Azərbaycanda prezident seçkisinə az qalır. Demək olar ki, üzdə olan nazirlərin, deputatların, ictimai xadimlərin hansı namizədə səs verəcəyi, kimi dəstəklədiyi bəllidir. Hətta sabiq nazirlər (Fərhad Əliyev və Əli İnsanov) seçkidən kənarda qalmadıqlarını nümayiş etdirdilər.
Eks-nazir Fərhad Əliyev prezident İlham Əliyevi, Əli İnsanov isə Milli Şuranın namizədi Cəmil Həsənlini müdafiə etdiyini diqqətə çatdırdı. Bu yaxınlarda silah qaçaqmalçılığında ittiham olunan prezidentin sabiq işlər vəkili Akif Muradverdiyev də həbsxanadan hazırkı dövlət başçısını dəstəklədiyini bildirib.
Maraqlıdır, vaxtilə hakimiyyətin öndə gedən simalarından olan Gülər Əhmədova nə üçün indiyədək öz seçimini açıqlamayıb? ABU-nin keçmiş rektoru Elşad Abdullayevlə pul qalmaqallına görə həbsə atılan sabiq deputat Gülər Əhmədova niyə susur? Onun həbsdən öncə mətbuatda gedən istənilən yazıya necə həssas yanaşdığının, emosiyalarını cilovlaya bilmədiyinin şahidi olmuşuq. İndisə eks-deputat mətbuatda özü haqqında doğru-yanlış yazılara reaksiya vermir, vəkillərinin də mətbuatla təmasını əngəlləyir.
Gülər Əhmədovanın heç də sakit, ağzına su alıb oturan biri olmadığını onu yaxından-uzaqdan tanıyan hər kəs bilir. Amma indiki mənzərə tam fərqlidir. Seçkiyə cəmi iki gün qalsa da, o, hansı namizədi dəstəklədiyini açıqlamağa lüzum görməyib. Halbuki, Gülər Əhmədova bundan öncəki seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədinin təbliğat-təşviqat kampaniyasına qoşulan ən fəal deputatlardan idi. Bundan öncəki seçkilərdə yəqin xatırlayırsınız, Gülər Əhmədova rayonlarda seçicilərlə görüşüb, onları prezident İlham Əliyevə səs verməyə çağırırdı. İndi isə susur...
Vəkil Əfsər Talıbovla əlaqə saxlayaraq sabiq deputatın seçkilərlə bağlı mövqeyini öyrənməyə çalışdıq. O, bu barədə heç nə danışa bilməyəcəyini deyib, müvəkkilinin susmaq tapşırığına əməl etdi: “Bu barədə heç nə deyə bilmərəm”.
G.Əhmədovanın hakimiyyətdən, Yeni Azərbaycan Partiyasından incik düşdüyü bəllidir. Məlum qalmaqaldan sonra həmkarlarının onu müdafiə edəcəyini gözləyən xanım Əhmədova yanıldı. Keçmiş dostları, deputat həmkarları qanunun aliliyinə sığınaraq, Gülər Əhmədovanın əməlinə görə cavab vermək məcburiyyətində olduğunu bildirirdilər. Görünür bütün bunlardan sonra eks-deputat öz hayına qalıb, nəinki seçkilərin.
Gülər Əhmədovanın yeganə arzusu yəqin ki, ən qısa zamandan həbsdən çıxmaqdır.
Eks-deputat, YAP-ın sabiq üzvü Gülər Əhmədova bu il fevralın 13-də həbs edilib. Baş Prokurorluğun məlumatına görə, istintaqla müəyyən edilib ki, o, keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə deputat seçilməsinə köməklik üçün yalan vədlər verib, 1 milyon ABŞ dollarını ələ keçirməklə dələduzluq edib. Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 307.2 (qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.
Bu yaxınlarda onun barəsində açılan cinayət işi məhkəməyə göndərilib. Sentyabrın 30-da onun ilk məhkəmə prosesinin keçirilməsi planlaşdırılsa da proses seçkidən sonraya, oktyabrın 21-ə təyin edilib.
Anar RÜSTƏMOV