Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
İclasda çıxış edən dövlət başçısı ötən doqquz ayın çox uğurlu keçdiyini, iqtisadiyyatın 5,4 faiz artdığını bildirib.
“Qeyri-neft sektorumuz doqquz ayda 10,4 faiz artmışdır və hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricidir” deyən Prezident kənd təsərrüfatında da 5 faiz artım olduğunu vurğulayıb.
”İnflyasiya cəmi 2,3 faiz təşkil edir. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri isə 7,6 faiz artmışdır”.
İlham Əliyev bildirib ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 17,7 milyard dollar investisiya qoyulub ki, bundan da 10,5 milyardı daxili investisiyalardır, 7,2 milyard isə xarici investorların vəsaitidir.
“İl ərzində valyuta ehtiyatlarımız artmışdır və hazırda 49,4 milyard dollar təşkil edir. Bu da 9,4 milyon əhalisi olan ölkə üçün çox böyük göstəricidir. Adambaşına düşən valyuta ehtiyatlarına görə hesab edirəm ki, Azərbaycan dünya miqyasında ön sıralardadır və bu, düşünülmüş, ardıcıl siyasətin nəticəsidir...
…Bizdə xarici borc ümumi daxili məhsulun cəmi 7-8 faizini təşkil edir. Bəzi inkişaf etmiş ölkələrdə bu, 100 faizə yaxındır. Harada bu, 70 faizdir, hesab olunur ki, o ölkədə maliyyə vəziyyəti yaxşıdır. Azərbaycanda isə 7-8 faizdir. Bu, o deməkdir ki, biz bu gün və gələcək üçün elə güclü əsaslar yaradırıq ki, Azərbaycan heç vaxt - nə bu gün, nə 10 ildən, 20 ildən sonra borc problemi ilə rastlaşmasın. Borc problemi çox ciddi problemdir. Bu gün bəzi inkişaf etmiş ölkələrdə baş verən hadisələr məhz o əsassız borcun nəticəsidir.
Bizdə isə dövlət borcu cəmi 7-8 faizdir. Ümumiyyətlə, biz istənilən vaxt bu borcu tamamilə qaytara bilərik. Sadəcə olaraq bəzi iqtisadi və maliyyə məsələləri hələ ki, bunu diktə etmir. Ancaq biz istənilən vaxt xarici dövlət borcumuzu da sıfıra endirə bilərik”.
Prezidentin sözlərinə görə, bu ilin 9 ayında 90 minə yaxın yeni iş yeri açılıb. Bütövlükdə isə son 10 il ərzində 1 milyon 200 mindən çox yeni iş yeri açılıb ki, bu da işsizliyin azaldılmasına gətirib çıxarıb.
”Son məlumata görə Azərbaycanda işsizlik 5 faizdən aşağıdır. İşsizliklə bilavasitə bağlı olan yoxsulluq da aşağı düşür. İlin sonuna hələ iki ay vaxt qalır, ancaq indidən demək olar ki, Azərbaycanda bu ilin yekunlarına görə yoxsulluq 6 faizdən az olacaqdır. Yəni, biz son 10 il ərzində bu istiqamətdə də uğurlar əldə etmişik, yoxsulluğu ardıcıllıqla aşağı salmışıq. Əvvəlki illərdə qeyd etdiyim kimi, Azərbaycanda yoxsulluq kimi sosial problem olmamalıdır. Azərbaycanda insanlar daha da yaxşı yaşamalıdır. Bunu təmin etmək üçün sosial proqramlar əlbəttə ki, icra edilir”.
Prezident deyib ki, sosial məsələlərin arasında köçkünlərin problemləri xüsusi yer tutur. “Biz artıq neçə ildir ki, hər il ən azı 20 min köçkünü evlərlə, mənzillərlə təmin edirik. Yeni gözəl qəsəbələr, şəhərciklər tikilir və bu proses davam etdirilir. Növbəti illərdə də bu proqramlar Dövlət Neft Fondunun vəsaiti hesabına davam etdiriləcəkdir”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan ölkə başçısı təəssüflə qeyd edib ki, bu sahədə son aylar ərzində heç bir irəliləyiş yoxdur.
”Ancaq biz bu aylar və əvvəlki illər ərzində Azərbaycanı böyük dərəcədə gücləndirə bilmişik. Bu gün Ermənistan ilə Azərbaycan arasındakı fərq dərinləşir, böyüyür. Azərbaycan dinamik inkişaf edən güclü dövlətdir, Ermənistan isə ildən-ilə zəifləyən və yoxsullaşan bir ölkədir. Son hadisələr bir daha onu göstərdi ki, Ermənistan öz hesabına yaşaya bilmir, asılı vəziyyətdədir. Artıq Ermənistanın yüksək vəzifəli şəxsləri də etiraf etməyə məcbur olmuşlar ki, Ermənistan öz təhlükəsizliyini özü təmin edə bilmir. Bu, əslində iflasın etirafıdır. Bu, əslində məğlubiyyətin etirafıdır. Çünki əgər bir ölkə 22 ildir müstəqil ölkə kimi özünü təqdim etməyə çalışır, etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir, o ölkə müstəqil ölkə kimi yaşaya bilməz. Sadəcə olaraq, buna vaxt lazımdır və əminəm ki, regionda gedən proseslər, güclənən Azərbaycan, tamamilə dəyişən güclər nisbəti bizi məqsədimizə çatdıracaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Mənim şübhəm yoxdur ki, belə də olacaqdır. Sadəcə, biz siyasətimizi bundan sonra da davam etdirməliyik. Bizim siyasətimiz həm tarixi ədalətə söykənir, eyni zamanda beynəlxalq hüquq normaları da bizim mövqeyimizi müdafiə edir.
İqtisadi sahədə biz Ermənistandan ən azı 10 dəfə güclüyük. Hərbi sahədə də üstünlüyü əldə edə bilmişik. Sadəcə olaraq, geosiyasi vəziyyət və bölgədə gedən proseslər hələ ki, bizi sülh danışıqlarına sövq edir. Biz ümid edirik ki, bu danışıqların nəticəsi olacaqdır və Ermənistan çox ciddi təhlil apararaq, real vəziyyəti dərk edərək ona aid olmayan torpaqlardan çəkiləcək və beləliklə, qan tökülmədən Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.
Ancaq biz onu da bilirik ki, dünyada beynəlxalq hüquq normaları bir çox hallarda kobudcasına pozulur, onlara məhəl qoyulmur, ikili standartlar mövcuddur. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri saatlar içərisində icra edilir. Bizim məsələdə isə 20 ildən artıqdır ki, bu qətnamələr qəbul edilib, amma icra edilmir və heç kim də Ermənistanı məcbur etmir ki, o qətnamələr icra edilsin. Burada əlbəttə ki, biz yenə də ikili standartlarla üzləşirik”.
İlham Əliyev Ermənistanda əhalinin hər il 80-90 min nəfər azaldığını və belə getsə bu ölkədə 5-10 ildən sonra bir milyondan az əhalinin qalcağını qeyd edib.
“Bizdə isə demoqrafik vəziyyət çox müsbətdir. Əhali artır. Özü də əhalimizin əksəriyyəti gənclərdir, çox fəaldırlar. Beləliklə, münaqişənin həlli qaçılmazdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Dağlıq Qarabağda, Şuşada, Xankəndidə, işğal edilmiş digər torpaqlarda Azərbaycan bayrağı qaldırılacaqdır.
Əvvəlki çıxışlarımda qeyd etdiyim kimi, azərbaycanlılar nəinki işğal edilmiş torpaqlarda, bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bu, bizim suveren hüququmuzdur. Soydaşlarımız nəinki Dağlıq Qarabağdan, tarixi torpağımız olan İrəvandan, Zəngəzurdan, Göyçədən də zorla çıxarılıbdır, deportasiya edilibdir, 1940-1950-ci illərdə, ondan sonra 1980-ci illərdə. Bu, böyük ədalətsizlikdir. Biz o torpaqlara da qayıdacağıq, mütləq qayıdacağıq. Gənc nəsil o arzularla, o fikirlərlə yaşamalıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Ümumiyyətlə, xalqımıza məxsus olan bütün tarixi torpaqlarımızda azərbaycanlılar yaşayacaqlar, yaşamalıdırlar. Bunu etmək üçün biz indidən öz siyasətimizi aparırıq.
Ona görə regionda gedən proseslərdə güclənən Azərbaycan artıq beynəlxalq amilə çevrilibdir. Ümid edirəm ki, bu, Ermənistan rəhbərliyinə çox ciddi siqnal olacaqdır ki, münaqişənin tezliklə həlli, o cümlədən onların da xeyrinədir”.
İlham Əliyevin sözlərinə görə, Azərbaycan hazırda özünü tam şəkildə təmin edən ölkədir. Heç kimdən asılı, heç kimin qarşısında gözükölgəli deyil, öz yolu ilə, müstəqillik, inkişaf yolu ilə gedir və bundan sonra da gedəcək.
“Enerji siyasətində də biz öz yolumuzdan dönməmişik, öz siyasətimizi aparmışıq. Elə bir vəziyyət yaratmışıq ki, bu layihələr Azərbaycan xalqına bundan sonra ən azı 100 il xidmət edəcəkdir. Bax, bizim gələcəyə baxışlarımız bundan ibarətdir. Biz 30 il, 50 il, 100 il bundan qabağa baxmalıyıq, Azərbaycanın inkişafını proqnozlaşdırmalıyıq, bölgədə gedən prosesləri düzgün təhlil etməli və düzgün qərarlar qəbul etməliyik və edirik”.
Prezident ir neçə gün bundan əvvəl Sumqayıtda Kimya Sənaye Parkının təməlini qoyduğunu, ekoloji cəhətdən təmiz, yəni, bütün çirklənmədən təmizlənmiş təxminən 200 hektar ərazidə yeni sənaye şəhərciyinin yaradılacağını qedy edib.
“Minlərlə, on minlərlə iş yeri açılacaqdır. Yeni müəssisələr, təqribən qırxa yaxın böyük müəssisə yaradılacaqdır. On milyardlarla ölçülən investisiya qoyulacaqdır. Orada istehsal olunacaq məhsul da milyardlarla ölçüləcəkdir”.
Prezident bildirib ki, gələn il regionların inkişadına dair üçüncü dövlət proqramı qəbul edilməlidir.
”Bu proqram da dəqiq, konkret olmalıdır. Orada kəndbəkənd bütün məsələlər öz əksini tapmalıdır. Biz artıq yaxşı bilirik ki, hansı bölgədə, hansı rayonda, hansı kənddə hansı problem vardır”.
Prezident onu da vurğulayıb ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi olmalıdır.
”Bu sahədə deyə bilərəm ki, yaxşı nəticələrimiz vardır…
…Korrupsiya Azərbaycanda olmamalıdır. Bu sosial bəlanı biz aradan götürməliyik. Korrupsiya sosial-ədalət prinsiplərini pozur, cəmiyyətin uğurlu inkişafını əngəlləyir. Cəmiyyətin səyləri, dövlət siyasəti sayəsində biz korrupsiyaya qarşı daha da ciddi mübarizə aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə Azərbaycan bu göstəriciyə görə də dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır.
Korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün əsas şərt siyasi iradənin mövcudluğudur və siyasi iradə vardır. Bizim qəbul etdiyimiz qərarlar, qanunvericilikdə əldə edilmiş irəliləyiş, yeni qanunların qəbul edilməsi və elektron xidmətlərin inkişafı, sistem xarakterli tədbirlər artıq hesab edirəm ki, bu sahədə ciddi dönüşün yaranmasına gətirib çıxarmışdır. Korrupsiya indeksini təhlil edən beynəlxalq qurumlar da Azərbaycanda keçirilən sorğularda cəmiyyətdə bu məsələyə bağlı münasibəti öyrənərək yəqin etmişlər ki, korrupsiyaya qarşı mübarizə məsələlərində dövlətin siyasəti cəmiyyətdə dəstəklənir, təqdirlə qarşılanır. Bu, əminəm ki, gələcəkdə də belə olacaqdır. Çünki bizim siyasi iradəmiz çox güclüdür. Cəmiyyətdə də korrupsiyaya qarşı mübarizədə çox güclü meyllər vardır. Elə etməliyik ki, Azərbaycan qeyd etdiyim kimi, bu sahədə də qabaqcıl ölkələrin sırasında olsun”.
Modern.az