Modern.az

Milli Şura seçkidən narazılıq edir

Milli Şura seçkidən narazılıq edir

Təhsil

9 Oktyabr 2013, 13:05


Milli Şuranın prezidentliyə namizədi Cəmil  Həsənlinin Seçki Qərargahı seçkilərlə bağlı ilkin mövqeyini açıqlayıb. Qərargahdan Modern.az-a verilən məlumatda bir sıra seçki məntəqələrindən nöqsanların olduğu qeyd edilib:

“113 saylı Şəki şəhər seçki dairəsinin 9 saylı seçki məntəqədən müşahidəçi Cavid Əliyevin verdiyi məlumata görə, seçicilərin barmaqlarının boyanması üçün mürəkkəb yoxdur. Bu seçki məntəqəsində başqa rayonlarda qeydiyyatda olan şəxslərin səs verməsinə imkan yaradılır, karusel əməliyyatı həyata keçirilir.

61 saylı Neftçala seçki dairəsindən Adil Əjdəroğlunun verdiyi məlumata görə, bu dairənin 2, 3, 4, 5 və 6 saylı məntəqələrində kütləvi qanun pozuntularına və saxtakarlıqlara yol verilir. Müşahidəçilərin seçki prosesini izləməsinə imkan verilmir. Seçki qutularına topa şəkildə bülletenlər atırlar. 6 saylı seçki məntəqəsində məntəqə seçki komissiyasının işində seçki komissiyasının üzvü olmayan şəxs iştirak edir. 34 saylı Xətai ikinci secki dairəsinin 15 saylı məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Ceyhun Babayevin verdiyi məlumata görə, karusel əməliyyatı həyata keçirilir. Məşvərətçi səs hüquqlu komissiya üzvünün barmağa mürəkkəb vurulması prosesini müşahidə etməsinə imkan verilmir. 34 saylı Xətai ikinci seçki dairəsinin 4 saylı məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Elnur Məcidlinin verdiyi məlumata görə, barmağında mürəkkəb olan seçicilər təkrarən bu məntəqədə səs verməyə buraxılıblar. Elnur Məcidlinin seçki komissiyasının işində iştirak etməsinə imkan verilməyib, o, polis vasitəsilə məntəqədən çıxarılacağı ilə hədələnib. 10 saylı Binəqədi seçki dairəsindən səlahiyyətli nümayəndə Akif Babayevin verdiyi məlumata görə dairənin 31, 33, 34 saylı məntəqələrində seçki bülletenləri kütləvi şəkildə seçki qutularına atılır. Karusel əməliyyatı həyata keçrilir 54 saylı Şabran-Siyəzən seçki dairəsinin 8 saylı məntəqəsində müşhahidəçi Nazir Adıgözəlovun verdiyi məlumata görə, 3 nəfərlik qrup 8 seçici əvəzinə səs verib. YAP-ın nümayəndəsi Xankərəm Orucov  karusel əməliyyatına rəhbərlik edir.

91 saylı Ucar seçki dairəsinin 1 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Fəzli Mehdiyevin verdiyi məlumata görə, o, “Azadlıq” radiosunun əməkdaşı ilə birgə seçki məntəqəsinə daxil olan zaman başqa bir otaqda seçki bülletenlərinin küncləri kəsilib seyfə qoyulmasının şahidi olub. Bu məntəqədə seçki qutusuna topa şəkildə seçki bulletenləri atilir.

27 saylı Sabunçu birinci seçki dairəsinin 15 saylı məntəqəsindən müşahidəçi Teymur Kərimovun verdiyi məlumata görə, başqa ünvanda qeydiyyatda olanlar bu məntəqədə səs verir. Bu məntəqədə seçki qutularına topa şəkildə seçki bülletenləri atılır”.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı