Modern.az

Daxili İşlər Nazirliyi: "Qız qaçırma azalıb"

Daxili İşlər Nazirliyi: "Qız qaçırma azalıb"

8 Oktyabr 2013, 10:01

Son dövrlərə kimi qız qaçırma halları Azərbaycanın bəzi bölgələrində adət halını almışdı. Elə indi də bəzi rayonlarımızda elçiliklə qız almaq əvəzinə, qaçırma yoluna üstünlük verilir. Əksər hallarda belə hallar ya evlənmək istəyən gənclərin ailəsi izdivaca razı olmayanda baş verir, ya da qızın özü oğlana ərə getmək istəməyəndə onu zorla qaçırırlar. 
Bir sözlə, bu ənənə indi də qalmaqdadır. 

Azərbaycan qanunvericiliyinə görə, qız qaçırma adam oğurluğu hesab edilir. Bir neçə ildir ki, Cinayət Məcəlləsində adam oğurluğu ilə bağlı maddə bəzi oğlanların cəsarətini buxovlayıb. Bununla belə, bir sıra hallarda 5 ildən 12 ilə qədər həbs cəzası da, qız qaçırma hallarının qarşını tam almır. Elə hallar olur ki, oğlan tərəf “adətdəndir” deyib, qızı “nikah kəndiri” ilə sarıyır. 

Bəzən belə hallarda qızı qaçırılan ailə milli mentaliteti əsas tutub hüquq-mühafizə orqanlarına şikayət etmir. Sadəcə, qızı qaçırılan ata-ana bir neçə gün bu olaya sərt münasibət göstərər, el ağsaqqallarının məsələyə müdaxiləsindən sonra ara sakitləşər. Amma elə bölgələr də var ki, orada qız qaçırılmasına sərt münasibət var və belə hadisə hətta arada düşmənçiliyə, adam öldürülməsinə səbəb ola bilir.

Bir daha xatırladaq, Cinayət Məcəlləsinin 144-cü maddəsinin 1-ci bəndinə əsasən, evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir. 144.2-ci maddə isə əgər olay tamah məqsədilə törədilibsə, 8 ildən 12 ilədək cəza nəzərdə tutur. 144.3-cü maddəyə görə, olay zərərçəkənin ölümü ilə nəticələndiyi halda, əməli törədən şəxs 10 ildən 15 ilə qədər müddətə azadlıqdan məhrum olunur.

Qanun dili ilə desək, il ərzində adam oğurlamaqla ailə qurmaq istəyənlər az olmur. Hətta paytaxtda da belə hallara rast gəlinir. Ölkə ərazisində 2010-cu ildə 7 belə fakt baş vermişdisə, 2011-ci ildə bu rəqəm 16-ya kimi artıb. 2012-ci ildə evlənmək məqsədilə ilə cəmi 28 dəfə qız qaçırılması halı baş verib. Bu hadisələr zamanı  18 yaşına  çatmayan 10 nəfər qız da evlənmək məqsədilə qaçırılıb. Ötən ildə 18 yaşından yuxarı olan qızların qaçırılması ilə bağlı 18 hadisə baş verib.

Statistika onu da göstərir ki, qız qaçırmaya əsasən cənub-qərb bölgəsinin gəncləri daha çox üstünlük verirlər.

Daxili İşlər Nazirliyindən Modern.az saytına verilən məlumata görə, 2013-cü ilin birinci yarımilliyində adam oğurluqlarının sayı 20% azalıb. Nazirlikdən onu da bildiriblər ki, qız qaçırma əvvəllər adət-ənənə hesab olunurdusa, indi cinayət sayılır. Ötən illərlə müqayisədə bu ilin altı ayında qız qaçırma ilə bağlı 2 fakt azalma olub.  

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?