Modern.az

Misir Mərdanovun işdən çıxartdığı müəllimi Mikayıl Cabbarov məktəbə qaytardı

Misir Mərdanovun işdən çıxartdığı müəllimi Mikayıl Cabbarov məktəbə qaytardı

5 Oktyabr 2013, 14:01

Bakı şəhəri 250 nömrəli orta məktəbin ali dərəcəli riyaziyyat müəllimi Kərim İsmayılov Modern.az saytı vasitəsilə təhsil naziri Mikayıl Cabbarova minnətdarlıq məktubu ünvanlayıb. Buna səbəb eks-nazir Misir Mərdanovun dövründə işdən çıxarılan Kərim müəllimin Mikayıl Cabbarovun göstərişi ilə yenidən məktəbə qaytarılmasıdır.

Kərim İsmayılov deyir ki, 2010-cu il oktyabrın 5-də məktəbdə və təhsildə baş verən neqativ hallarla bağlı ANS telekanalının “Günəbaxan” verilişinə zəng etdiyinə görə 250 nömrəli məktəbin direktoru Nazim Adıgözəlov tərəfindən qanunsuz olaraq işdən çıxarılıb. Bütün instansiyalara şikayət etməyinə baxmayaraq, keçmiş təhsil naziri Misir Mərdanovun son 3 illik fəaliyyəti dövründə onun məsələsinə baxılmayıb.

Kərim İsmayılov deyir ki, respublikanın ali dərəcəli  riyaziyyat müəllimi, bir neçə kitab müəllifi, TQDK-nın 1992-ci ildən bu günə kimi eksperti olmasına baxmayaraq özü və ailəsi son 3 ildə maddi və mənəvi təzyiqlərə məruz qalıb.

Nəhayət bu il sentyabrın 18-də Kərim İsmayılov təhsil nazirinin müavini Ceyhun Bayramovun qəbulunda olaraq, şikayət ərizəsini təqdim edə bilib. Qısa müddət ərzində Kərim müəllimin işinə baxılıb, araşdırmadan sonra bu günlərdə onu işlə təmin ediblər.

Kərim İsmayılov Modern.az vasitəsilə təhsil naziri Mikayıl Cabbarova, onun müavini C.Bayramova dərin təşəkkür edib, təhsil sahəsində aparılan islahatlar yolunda nazirliyin bütün kollektivinə uğurlar arzulayıb.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?