Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunda bu gün keçirilən prezident seçkiləri ilə bağlı ölkəmizdən kənarda yaşayan vətəndaşlarımızın səsverməsi təşkil edilib. Konsulluqda fəaliyyət göstərən 16 saylı Yasamal II Dairə Seçki Komissiyasının 42 saylı məntəqəsi seçiciləri qəbul edir. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən çox saylı diplomatik nümayəndəlik və konsulluqları arasında ən çox seçicisi qeydə alınmış Aktau şəhərindəki Baş Konsulluğumuzda Aktau, Atrau, Aktyubinsk və Mangistau vilayətində yaşayan 1500-dən artıq seçicinin adı siyahıya alınıb.
Modern.az-a verilən məlumata görə, çox böyük həvəslə səs verməyə gəliblər. Baş konsulluqda seçkini komissiya üzvlərindən başqa vilayətin ictimaiyyəti, ictimai xadimlər və Azərbaycan diasporunun üzvləri də izləyirlər.
Aktau şəhərindən və seçki məntəqəsindən uzaqda yaşayan Azərbaycan vətəndaşlarının seçkiyə gəlməsi üçün yerli diaspor və azərbaycanlı iş adamları tərəfindən avtomobillər də təşkil olunub.
Ölkəmizin Özbəkistandakı və Qırğızıstandakı səfirliklərində 300-ə yaxın seçici səsvermədə iştirak edir. Daşkənddəki 17 saylı Yasamal seçki dairəsinin 38-ci məntəqəsi seçiciləri qəbul etmək üçün yüksək səviyyədə hazırlıq vəziyyətindədir. Seçki komissiyasının üzvləri arasında həm müxalifət, həm də hakim partiyanın nümayəndələri də var. Daşkənddə seçki siyahısında 111 nəfərin adı olsa da, sonradan daha 53 nəfər Azərbaycan vətəndaşı əlavə siyahı ilə səsvermədə iştirak ediblər. Günün ikinci yarısınadək artıq seçicilərin 80 faizi öz səslərini veriblər. Seçicilər arasında ilk dəfə səs verən tələbələr və gənclər də olub. Seçkini həm yerli diasporun üzvləri, həm də jurnalistlər izləyiblər.
Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyində seçki siyahısında 94 nəfərin adı qeydə alınıb. Günün birinci yarısında seçicilərin 50 nəfəri öz səslərini seçdikləri namizədlərə veriblər. Bişkek şəhərindəki səfirliyimizdə keçirilən seçkini Qırğızıstan Respublikasının Mərkəzi Seçki Komissiyasının müşahidəçisi qismində üzvü, MDB Parlamentlərarası Beynəlxalq Monitorinq qrupunun Bişkek filialının direktoru, təşkilatın müşaviri, və müşahidəçi qismində daha 4 nəfər izləyirlər. Burada da ilk dəfə səs verən tələbələr olub.





Ləman Ağayeva