Modern.az

Ukraynada azərbaycanlı gənclərin həmrəylik günü elan olunub

Ukraynada azərbaycanlı gənclərin həmrəylik günü elan olunub

Qarabağ

27 Aprel 2010, 15:04

Ukrayna Azərbaycanlıları Konqresinin  Dnepropetrovsk  vilayət təşkilatının təşəbbüsü ilə bu şəhərdə Ukraynada yaşayan azərbaycanlı gənclərin I forumu keçirilib. Bu barədə Modern.az-a  Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Ukraynanın 27 vilayət və şəhərindən 700-dən çox gəncin qatıldığı forumda Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov, Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Ruslan Quliyev, Dnepropetrovsk şəhərinin meri İvan Kuliçenko, Dnepropetrovsk vilayət Radasının deputatları və digər rəsmi şəxslər çıxış edərək Ukraynada böyüyüb boya-başa çatan azərbaycanlı gənclərin I forumunun Dnepropetrovsk şəhərində keçirilməsini tarixi hadisə adlandırıblar.

Forumda UAK-ın Dnepropetrovsk Vilayət Təşkilatının sədri Qüdrət Hacıyev, sədr müavinləri Nadir Zeynalzadə, Eldar Tağıyev, Qadınlar Cəmiyyətinin sədri Şahnaz Əliyeva və digər çıxış edərək Azərbaycanın zəngin tarixinin və mədəniyyətinin Ukraynada təbliğində, o cümlədən Azərbaycan həqiqətlərinin bu ölkənin ictimaiyyətinə çatdırılmasında, ermənilərin azərbaycanlılara qarşı yürütdüyü işğalçılıq və soyqırım siyasətinə qarşı birgə mübarizənin aparılmasında Ukraynada yaşayan gənclərin üzərinə düşən vəzifələrdən danışıblar.

Forumda gənclər adından çıxış edən Kiyev şəhərindəki Heydər Əliyev adına Sosial Elmlər və Beynəlxalq Əlaqələr Institutunun məzunu, Ukrayna MEA-nın aspirantı Anar Tahirov ermənilərin ideoloji təxribatlarına cavab vermək üçün təklif edib ki, hər il aprelin 24-ü Ukraynada yaşayan Azərbaycanlı gənclərin həmrəylik günü elan olunsun.

Ukraynada yaşayan Azərbaycanlı gənclərin vahid mərkəz ətrafında birləşməsi üçün gənclərin əlaqələndirmə şurasının yardılmasının vacib amil olduğu bildirilib. Forumun sonunda Ukraynada yaşayan azərbaycanlı gənclərin əlaqələndirmə şurası yaradılıb və Anar Tahirov Ukraynadakı Azərbaycanlı Gənclərin Əlaqələndirmə Şurasının sədri seçilib. Eyni zamanda aprelin 24-nün Ukraynada yaşayan azərbaycanlı gənclərin həmrəylik günü kimi qeyd olunması ilə bağlı təklif də dəstəklənib. Sonda forum iştirakçıları adından Azərbaycan və Ukrayna prezidentlərinə müraciət qəbul  edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır