“Seçki proseslərində sönüklük müşahidə olunur. Seçki ilə bağlı, canlanma, dinamiklik yoxdur”. Bunu Modern.az saytına açıqlamasında Tərəqqi Partiyası və ATA blokunun sədri Çingiz Dəmiroğlu prezident seçkiləri kampaniyasını şərh edərkən deyib. O, ad çəkməsə də, bəzi namizədlərin Azərbaycanı dünyada gülünc vəziyyətə saldığını bildirib.
“Müştəbeh adamlar prezidentliyə namizədliyini verib. Bu, biabırçılıqdır”-deyən partiya rəhbəri onu da qeyd edib ki, seçkidə hansı namizədi dəstəkləmək barədə artıq onlar tərəfindən qərar da verilib.
“Bizim partiyanın namizədi olmadığından YAP-ın namizədi, dövlət başçısı İlham Əliyevi dəstəkləmək haqqında ATA blokunun qərarı verilib. 2008-ci il prezident seçkilərində də İlham Əliyevi dəstəkləmişdik”. Onun sözlərinə görə artıq ölkə rəhbəri İlham Əliyevin namizədliyinin təbliğatı istiqamətində ATA bloku iş aparır.
Ç. Dəmiroğlu onu da əlavə edib ki, İ. Əliyevi dəstəkləmək haqqında qərar yekdilliklə qəbul olunub.
Aqşin Kərimov