Modern.az

Pakistan Senatı Azərbaycanın ərazi bütövlüyünü tanıdı

Pakistan Senatı Azərbaycanın ərazi bütövlüyünü tanıdı

Təhsil

6 Oktyabr 2013, 20:47

Oktyabrın 5-də Pakistan Senatının xarici əlaqələr, Kəşmir və Gilgit-Baltistan komitəsinin iclası keçirilib. Azərbaycanin Pakistandakı səfirliyindən AzərTAc-a bildiriblər ki, iclasda Pakistan Senatında təmsil olunan altı aparıcı hakim və müxalifət partiyaları, Pakistan Milli Assambleyasının aparıcı deputatı Tahirə Auranqzeyb, xarici işlər katibi Cəlil Abbas Cilani, xarici işlər nazirinin müavini Masrur Cuneci, Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Təşkilatı, Mərkəzi Asiya, İran və Türkiyə idarəsinin rəisi səfir Najm us Saqib iştirak ediblər.

Senatının xarici əlaqələr, Kəşmir və Gilgit-Baltistan komitəsinin sədri Haci Adil çıxış edərək Pakistan Senatı və Milli Assambleyasının nümayəndə heyətinin Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün bu ölkəyə səfər edəcəyini bildirib.

İclasda çıxış edən xarici işlər nazirinin müavini Masrur Cuneci Azərbaycanın tarixi, iqtisadiyyatı, xarici siyasəti, mədəniyyəti, dini dəyərləri, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi, Azərbaycan-Pakistan münasibətləri haqqında geniş məlumatlar verib.

İclasın sonunda Pakistan Senatının müdafiə və müdafiə sənayesi komitəsinin sədri Seyid Müşahid Hüseyn və ölkənin ana müxalifəti olan Pakistan Xalq Partiyasının təmsilçisi, senator Cahagir Bader qətnamə layihəsini təqdim ediblər. Sənəddə Pakistan xalqı və parlamenti adından Azərbaycan hökumətinə Kəşmir məsələsində tutduğu prinsipial mövqeyə görə minnətdarlıq hissi izhar olunmuşdur. Qətnamədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam dəstəklənmiş, Ermənistanın işğalçı mövqeyi qəti pislənilmiş, həmçinin BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinin tezliklə icra olunması tələbi irəli sürülüb.
Qətnamə yekdilliklə qəbul edilib.

Qeyd edək ki, xarici əlaqələr, Kəşmir və Gilgit-Baltistan komitəsinin iclasında qəbul edilmiş sənəd Senatın sədr müavini Sabir Bəluc, müdafiə və müdafiə sənayesi komitəsinin sədri Müşahid Hüseyn, qaydalar və imtiyazlar komitəsinin sədri Tahir Məşədi Hüseyn, ticarət komitəsinin sədri Hacı Qulam Əli, elm və kitabşünaslıq komitəsinin sədri Seyid Suqra İmam, həmçinin hakim PML-N partiyası da daxil olmaqla, Milli Assambleyada təmsil olunan aparıcı PPP, PML-Q, JUİ, ANP, MQM partiyaları tərəfindən də dəstəklənib.

Pakistan Senatında keçirilmiş iclas və qəbul olunmuş qətnamə haqqında ölkə mətbuatında geniş materiallar dərc olunub.


Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?