Yeni Azərbaycan Partiyası seçki prosesinin gedişinə dair yeni məlumat yayıb. Hakim partiyanın açıqlamasında Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin təmsilçiləri səsvermə prosesinin pozulmasına yönəlmiş təxribatlar törətməkdə ittiham edilib.
“Prezidentliyə namizəd Cəmil Həsənlinin təmsilçiləri seçki məntəqələrində normal şəraitdə davam edən səsvermə prosesinin pozulmasına yönəlmiş cəhdlər edirlər.
Yeni Azərbaycan Partiyasının səsvermə prosesini izləyən müşahidəçilərinin verdikləri məlumatlara görə, Cəmil Həsənlinin seçki məntəqələrindəki yerli müşahidəçiləri, eləcə də onun təmsil etdiyi radikal qüvvələrin nümayəndələri normal şəraitdə davam edən seçki prosesinin pozulmasına yönəlmiş təxribatlara əl atırlar. Guya səsvermə prosesində hansısa qanun pozuntularının baş verməsi barədə rəyin formalaşdırılması məqsədinə xidmət edən bu cür təxribatçı hərəkətlər, xüsusi ilə beynəlxalq müşahidəçilərin məntəqələrdə müşahidə aparması zamanı baş verir.
Yeni Azərbaycan Partiyası seçki məntəqələrindəki müşahidəçiləri vasitəsi ilə daxil olan məlumatları dəqiqləşdirir. Nəticə barədə Mərkəzi Seçki Komissiyasına və kütləvi informasiya vasitələrinə məlumat veriləcək”.
Modern.az