Modern.az

Sovet dövründə Azərbaycanda İslam dini: loyallar və radikallar

Sovet dövründə Azərbaycanda İslam dini: loyallar və radikallar

Təhsil

9 Oktyabr 2013, 09:52

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru


Sovetlər Birliyi dövründə Azərbaycanda əsas milli ideoloji problemlərindən biri də dinlə, yəni İslam dini ilə bağlı olmuşdur. Bolşeviklərin dinə tamamilə fərqli münasibəti var idi ki, bu özünü 70 illik Sovet Rusiyası işğalı dövründə bu və ya digər formada büruzə vermişdi. Doğrudur, bolşeviklər digər sahələrdə olduğu kimi, din məsələsində də ilk dövrlərdə loyallıq göstərmişdi. Ancaq bu proses çox uzun çəkməmiş və rus bolşevizmi islama qarşı qəti hücuma keçmişdi.

1920-1940-cu illərdə həyata keçirilən «mədəni inqilab»ın məqsədi də ilk növbədə, milli və dini dəyərləri məhv etmək, əvəzində insanların şüurlarına kommunist ideologiyasına uyğun olaraq, müstəmləkəçiliyi-«beynəlmiləlçiliy»i təbliğ etmək idi. Bu baxımdan 1920-1940-cı illərdə K.Marks, F.Engels, V.İ.Leninin əsərləri ilə yanaşı S.Ağamalıoğlu, M.Quliyev, M.S.Ordubadi və başqalarının İslam dininə, «panislamizm» ideologiyasına qarşı çevrilmiş marksist-leninçi kitabçaları çap edilmişdi. Bütün bunlardan başqa, «1924-cü ildə Bakıda təşkil olunan, öz ətrafında qabaqcıl fəhlələri, sonralar isə kənd fəallarını da toplayan Allahsızlar Cəmiyyəti din əleyhinə aparılan təbliğat sahəsində böyük iş görürdü».  «Allahsızlar cəmiyyəti»nin işini sürətləndirmək üçün, AK(b)P 1929-cu ilin aprelində keçirilən plenumu dinə qarşı mübarizə, çadranın və papağın atılması ilə bağlı məsələni də müzakirəyə çıxarmışdı. Bir qədər sonra «Allahsızlar cəmiyyəti» dinə qarşı mübarizəni gücləndirmək adı altında «Mübariz Allahsızlar İttiifaqı»na çevrildi. İslama qarşı bolşevizmin tutduğu radikal siyasət onunla nəticələndi ki, 1930-cu illərin sonlarında Azərbaycanda cəmi 20 məscid formal fəaliyyət göstərirdi.



Ümuimilikdə SSRİ dövründə Azərbaycanda dinə ikili baxış: 1)  loyallar-mötədilçilər (N.Nərimanov, S.M.Əfəndiyev və b.); 2) radikallar (S.Ağamalıoğlu, R.Axundov, Ə.Qarayev və b.) olmuşdur.

Sovet dövründə din probleminin könüllülük və şüurluluq əsasında həll edilməsinin tərəfdarı olan Azərbaycanın tanınmış dövlət xadimi, mütəfəkkiri Nəriman Nərimanov üzünü radikallıq tərəfdarı olan bolşeviklərə tutaraq deyirdi ki, kütləni savadlandırmadan bu problemi həll etmək mümkün deyildir: «Nə qədər ki, bu dindar kütlənin inkişaf səviyyəsini yüksəltmək yolu ilə onun bu matəm günlərinə mömin olan, lakin özünə işgəncələrdə iştirak etməyən hər hansı ziyalı müsəlman kimi yanaşmalarına nail olmamısınız, elə də olacaqdır. Min illərdir ki, bədəbəxt,  avam müsəlman kütləsi (şiə məzhəbli) Məhəmmədin ən sevimli nəvəsi imam Hüseynin işgəncəli ölümü günü matəm yürüşü keçirir və ən dəhşətli şəraitdə düşmənlərin əlinə keçən Hüseyn və onun ailəsinə məhəbbət və rəğbət əlaməti olaraq əsil dindar avam ünsürlər bu və ya digər yolla bu hadisələrə öz münasibətini bildirirlər. Bu,  öz gücsüzlüyünü bilərək Məhəmmədin qanunlarını pozan, hamını və hər şeyi qızılla ələ amaq istəyən Yezidə qarşı mərdi-mərdanə çıxış etmiş adamın həyatında bütöv bir faciədir».

Bu fikirlərinə görə, onu islamın müdafiəçisi kimi qələmə verənlərə cavab olaraq Nərimanov qeyd edirdi ki, ilk dəfə türk dilində «Bahadır və Sona» romanında 20 il bundan əvvəl kilsənin dövlətdən ayrılması barədə yazmış, millətlərin məhv edilməsini və erməni Sonanın türk Bahadırla bir canda qovuşmasını təbliğ etmişdir. Bununla da, Nərimanov demək istəmişdir ki, «dinə qarşı materialist kimi çıxış etmək bir şeydir, bu mərasimləri icra etməyi qadağan etmək məqsədilə silahlı qüvvə tətbiq etmək başqa şey». Deməli, N.Nərimanov din məsələsinin birdən-birə deyil, dinc yolla və təkamüllə həll olunmasının tərəfdarı olmuşdu.

Həmin dövrdə dinə münasibətdə Sultan Məcid Əfəndiyev də N.Nərimanov kimi, zorakılığın, radikallığın əleyhinə olmuş və mötədil mövqe tutmuşdu: «Bizdə dinçilik və mövhumat ilə mübarizə işləri çox zaman mədəni-maarif yolu ilə deyil, bəlkə inzibati yollar ilə aparlımışdır. Din əleyhinə mübarizə işlərini düşünülmüş və sağlam yollar ilə aparmaq əvəzinə, bu iş məscidləri almaqdan ibarət olmuşdur». O hesab edirdi ki, mədəni gerilik dini fanatizmə qarşı mübarizədə bir əngəldir. Ona görə də, dinə qarşı mübarizəni dünyəvi elmləri öyrənmək, mədəni səviyyəni yüksəltmək yolu ilə aparmaq lazımdır: «Dünyanın yaranması, biologiya, təbiət elmləri və başqa sahələr haqqında biliklərin yayılması məgər həmin din əleyhinə mübarizənin ən yaxşı vasitəsi deyilmi? Səhərdən axşama kimi avam auditoriya qarşısında «allah yoxdur» deyib qışqırmaq, doğrudan da, necə gülünc, necə də məqsədsiz bir işdir. Əgər biz fanatikin başında kök atmış dini xurafatı çıxarmaq istəyiriksə, onun əvəzinə isə başqa bir şey - məhz dəqiq elmləri təlqin etmək lazımdır».

Bu dövrdə N.Nərimanov, S.M.Əfəndiyev və başqalarından fərqli olaraq S.Ağamalıoğlu, R.Axundov və başqaları isə İslama münasibətdə radikal mövqeyi ilə seçilmişlər. Hətta onlardan bəziləri Quranın əsaslarını, Məhəmməd peyğəmbərin (s) dünyagörüşünü, eləcə də bu dinə aid ayin və mərasimlərin əsil mahiyyətini öyrənmədən kor-koranə şəkildə İslam dininə qarşı çıxmışlar. Məhərrəmliyi İslamın vəhşi ayini kimi qələmə verən bəzi yerli bolşeviklər başa düşmür, yaxud da düşmək istəmirdilər ki, bu və ya digər mərasimlə bağlı yaranmış mövhumatın, xurafatın İslama və onun Peyğəmbərinə (s) heç bir aidiyyatı yoxdur.

Məhz İslamıın əsil mahiyyətini dərk etmədikləri, eləcə də marksist-leninçi təlimə sadiq olduqlarını sübut etmək üçün 1923-cü ildə «Materialistlər klubu»nda bir araya gələn S.Ağamalıoğlu, R.Axundov, Ə.Qarayev kimi bolşeviklər namaz qılmaq, həccə getmək və İslamın digər ayinlərini zəhmətkeş xalqın fiziki və mənəvi inkişafına yabançı olduğunu iddia edirdilər. Onlar xalq arasında elmi kommunizmi, elmi ateizmi təbliğ edərək yalnız dini mövhumata və xurafata deyil, bütövlükdə islama qarşı çıxırdılar. Məsələn, din probleminə radikal marksist-leninçi mövqedən yanaşan Səmədağa Ağamalıoğlu M.F.Axundzadənin «Kəmalüddövlə məktubları»na yazdığı ön sözdə bildirirdi ki, bütün dinlər, o cümlədən İslam ruhanilərin iddia etdikləri kimi, nə insan təbiətinə xas olan fitri xüsusiyyət, nə də Allahın insanlara bəxş etdiyi bir hadisədir. Dünyanın ikiliyi, yəni bu dünya və o dünya (axirət) ideyasını rədd edən Ağamalıoğlunun fikrincə, din üstə ölənlərin cənnətə getmələrinə heç bir ümid yoxdur və cənnətin özü də yoxdur. Bu mənada, o hesab edirdi ki, ictimai-tarixi hadisə olan İslam dini Allahın göndərdiyi din kimi deyil, ərəb əyanlarının və tacirlər təbəqəsinin sinfi ideologiyası kimi yaranmışdır.

Başqa bir yerli marksist-leninçi  Ruhulla Axundov da hesab edirdi ki, ideoloji sahədə zəif cəhətlərdən biri din əleyhinə təbliğatın yaxşı aparılmaması və İslamın tam ifşa olunmamasıdır. Ona görə, bu cəhətdən din əleyhinə Azərbaycanda fəlsəfə sahəsində isə daha çox iş görülə bilər:  «Fəlsəfə sahəsində işi din əleyhinə təşviqatla əlaqələndirmək lazımdır. Unutmayın ki, Azərbaycan elə bir ölkədir ki, vaxtilə onun adamları islam dininə etiqad edirdilər, indi də burada bir para belə adamlar vardır… Məgər bizim üçün eyib deyilmi ki, bu vaxtadək biz islam dinini ifşa etmək üçün heç bir iş görməmişik və ümumiyyətlə dünya ədəbiyyatında bu məsələyə dair heç bir şey görünmür». R.Axundova görə, Azərbaycan ədəbiyyatında isə islam dini barəsində yalnız bir neçə başdansovdu yazı vardır ki, bununla kifayətlənmək olmaz: «Odur ki, bizim ən birinci vəzifəmiz nəzəri cəbhədə amansız mübarizə aparmaqdan ibarətdir. Bu vəzifə xüsusilə Azərbaycan kommunistlərinin üzərinə düşür. Onlar islam dinini lap tarixi rüşeymindən, lap təməlindən ifşa etməlidirlər, misli görünməmiş bir şəkildə ifşa etməlidirlər». 1920-1940-cu illərdə fəlsəfədə idealizm, o cümlədən din məsələsinə marksizm fəlsəfəsi, dialektik materializm mövqeyindən yanaşan ziyalılar C.Nağıyev, M.Hüseynov, Ə.Kazımov, M.Quliyev, Q.Musabəyov və başqaları da S.Ağamalıoğlu, R.Axundov kimi, idealizmin tərkib hissəsi kimi gördükləri İslamı tənqid etmişlər.

Bu dövrdə sırf marksizm-leninzm fəlsəfəsi ilə məşğul olan partiya və dövlət xadimləri ilə yanaşı, bir sıra tanınmış yazıçılar, şairlər və digər Azərbaycan mütəfəkkirləri də İslama münasibətdə radikallığı ilə fərqlənmişlər. Məsələn, hələ, Sovet Rusiyasının işğalından öncə dinə münasibətdə müəyyən qədər radikallığı ilə seçilən Azərbaycan mütəfəkkiri Cəlil Məm­məd­quluzadə SSRİ dönəmində eyni müddəalarını bu dəfə, açıq şəkildə müdafiə etmişdi. C.Məmmədquluzadə yazılarında etiraf edirdi ki, «Molla Nəsrəddin» ilk gündən qarşısına əsas məqsəd kimi yalnız dini mövhumatın, dini xurafatın deyil, bütövlükdə «din, məzhəb, şəriət, etiqad, iman, cənnət, cəhənnəm, müctəhid, molla, keşiş, xaxam, mürid, habelə bütün bu qism sözlər gərək insanlar arasından götürülüb lüğətlərdən, kitablardan, yazılardan tamamilə silinib tullansınlar! Məscidlər, kəlisalar, sinaqoqlar, təkyələr, ibadətgahlar, pirlər, ziyarətgahlar, məhfillər, əza yerləri tamamilə sökülüb, dağıdılıb maarif və mədəniyyət evlərinə döndərilsinlər». Bu dövrdə C.Məmməd­quluzadənin M.F.Axundzadəyə həsr etdiyi məqaləsi də göstərir ki, o bütövlükdə dinləri, o cümlədən islamı və Allahı inkar etmişdi: «…Bizim məqsədimiz budur ki, biz allahın dərgahından qovulanlar, bari Mirzə Fətəlinin  allahsızlığı ilə təsəlli tapaq və bəlkə də, hələ buna iftixar edək».

O, kommunistlərin Allahın varlığını inkar edən ilk qüvvə kimi göstərilməsi ilə də razılaşmırdı. C.Məmmədquluzadə yazırdı ki, hələ kommunistləridən çox qabaq zamanlarda Allahın varlığını dananlar var imiş: «Çoxları ola bilər ki, bu sözlərə inanmaya, amma əgər tarix kitablarını bir yüngülcə varaqlasaq, baxıb görəcəyik ki, Allahın varlığını inkar eyləmək üstə çox alimlər və filosoflar edam cəzası ilə cəzalanıblar. Doğrudur, öz fənni kəşfiyyatı ilə ilahiyyata ən güclü zərbə yetirən Darvin öz əcəli ilə bu dünyadan getdi, amma o qədər ki, onun və onun müridlərinin başına müsibətlər gəlibdir, - onu burada yazmaq ilə qurtarmaq olmaz».

Sovet ideoloqlarının İslama qarşı mübarizədə əslində məqsədi Azərbaycan türklərini elm-mərifət sahibi etmək deyil, milli-dini dəyərlərindən və kökündən uzaqlaşdırmaq idi. Ancaq Mərkəzin əsil niyyətini anlamayan bəzi mütəfəkkirlərimiz mütərrəqi elmə yiyələnmək adı altında yalnız dini mövhumata və din xurafata deyil, bütövlükdə islama, şəriətə qarşı hücuma keçirdilər. Məslən, M.S.Ordubadi şeirlərinin birində Azərbaycan insanının zorla dinsizləşdirilməsini bu cür başa düşürdü: «Artdıqca elmü ürfan, dindən çıxır müsəlman». Ordubadi bir az da qabağa gedərək yazırdı ki, dinsizlik özü bir din, milliyyətsizlik isə bir sinfi məsələdir. M.S.Ordubadinin çağdaşlarından Hacı Kərim Sanılı da cəmiyyətin geriliynə səbəb kimi dini və məzhəbi göstərmişdir.

Beləliklə, SSRİ dövründə fəlsəfə dinə qarşı qoyulmuşdu. Guya, din idealizm, fəlsəfə isə materializm deməkdir. Başqa sözlə, fəlsəfəni dinsizlik kimi təbliğ edən sovet ideoloqları iddia edirdilər ki, fəlsəfə və din, elm və din bir araya sığışa bilməz. Bizə elə gəlir ki, bununla da sovet dövründə mənfi bir tendensiyanın, yəni fəlsəfə ilə məşğul olanların yalnız ateist, allahsız olmasının təməl daşları qoyuldu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi