Bu gün səhər saat 8.00-dan etibarən Azərbaycan Respublikasında növbəti prezident seçkisinin səsverməsi başlayıb. Budəfəki seçkidə 10 namizəd mübarizə aparır.
Modern.az saytı MSK-ya istinadən bildirir ki, seçkidə 5 milyon 145 minə yaxın seçici 5 min 492 məntəqədə səs verəcək. Onlardan 5 min 273-ü daimi, qalan 219-u isə səsverməyə 5 gün qalmış yaradılmış müvəqqəti məntəqələrdir. Müvəqqəti məntəqələr Azərbaycanın xarici dövlətlərdəki diplomatik nümayəndəliklərində, neft platformalarında, sanatoriyalarda, hərbi hissələrdə, islah əmək müəssisələrində, eləcə də Azərbaycan bayrağı altında üzən gəmilərdə yaradılıb.
MSK-nın məlumatına görə, seçkini 1400-ə yaxın beynəlxalq müşahidəçi izləyir. Onların 100-ə qədəri xarici ölkələrin KİV nümayəndələridir. Eyni zamanda, seçki prosesini 52 minə yaxın yerli müşahidəçi izləyir ki, onların da 6 mindən çoxu MSK-da, qalan 42 mini dairə seçki komissiyalarında akkreditasiyadan keçib.
Səsvermə oktyabrın 9-da saat 8.00-dan 19.00-a kimi davam edəcək.
Seçki bülletenlərində prezidentliyə namizədlərin adları soyadlarının əlifba sırasına uyğun olaraq aşağıdakı kimi sıralanıb:
1. Ağazadə İqbal
2. Əliyev İlham
3. Əlizadə Araz
4. Hacıyev Hafiz
5. Həsənquliyev Qüdrət
6. Həsənli Cəmil
7.İsmayılov İlyas
8. Quliyev Fərəc
9. Məmmədov Sərdar
10. Oruc Zahid.
Modern.az