"Çovqan" oyununun kimə aid olması ilə bağlı məsələyə münasibət bildirən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu suallarımıza cavab verərkən bildirdi ki, atların növ kimi yarandığı coğrafi ərazi Oxron-Selenqa və Amu-Dərya–Sır-Dərya hövzələridi.
”Tarixən Avropada aslan, Afrikada pələng, Amerikada fil, Rusiyada kenquru olmadığı kimi, Mərkəzi Asiyadan kənarda da atlar yox idi. Bu nəcib heyvanları ilk dəfə türklər əhliləşdiriblər. Atlarla insanın ilkin birgəyaşayış tarixi artıq arxeoloji qazıntılar zamanı dəqiqləşdirilibdir. Türkmənistanın paytaxtı Aşqabad yaxınlağında yerləşən Anav, yaxud Anau ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş mədəniyyət nümunələrinin b.e.ə. 4000-ci -1000-ci illər arasında yaşamış türklərə aid olması ortaya çıxıb. Arxeoloji tapıntılardan məlum olub ki, bu insanlar Günəşdə qurudulmuş kərpic evlərdə yaşayırmış, əsas etibarilə at, eyni zamanda qoyun və inək kimi heyvanlar saxlaylblar. Bundan daha qədimdə insanların at bəsləmələri haqqında heç bir məlumat, heç bir tarixi mənbə yoxdur. Atların klassik Şərqə və eləcə də bütün dünyaya yayılması məhz qədim türklərlə bağlı olub. Onlar atı qida vasitələrindən başqa həm də minik vasitəsi kimi kəşf etdikdən sonra böyük dövlətlər quraraq fatehlik yarışına giriblər”.
H.Babaoğlunun sözlərinə görə, perslərin (farslar) isə atla tanış olmaları ən azı 2000 il bundan sonra baş verib.
”Qazaxıstanda bir kurqanda aparılan qazıntılar zamanı tapılan at sümüklərinin 5500 yaşı məlum olub. Ən maraqlısı isə odur ki, burada sümüklərlə yanaşı, daşlaşmış qımız qabları da aşkar edilib. Bu o deməkdir ki, e.ə. 3500-cü illərdə artıq türklər atı nəinki əhliləşdirmiş, hətta onun südünü emal edərək müxtəlif içki və ərzaq əldə etməyi öyrənmişlər. Antik yunan müəlliifi Hippokrat (b.e.ə. 460-370) isə qeyd edir ki, türklər yaxşı at minər, ox atar, ət yeyər, qısraq südü içər bu süddən ləzzətli pendir düzəldirdilər. Əbu-Əli İbn-Sina isə tibbə aid əsərlərində qımızı həyat iksiri adlandırır. İbn-Ruzbixan isə yazırdı ki, qımız öz dadı və ətri ilə cənnət çaylarının suyuna bənzəyir. II Sarqon bildirmişdi ki, du və uzu ayı (iyun-iyul) qoşun yığmaq və düşərgə salmaq üçün buyrulub. Onun türklər üzərinə yürüşündən sonra bəlli olur ki, məqsədləri türklərdən at qəsb etmək olub. Eləcə də II Assurnasipanal Mannalılardan vergi əvəzinə at tələb edirdi. Həmin dövrdə, yəni e.ə. VIII əsrdə perslər atlarla yeni-yeni tanış olurdular. Bütün bunları yaxşı bilən Ömər Xəyyam isə demişdi ki, - heç kim atları tanımaqda, onların hünərini və ayıbını bilməkdə türklərə çata bilməz. Atları türklərin olduğu üçün qədim zamanlarda dünyanın hökmdarı da türklər idi. Əgər perslər bizə inanmırlarsa getsinlər Ömər Xəyyamı yaxşı oxusunlar.
Mahmud Kaşğari isə "Çovqan"ın türk milli oyunu olduğuna möhür vurub. "Ol meninq birle topık kapıstı, ol çögen egtürdi". Yəni o mənimlə top oynadı, çovqan əydirdi. Göründüyü kimi, akademik tarix də, faktlar və dastanlar da, atların da, “Çovqan”ın da, Ciritin də, "Gökbörü"nün də bizə aid olduğunu sübut edir. Tarixən bizdən at oğurlayanlar indi də atla bağlı mədəniyyətimizi oğurlamaq istəyirlər. Buna yol vermək olmaz”.
Modern.az