Avropa İttifaqı pandemiyadan sağalmağa kömək etmək üçün Polşaya əvvəllər bloklanmış 6,3 milyard avro məbləğində ödənişin ayrılmasını gələn həftənin əvvəlində elan edə bilər.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazıb.
Vəsaitlərin ayrılması Avropa Komissiyası tərəfindən Polşanın məhkəmə sistemində əvvəlki hökumət tərəfindən aparılan islahatlarla bağlı şikayətlərə görə bloklanıb.
Bu addım Avropa İttifaqı ilə Polşanın yeni hökuməti arasında münasibətlərin yaxşılaşmasına kömək edəcək. Agentlik mənbələrinin məlumatına görə, hələlik yekun qərar verilməyib. Aİ üzv dövlətlərinin də təsdiqi tələb olunacaq, yəni faktiki ödənişlər daha sonra baş verə bilər.
2023-cü ilin oktyabrında Polşa parlamentinin aşağı və yuxarı palatalarına keçirilən seçkilərdən sonra Vətəndaş Koalisiyasından Donald Tusk ölkənin yeni baş naziri seçilib. Tusk and içdikdən sonra Avropa Komissiyası ilə danışıqlar aparmaq üçün Brüsselə gedib. Orada əvvəlki hakimiyyətin - mühafizəkar Hüquq və Ədalət partiyasının kursuna yenidən baxacağına söz verib. Bundan sonra Avropa Komissiyası Polşaya olan borcun bir hissəsinin - 5 milyard avronun blokdan çıxarılmasına razılaşıb.