Modern.az

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

27 Aprel 2010, 16:14

Modern.az “Media əhvalatları» rubrikasının budəfəki qonaqlarını təqdim edir. Əhvalatları müstəqil jurnalist  Gülnaz Qənbərli, “Demokrat” qəzetinin əməkdaşı Əfqan Muxtarlı, APA-nın əməkdaşı Hafiz Heydərov və “Azadlıq” qəzetinin mühacirətdə olan əməkdaşı Aqil Xəlil danışır.

Gülnaz Qurbanlı, müstəqil jurnalist

 

Jurnalistin dama çıxmağı

- 2008-ci ildə “ANSpress.com” saytında xüsusi müxbir işləyirdim. Mənə qohumlarımdan biri zəng etdi ki, Nərimanov rayonunda beşmərtəbəli binanın damına bir qız çıxıb, intihar etmək istəyir. Tez taksiyə əyləşib getdim həmin ünvana. Yolda redaksiyaya zəng edib xəbər verdim. Mən hadisə yerinə çatanda artıq Fövqaladə Hallar Nazirliyinin, təcili tibbi yardımın əməkdaşları orada idi. Yerə döşək, paltar-palaz düzmüşdülər ki, qız ğzünü atsa, sağ qala bilsin. Polislər jurnalistləri hadisə yerinə yaxın buraxmırdılar. Birdən ağlıma gəldi ki, aşağıda dayanıb üzü yuxarı baxmaqdansa, üzbəüz binanın damına çıxıb oradan qızı daha yaxşı görmək olar. İki bloku gəzdim dama çıxmaq üçün nərdivan tapa bilmədim. Axırıncı blokda dama bitişik dəmirdən nərdivan var idi. Ancaq ona da çatmaq üçün gərək ayağının altına heç olmazsa bir metr yarım  hündürlüyündfə nəsə qoyaydım. Ha hoppandımsa əlim nərdivana çatmadı. Birdən bir kişi səsi eşitdim. Baxdım ki, bu kişi qapıları döyə-döyə gedir, amma heç kim ona qapı açmır. Kişi yuxarı çıxıb məndən soruşdu: “Xanım, siz burada yaşayırsız?”. Mən fikirləşdim ki, bu kişi mənə kömək edə bilər. Dedim: “Hə, burada yaşayıram. Nə lazımdır ki?”.

Dedi: “14 saylı mənzilin 2 manat 40 qəpik borcu var, onu ala bilmirəm”. Mən çıxarıb həmin məbləğdə pulu ona verib dedim: “Sizdən bir xahiş etsəm olar?”.

Dedi: “Buyur. Siz bu binada yeganə adamsınız ki, qazpulunu ödədiniz”.

Mən ona jurnalist olduğumu deyib dama çıxmaq üçün kömək istədim. Ona jurnalistin dama çıxması həm maraqlı, həm də təəccüblü gəldi. Nəsə, ayağımı kişinin dizi üstə qoydum, yuxarı qalxmağa başladım. Hətta kişi altdan ayaqlarımı da qaldırmağa kömək etdi. Nəhayət ki, mən dama çıxa bildim. Hardasa 4 saata yaxın mən orada uzanıb gözlədim ki, qız məni görməsin. Qızın bütün hərəkətlərini anbaan kadra almağa çalışırdım. Mən yeganə jurnalist idim ki, bunu bacardım.

Hətta qız özünü atmaq istədiyi an var idi ki, mən onu da kadra almışdım. Qızı oradan düşürəndən sonra mən də uzandığım yerdən ayağa qalxdım, amma gördüm ki, bütün paltarım qıra bulaşıb. Aşağıya düşəndən sonra jurnalistlərdən soruşdum: “Siz bir şey çəkə bildiniz?” Onlar dedilər ki, polislər imkan verməyib, telefonla çəkdikləri kadrlar isə effektsiz alınıb. Sevinə-sevinə şef-redaktorumuz Aytən Səfərovaya zəng edib dedim: “Mən taksi ilə gəlmək istəyirəm”. Həmin şəkilləri biz hamıdan tez saytda yerləşdirdik.

 

Əklilin içində Fəxri xiyabana

- 2009-cu ildə Müslüm Maqomayev rəhmətə gedən vaxt idi. Telekanallar Filarmoniyadan çəkilişlər edirdi. Rəhmətliyi Fəxri xiyabana aparanda jurnalistlərin heç birini içəri buraxmadılar. Çüni ölkə rəhbərliyi də içəridə idi. Yalnız AzərTAc-a və AzTV-yə xiyabana girməyə icazə verdilər. Polislər 100-150 metr məsafədən jurnalistləri dayandırdılar. Birdən baxdım ki, Fəxri xiyabana çox iri əklillər aparırlar. Fotoaparatımı çantama qoyub xəlvətcə əklillərin arasına girdim. Əklilləri aparanlar hərəkət etdikcə, mən də gedirdim. Nəhayət qapıdan içəri keçə bildim. Mən əklilin arasından çıxanda balacaboy bir kişi qışqırdı: “Boje moy!”. Tez ona dedim: “Qorxmayın-qorxmayın. Mən ölü deyiləm”. Kişinin üzündə təbəssüm yarandı. Qəbirlərin arxasından özümə bir yer seçdim. Çətinliklə də olsa, məzarın qarşısında olan bütün hərəkətlərin hamısını kadra ala bildim. Elə bu vaxt redaktor mənə zəng edib dedi: “Sən hardasan?”. Heç bir jurnalisti də içəri buraxmamışdılar. Mən sevinə-sevinə dedim: “Qəbirlərin arasından hər şeyi çəkmişəm”. Bir də gördüm ki, mənim qolumdan tutdular. Mühafizə xidmətindən idilər, soruşdular: “Sən bura necə keçmisən?”. Zarafata salıb, dedim: “Bura necə keçdiyimi desəm, bir də keçə bilmərəm axı...”. Onlara başa saldım ki, bu mənim işimdir. Təbii ki, mən düz etməmişdim. Bəlkə də həmin vaxt hamı kədərli idi. Ancaq mənim sevincimin həddi-düdüdu yox idi. Birtəhər qaçıb aradan çıxdım, redaktorun maşınına oturub birbaş ANS-ə getdik. Həmin şəkillərin orijinal variantı yalnız bizdə oldu. Əfqan Muxtarlı, “Demokrat” qəzetinin əməkdaşı

 

“Polislər məni Lökbatanda azdırdılar”

 

- “Azadlıq” blokunun aprelin 26-da icazəsiz piket keçirdiyini eşidib yollandım Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına reportaj hazırlamağa. Sabirin heykəlinin yanında 7 nəfər mülki geyimli şəxsin AXCP sədrinin müavini Nurəddin Məmmədlini zorla maşına oturtduqlarını gördüm. Onun şəkilini çəkmək istədikdə mənə də hücum edtdilər, fotoaparatımı sındırıb özümü də zorla maşına mindirdilər. Şəhərdə 45 dəqiqə gözlədikdən sonra bizi Lökbatanda maşından düşürüb, qaçdılar. Biz də qaldıq arxalarınca baxa-baxa... Sonra birtəhər geri dönə bildik.

 

“Ay müəllim, cavan oğlansan tək darıxacaqsan”

 

- Zaqatala hadisələrindən sonra Hacı Maqomedov adlı quldurun dəstəsindən olanların məhkəməsi başladı. Mən həmin vaxt “Yeni Müsavat” qəzetində bölgə müxbiri idim. Məni həmin məhkəmədən reportaj yazmağa göndərmişdilər. Mingəçivirə gedib, orada ucuz qiymətə olan bir mehmanxana tapdım. Günorta məhkəməyə gedir, gecələr isə bir “şirvan” verib mehmanxanada qalırdım. Bir gecə qaldığım otağın qapısı döyüldü. Açanda gördüm mehmanxana növbətçisidi. Soruşdum ki, nə lazımdı? Dedi: “Ay müəllim, cavan oğlansan tək darıxacaqsan. Sənə gəşəng bir qız gətirmişəm”.

Onun üstünə qışqırıb dedim: “Ay arvad get işinin arxasınca. Mənə heç kim lazım deyil”. Əl çəkmədi. Köhnə pulla 100 min manatdan (o, “10 “şirvan” deyirdi) başlayan bazarlıq 5 mində (buna da “5 “məmməd” deyirdi) dayandı. O dedikcə, mən də etiraz edirdim ki, “mənə qız-zad lazım deyil...”. Mehmanxana növbətçisi ha çək-çevirə saldı, mən etiraz etdim. Axırda əlacsız qalıb ona 1 manat verib, dedim ki, “çıxın gedin, mənə qız-zad lazım deyil”.

 

“Problemimizi yaz, ancaq bizi tanıtma...”

 

- “Yeni Müsavat” qəzetində işlədiyim vaxtlar idi. Qubanın Qəşrəş kəndində işləyən bir qrup fəhlə redaksiyamıza zəng edib dedilər ki, onların iş yerində maaşlarını vermirlər. Bizdən xahiş etdilər ki, gedib dərdlərini yazaq. Məndə getdim həmin kəndə. Orada məni 60 fəhlə qarşıladı.  Hər şeyi böyük hay-küylə danışdılar. Ancaq nə adlarını dedilər, nə də şəkillərinin çəkilməsinə razı oldular. Mən də əlacsız qalıb, kor-peşiman geri qayıtmalı oldum”.

 

Aqil Xəlil, “Azadlıq” qəzetinin mühacirətdə olan əməkdaşı

 

“Qəzetdə işləmək üçün birinci zibil atmaqdan başlamalısan”

 

- İlk dəfə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi 3 il əvvəl “Azərbaycan” Nəşriyyatının çayxanasında gördüm. O vaxta qədər Qənimət bəyi qəzet səhifələrindən və televiziya ekranlarından tanıyırdım.

Etiraf edim ki, yazılarından qətiyyət və böyük intellekt yağan görkəmindəki ciddiyyəti ilə seçilən, baş redaktor olan bu adamdan bir qədər də çəkindim. Bu çəkincəkliyimi ilk "kontrakt"ımdakı dialoqumuz bir az da artırdı. Daha dogrusu Qənimət bəyin qısa monoloqu. Qəzetdə işləmək istədiyimi eşidən kimi ciddi görkəmdə dilləndi: “Yaxşı vaxtda gəlmisən. Redaksiyada zibil aşıb-daşır. Onları daşımağa bizə müftə adam lazım idi”. Qənimət bəy gözlərini qıyıb üzümə diqqətlə baxdıqdan sonra ciddiyyətini bir az da artırıb, dedi: “Nə üz-gözünü turşudursan? Elə bil sənə borcum-zadım var. Onsuz da yazı yazan zibil deyilsən”.

Nə düşündüsə, birdən səsinin tempini azaldaraq: “Ay bala, sən hələ uşaqsan. Qəzetdə işləmək üçün birinci zibil atmaqdan başlamalısan. Sonra da lazım olanda redaksiya üçün qənd-çay almağı öyrənməlisən. Lap axırda yavaş-yavaş yazmağa çalışmalısan”. Mən də təəccübümdən donub qalmışdım. Ətrafdakı uşaqların xımı-xımı gülüşməsi və Qənimət bəyin onlara qoşulub gülməyi olmasaydı, yəqin ki, bu “Azadlıq” la birinci və sonuncu görüşüm olacaqdı.

 

“Qoymayın! Özünüzü çatdırın, evimizi başımıza uçurtdular” - 2008-ci ilin əvvəli idi. Mirzağa Əliyev küçəsində yerləşən bir neçə (Respublika sarayının yaxınlığında) evi sökmək istəyirdilər. Hər zamanda sakinlərin harayına jurnalistlər çatırdı. Hər dəfə də orada yaşayan qadınlar gah hansısa dövlət orqanlarının qarşısında, gah da öz məhəllələrində “məharət”lərini göstərirdilər. Hətta bir dəfə onlar mer Hacıbala Abıtalubovun avtomobilini ayaqqabı atəşinə tutmuşdular. Bu aksiya azı həftədə bir dəfə olmaqla, bir neçə ay davam etdi.

Hər zaman redaksiyaya zəng edən həmin qadınlardan bu sözləri eşidirdik: “Qoymayın! Özünüzü çatdırın, evimizi başımıza uçurtdular”. Eyni tonlu zənglər həmkarım, “Turan” Agentliyinin keçmiş repartyoru Mürsəl Əliyevə də gəlirdi. Demək olar ki, bütün aksiyalarda bir yerdə olurduq. Qurban bayramı ərəfəsi idi. Bayram günündə artıq tanıdığımız qadından tanış zəng gəldi. Mən də “silah-sursat”ımı götürüb, hadisə yerinə getdim. Məhəlləyə Mürsəllə bərabər yollandıq. Xatırladım ki, həmişəki kimi, eyni zəngdən Mürsələ də gəlmişdi. Məhəllədə tam sakitçilik hökm sürürdü. Hətta həyətdə kimsə gözə dəymədi. Bizi çağıran qadının qapısını döydük. Qadın bizi gülərüzlə qarşılayıb, evinə dəvət etdi. Sən demə qadının bizi o adla oraya çağırmaqda məqsədi Qurban bayramını bəhanə gətirərək, bizə “şirinlik” vermək imiş. Təbii ki, biz bununla razılaşmadıq. Ancaq biz onun xətrinə dəyməmək üçün çayını içib, bayramını da təbrik edib işimizə qayıtdıq. Sonralar Azərbaycanı tərk etdim. Amma hələ də nigaranam, görəsən şikayətçi sakinlərin aqibəti necə oldu?.

 

Hafiz Heydərov, APA-nın əməkdaşı

 

Usta əhvalatı

 

- Olmuş hadisədir. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə bütün jurnalistlərin üzünə açıqdır. Bir gün məhkəmənin hakimlərindən bir (adını demək istəmirəm) kriminaldan yazan jurnalistlərlə səmimi söhbət edir. Söhbət zamanı hakim bir müddət əvvəl ad gününü qeyd edən xanım jurnalistdən zarafatla soruşur:

- Səni ad günündə kim öpdü?

- Xanım jurnalist cavab verir ki, “oğlum”. - Yox ey, kənar şəxsləri nəzərdə tuturam?

- Xanım jurnalist əsəbi halda  deyir: “Mən qara kəmər ustasıyam ha! Bu sözünə görə səni başıma götürüb vuraram yerə!”.

- Nə üzrə idman ustasısan?

- Karate. - Elə mən də idman ustasıyam da... - Siz nə üzrə? - Seks!”.

 

Nazirin 5 eyni mikrafona intervü verməsi

- 2009-cu ilin yanvar ayı idi. Bakının Nəsimi rayonu Cavadxan küçəsindəki beşmərtəbəli binada qaz sızmasından partlayış baş vermişdi. Ölkənin əksər KİV nümayəndələri, eləcədə mən orada idim. Dağıntılar altından adam çıxarılan kimi  bir rəsmi şəxs axtarırdıq ki, bizi məlumatlandırsın. Bir də dedilər ki, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev açıqlama verir. Hər birimiz məlumat almaq üçün nazir müavininə yaxınlaşdıq. Birdə gördük nə? Nazir müavininə SİA-nın 5 mikrofonu uzanıb. Etibar Mirzəyev də mikrofonlara təəccüblə baxır. SİA o zaman təzə yaranmışdı. Sən demə redaksiyada kim var, hamını səfərbər eləmişdilər hadisə yerinə. Jurnalistlərin səyi nəticəsində nazir müavininə tərəf uzanan SİA-nın mikrofonlarından 4-ü endirildi. 

“Polis APA-nı AFFA bilib bütün məlumatları verdi”

- APA-nın mərkəzi ofisində təzə fəaliyyətə başlamışdım. Əvvəllər bölgə müxbiri olduğum üçün paytaxta yeni gələndə xəbər tapmaqda çətinlik çəkirdim. Hər gün polis bölmələrinə zəng edib Bakı şəhərində nələr baş verdiyini öyrənməyə çalışırdım. Hərçənd ki, polis bölmələrindən xəbər almaq nə qədər çətin məsələdir. Bir gün xəbər axtararkən Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə zəng etdim. Bölmənin növbətçi hissəsində telefona cavab verən polis əməkdaşına özümü APA-nın əməkdaşı kimi təqdim etdim və yeni nə kimi xəbərlərin olduğunu soruşdum. O, dedi: - Həə, o stadionda qarət olunan idmançıların işi ilə maraqlanırsınız? 

- Bəli

- Onarı qarət edən şəxslər artıq tutulub.

- Neçə nəfərdir?

- 5 nəfər.

- Adları var?

- Bəs necə?

Nə isə, polis qardaşımızdan hadisənin bütün təfərrüatlarını öyrəndim. Sonda məlum oldu ki, polis əməkdaşı məni APA-nın yox, AFFA-nın əməkdaşı olduğumu zənn edib. Biləndə ki, mən jurnalistəm, AFFA-nın yox, APA-nın əməkdaşıyam, artıq iş işdən keçmişdi. Xəbər artıq APA-nın saytında idi”.

 

 

Günay MUSAYEVA

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir