Modern.az

AŞ PA-da Ermənistanı ifşa edən yeni sənəd yayılıb

AŞ PA-da Ermənistanı ifşa edən yeni sənəd yayılıb

27 Aprel 2010, 09:34

Avropa Şurasında Ermənistanı ifşa edən yeni sənəd yayılıb. Modern.az-ın məlumatına görə, AzərTAc xəbər verir ki,  AŞ PA-nın yaz sessiyasının gündəliyinə bilavasitə Azərbaycanla bağlı məsələ daxil edilməsə də, nümayəndə heyətimiz fəallıq nümayiş etdirib. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun  sessiyada təqdim etdiyi sənədlərdən biri artıq avropalı deputatlar tərəfindən dəstəklənərək imzalanıb. Sənəd “Ermənistanın monoetnik dövlətə çevrilmək xətti və bu ölkədə tükənməkdə olan son milli azlıqlara qarşı aparılan amansız diskriminasiya siyasəti” adlanır.

Sənəddə konkret faktlar əsasında Parlament Assambleyası üzvlərində Ermənistanın milli azlıqlara qarşı yürütdüyü qəddar təqib siyasəti barədə dolğun təsəvvür yaratmağa nail olmuş azrbaycanlı deputat problemin dərindən araşdırılması məqsədi ilə ayrıca məruzəçinin təyin edilməsi təklifini irəli sürüb.

Bir sıra ölkələri təmsil edən 20-dən artıq nüfuzlu AŞPA üzvünün həmfikir çıxaraq imzaladığı bu tövsiyə üçün təklif artıq ciddi müzakirələrə səbəb olub.

Sənəddə deyilir: “Ermənistanın Avropa Şurasına üzv olduğu 10 il ərzində islah etmədiyi, əksinə daha da dərinləşdirdiyi əsas antidemokratik qüsurlarından biri bu dövlətin milli azlıqlara qarşı apardığı açıq təqib siyasətidir. Elementar insan haqlarına və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan, getdikcə sərtləşərək rasizm həddinə yetişən bu xətt ölkəni monoetnik dövlətə çevirmək məqsədi daşıyır. Son bir neçə on il ərzində sayı nisbətən çox olan bütün milli azlıqların hamısı - yunanlar, polyaklar, assurilər, molokanlar, ukraynalılar, yəhudilər, belaruslar, almanlar və s. tədricən ölkədən kənarlaşdırılmışlar. Hazırda Ermənistanda qalan 42 min nəfərdən artıq kürd ciddi təhlükə qarşısındadır. Bu yaxınlarda Yerevanda 4 nəfər kürdün ermənilər tərəfindən başının kəsilərək vəhşiliklə qətlə yetirilməsi bu etnik azlığa qarşı Ermənistanda aparılan pressinq və mübarizənin onlarda total vahimə yaratmaq həddinə çatdığını göstərməkdədir.

Kürdüstan Yezidiləri Federasiyası dünya informasiya agentliklərinə bəyanat yayaraq bu qanlı qətllərin siyasi motivlərlə baş verdiyini, kürdlərə qarşı Ermənistan dövlətinin apardığı sıxışdırma siyasətinin tərkib hissəsi olduğunu bildirmişdir. Ermənistan hüquq mühafizə orqanlarının ayrı-ayrı kürdləri işgəncələrə məruz qoyması haqda dəhşətli faktlar, onların milli özünüifadəsi qarşısında yaradılan maneələr ölkədəki bu son milli azlığı xilas etmək üçün qəti tədbirlər görülməsini zəruriləşdirir. 2010-cu il aprelin 20-də qorxudan Ermənistanda səsini çıxara bilməyən yüzlərlə kürdün Gürcüstan paytaxtındakı Ermənistan səfirliyi qarşısında onlara qarşı rəsmi Yerevanın apardığı təqib və məhvetmə siyasəti əleyhinə etiraz mitinqi keçirməsi vəziyyətin hansı kəskin böhran həddinə çatmasının əyani ifadəsidir.

Bunları nəzərə alaraq Assambleya Ermənistanda milli azlıqlarla əlaqədar vəziyyəti araşdırmaq üçün xüsusi məruzəçinin təyin edilməsini məqsədəuyğun hesab edir;

Assambleya problemi müvafiq komitələrdə müzakirə edilərək təxirəsalınmaz tədbirlər görülməsi üçün tövsiyələr hazırlanmasının gərəkliyini vurğulayır”.

Sənəd ingilis və fransız dillərində yayılmış və yaxın zamanlarda Parlament Assambleyasının Bürosunda müvafiq addımların atılması məqsədi ilə müzakirə ediləcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir