“Rüstəm İbrahimbəyov konsulluq üzrə qeydiyyatdan keçməyib və hazırda bizim siyahıda da onun adı yoxdur”. Bu sözləri Modern.az saytına açıqlamasında Azərbaycanın Rusiyadakı səfirliyində təşkil olunan məntəqə seçki komissiyasının sədri Ağalar Atamoğlanov bildirib.
Onun sözlərinə görə hələ ki, Milli Şuranın sədri məntəqəyə gələməyib.
“Rüstəm İbrahimbəyov səsvermədə iştirak etməyib. Biz onu burada müşahidə etməmişik. Ancaq gəlib müraciət etsə, konsulluq qeydiyyatına götürəcəyik və səsverməsi təmin olunacaq”-deyə A.Atamoğlanov bildirib.
Qeyd edək ki, Milli Şuranın sədri, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyovun müxalifətin vahid namizədi olaraq seçkilərdə namizədliyi irəli sürülmüşdü. Lakin o ikili vətəndaşlıq problemi üzündən seçki kampaniyasına qatıla bilmədi. Müxalifət bloku ehtiyat namizəd olaraq Cəmil Həsənlinin namizədliyini rəsmən irəli sürdü.
Aytən ƏLİYEVA