Modern.az

2008-2013 müqayisəsi – YAP-çı və müsavatçı eyni fikirdədir: “Hər ikisi fərqli seçkidir”

 2008-2013 müqayisəsi – YAP-çı və müsavatçı eyni fikirdədir: “Hər ikisi fərqli seçkidir”

Təhsil

9 Oktyabr 2013, 15:55


Bu gün Azərbaycanda sayca 7-ci prezident seçkisi keçirilir. Bəs bu ilki seçkilər son – 2008-ci ildə keçirilən seçkilərdən nə ilə fərqlənir və yaxud oxşar nüanslar varmı?

Modern.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimov bildirib ki, 2013-cü ildə keçirilən seçkilər 2008-ci ildə keçirilən seçkilərdən fərqlənir.

“Bu dəqiqələrdə də məntəqələri gəzirik. 2008-ci ildən 2013-cü ilədək bütün sahələrdə olduğu kimi seçki sahəsində də inkişaf var. Seçki məntəqələrinin özündən tutmuş insanların gəlib seçkilərdə səs vermələri çox yüksək səviyyədə təşkil olunub. Əlbəttə, 2013-cü illə 2008-ci ildə keçirilən seçkilərdən əsas fərq ondan ibarətdir ki, seçki mədəniyyətimiz yüksəlib. Prezidentliyə namizədlərin bütün məntəqələrdə müşahidəçiləri var. Hər bir namizədin nümayəndələri məntəqələrdə oturub müşahidə aparır. Bu gün hansı məntəqədə olmuşuqsa hamısından pozuntu barədə soruşmuşuq. Hər şey yüksək səviyyədədir. Seçki məntəqəsinə uyğun olaraq seçki çox rahat keçirilir. Heç bir problem yoxdur. Binəqədi və Abşeron rayonunda heç bir qanun pozuntusuna rast gəlməmişik. 2008-ci ildə keçirilən seçkilərə nisbətən 2013-cü ildə keçirilən seçkilərdə veb-kameraların sayı bir qədər artıb. Seçki şəraiti düzəlib. Avropa ölkələrində olmayan proseslər bu ilki seçkilərdə var. Heç kəs heç kəsə mane olmur. ATƏT Parlament Assambleyasının nümayəndəsi kimi deyə bilərəm ki, hər şey yüksək səviyyədədir. Hətta beynəlxalq müşahidəçilər də bu ilki seçkiləri yüksək qiymətləndirirlər”.

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı də 2013-cü ildə keçirilən seçkilərin 2008-ci ildə keçirilən seçkilərdən fərqləndiyini dilə gətirib. 

“Oxşar tərəflər odur ki, seçki komissiyaları dəyişməz qalıb. Fərqli cəhətlərdən biri odur ki, ilk dəfə olaraq prezident seçkilərinə maliyyə vəsaiti ayrılmayıb. Bərabər seçki mühiti indiki halda mövcud deyil. 2008-ci ildə keçirilən seçkilərdə müxalifətin namizədi yox idi. Ona görə də orda heç bir saxtakarlıq eləmədən İlham Əliyevin qalib gəlmək şansı var idi. Çünki digər namizədlərin səs çoxluğu baxımından imkanları yox idi. Bu ilki seçkidə isə Cəmil Həsənli kimi güclü namizəd olduğu üçün hazırkı hakimiyyətə və onun komandasına məlum idi ki, seçkidə saxtakarlıq aparılmasa seçkilərdə qalib gəlmək çətin olacaq. Əslində, buna seçki demək olmaz. Təsəvvür edin ki, bir seçki məntəqəsində komissiyasının üzvü seçki qutusuna bir topa bülleten atmaq istəyərkən müşahidəçilər əlindən alıb saxlayıb. Bu zaman həmin məntəqədə olan dairə seçki komissiyasının sədri isə həmin məntəqə seçki komissiyasının üzvünün əlində olan topa bülleteni alır və hamının gözü qarşısında seçki qutusuna salır. Belə hal Azərbaycanda heç vaxt olmayıb”.

G. Aslanlı bildirib ki, beynəlxalq müşahidəçilərə Azərbaycanda özlərini ikiüzlü aparırlar. “Çünki dəfələrlə beynəlxalq müşahidəçilərə müraciət etdik ki, əgər onlar seçkilərin düzgün keçirilməsini istəyirlərsə, bir məntəqədə səhərdən axşama qədər müşahidə aparsınlar və Azərbaycanda nələrin baş verdiyini görsünlər. Onlar isə yenə məntəqələri gəzməklə məşğuldurlar. Xüsusilə AŞPA-dan gələn ekspertlərə, beynəlxalq müşahidəçilərə şəxsən inamım yoxdur”.  

Namidə BİNGÖL

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?