Modern.az

Deputatlar bölgələrdəki seçki prosesindən danışdılar

Deputatlar bölgələrdəki seçki prosesindən danışdılar

9 Oktyabr 2013, 12:51


Saat 10:00-a olan məlumata görə, prezident seçkilərində ölkə üzrə 937465 nəfər səs verib. Seçicilər qeydiyyatda olduqları rayon məntəqələrinə gedib öz səsvermə hüquqlarından istifadə edirlər.

Modern.az ucqar bölgələrdə seçki fəallığını öyrənmək üçün deputatlarla əlaqə saxlayıb.

Deputat Cavanşir Feyziyev Bakı şəhəri Nizami rayonunda müşahidəçi olsa da, Şəkidə olan seçki prosesindən də məlumatlı olduğunu bildirib. “Tez-tez rayonla bağlı məlumatlar alıram. İnsanlar arasında ruh yüksəkliyi var, hər kəs səsvermədə iştirak edir. Seçki fəallığı yüksəkdir”.

Rövşən Rzayev də təmsil olunduğu Göygöl rayonunda keçirilən seçkilərdən məlumatlı olduğunu bildirib. “Yarım saat bundan qabaq mənə zəng ediblər. Göygöl və Daşkəsən rayonlarında aktivlik çox yüksək səviyyədədir. Artıq 20 faizdən yuxarı səsvermə hüququna malik vətəndaşlarımız bu hüquqdan istifadə ediblər. Göygöldə bayram əhval-ruhiyyəsi ilə seçki prosesi davam edir”

Milli Məclis üzvü Yevda Abramov isə Quba rayonunda seçkiləri müşahidə edir. O, Qubada seçki əhval-ruhiyyəsinin yüksək olduğunu və insanların seçkilərdə aktiv iştirak etdiyini bildirib. “ATƏT, ABŞ, müxtəlif QHT-dən müşahidəçilər də buradadır və seçkiləri izləyirlər. Quba rayonun seçiciləri fəaldırlar”.

İqbal Məmmədov da Bakı şəhəri Nizami rayonunda müşahidəçidir, lakin deputat daim Lerikdə seçki prosesini veb-kamera ilə izlədiyini və telefon əlaqəsi saxladığını qeyd edib. “Lerikdə insanlar gedib öz seçimlərini edirlər və bu prosesdə fəaldırlar”.

Sabir Rüstəmxanlı da Yardımlıda insanların rahat şəkildə seçkilərdə iştirak etdiyini və səsvermə hüququndan istifadə etdiyini vurğulayıb. “Bizim partiyadan rayonda çox sayda müşahidəçilər var. Özüm Bakıdayam, hələlik seçkiyə getməmişəm, bir azdan gedəcəyəm”.

Suraxanı rayonunda müşahidəçi olan deputat Sevinc Hüseynova Gədəbəydə seçicilərin aktivlik nümayiş etdirdiyini bildirib. “Rayonda seçkilər yüksək səviyyədə keçir, fəallıq hiss olunur. Gədəbəy rayon seçiciləri hər zaman fəallığı ilə seçilib”.

Nizami rayonunda müşahidəçi olan deputat Azər Kərimli də Qaxla mütəmadi əlaqə saxlayır. “Saat 12:00-a olan məlumatlara görə, Qaxda çox yaxşı aktivlik var, təxminən 37-38 faiz səsvermə olub”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü