya qarşı peyvənd olunduğunu da bildirib:
"Qardaşımın oğlu sağlam uşaq idi. 1-ci sinifdə oxuyurdu. Qızılcaya yoluxandan sonra yüksək hərarəti olub. Bizim tibb məntəqəsində həkim yoxdur. Ona görə rayon mərkəzindən həkim çağırmışdıq. Həkim gəlmədiyindən, uşağa vaxtında müalicə tətbiq edilmədiyindən Yusif öldü. Hazırda uşağın nəşi ekspertiza edilir".
Qeyd edək ki, son aylarda qızılcadan uşaqlar arasında onlarla ölüm hadisəsi qeydə alınıb.
Bir müddət əvvəl rəsmi məlumat verilib ki, Azərbaycanda qızılca əleyhinə vaksinasiya ilə bağlı ciddi tədbirlərin həyata keçirilməsi, o cümlədən, ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiyanın davam etdirilməsi, qızılca peyvəndindən kənarda qalan və ya qızılca xəstəliyi keçirməyən uşaqların və qızılcaya həssas 11-40 yaşlı əhali qruplarının da peyvəndlənməyə cəlb edilməsi və eyni zamanda qızılca hadisələrinin aktiv aşkar olunması və infeksiya ocaqlarında əksepidemik tədbirlərin aparılması nəticəsində 2024-cü ilin yanvar ayından Respublikada qızılca xəstəliyinin səviyyəsində azalma müşahidə olunur.