Modern.az

Namizədlərin ilk TƏƏSSÜRATLARI: Cəmil Həsənli narazıdı, İqbal Ağazadə gözləyir

Namizədlərin ilk TƏƏSSÜRATLARI: Cəmil Həsənli narazıdı, İqbal Ağazadə gözləyir

9 Oktyabr 2013, 12:14

Bu gün ölkə ərazisində prezident seçkiləri keçirilir. Modern.az saytı prezidentliyə namizədlərin  bugünkü seçkilərlə bağlı ilkin təəssüratlarını öyrənib.                                                                  

Milli Şura üzvü, Cəmil Həsənlinin təmsilçisi Gülağa Aslanlı seçkilərin keçirilməsindən narazılığını dilə gətirdi. “Azərbaycanda seçki keçirilmir. Bu  seçki deyil. Başdan-ayağa  korrupsiya metodu geniş tətbiq olunub. Məntəqələrdə tələbələri bir neçə dəfə səsverməyə məcbur edirlər. Rayonlarda seçiciləri icra nümayəndələri həyata keçirir. Seçki komissiyasının üzvləri  saxtakarlıq nəticəsində 3-4 nəfərin yerinə bülleten yazıb atır. Təəssüf ki, beynəlxalq   nəzarətçilər, ATƏT müşahidəçiləri birbaşa bu işlərdə fəal iştirak edirlər”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu  seçici  passivliyindən şikayətləndi. “Aldığım məlumata görə, seçicilər arasında çox passivlik var. Saat 12-yə seçicilərin ən aktiv olan vaxtıdır. Bu baxımdan deyə bilərəm ki, seçicilərin aktivliyi olduqca aşağı səviyyədədir. Bizim ilkin müşahidələrimiz bunu göstərir”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXC) Partiyasının ictimai siyasi əlaqələr üzrə  müavini Niyaməddin Orduxanlı seçkilərin ilkin nəticələrinin normal getdiyini dedi. “Seçki ilə bağlı artıq partiyamızın sədri Qüdrət Həsənquliyev seçki məntəqəsində səs verib. Buna baxmayaraq, düşünürəm ki, seçki 3 saata yaxın olar başlayıb. Seçkilər öz axarı ilə gedir. Seçki qərargahındayıq. Hər hansı bir qanun pozuntusu  bizə daxil olmayıb. Seçki ilə bağlı ilkin təəssüratlarımız müsbətdir. Düşünürük ki, şəffaf, demoktarik, ədalətli seçki keçiriləcək. Biz bu qənaətdəyik”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə seçki ilə bağlı ilk təəssüratlarını bölüşmək istəmədi. “Seçki ilə bağlı ilkin fikirlər söyləmək hələ tezdir. Bu barədə günortadan sonra danışacam”.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir