Bu gündən etibarən Daxili İşlər Nazirliyinin (DİN) qüvvələri gücləndirilmiş iş rejiminə keçib. Modern.az-ın məlumatına görə, seçkiyə bir gün qalmış paytaxt Bakı da daxil olmaqla ölkənin bütün rayon və şəhərlərində polis qüvvələri səfərbər edilib.
Seçkiöncəsi paytaxtda asayişin qorunması üçün post-patrul xidməti naryadlarının sayı artırılıb. Hazırda paytaxt küçələrində, insanların aktiv olduğu yerlərdə polis əməkdaşlarına addımbaşı rast gəlmək mümkündür. DİN əməkdaşları seçkilərə görə, oktyabrın 13-dək gücləndirilmiş rejimdə çalışacaq.
Daxili İşlər Nazirliyi (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədovun bildirdiyinə görə, polis əməkdaşları öz xidməti vəzifələrini seçki məntəqəsindən ən azı 100 metr aralı məsafədə yerinə yetirəcəklər. Seçkiyə aid materialların (protokolların, bülletenlərin) mühafizəsi təmin ediləcək. Çünki Seçki Məcəlləsinə əsasən, səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, polisin səsvermə zamanı seçki məntəqəsində olması qadağan edilib.
"Mümkün terror, təxribat hallarının qarşısının alınmasına hazırlıq məqsədilə su, hava, dəmiryol nəqliyyatında, avtovağzallarda, limanlarda, diplomatik nümayəndəliklərdə, Bakı Metropolitenində, böyük su tutarlarında, maddi sərvətlər, qiymətli əşyalar və pul vəsaitləri saxlanılan, habelə həyat əhəmiyyətli obyektlərdə mühafizə-rejim tədbirləri gücləndirilib"-deyə Cavanşir Məmmədov vurğulayıb.
Anar RÜSTƏMOV