Mətbuat Şurasının 9 oktyabr prezident seçkisini izləyən monitorinq qrupunun üzvləri media təmsilçilərinin peşə fəaliyyətini yerinə yetirmələrinə hər hansı maneçilik faktı qeydə almayıblar. Onların müşahidələrinə əsasən, yerli və xarici KİV-lərin əməkdaşlarına prosesi işıqlandırmalarına hər cür şərait yaradılıb
Mətbuat Şurasından Modern.az-a verilən məlumatda bildirilir ki, bu gün saat 16.00-dək MŞ-nin qaynar xətt»inə prosesi işıqlandıran bir jurnalist - «Ayna-Zerkalo» qəzetinin əməkdaşı Cəsur Məmmədov müraciət edib. MŞ Mərkəzi Seçki Komissiyası ilə əlaqə yaratdıqdan sonra yaranmış anlaşılmazlıq aradan qaldırılıb.
Bundan başqa MŞ sədrinin müavini Müşfiq Ələsgərli Suraxanı, Şuranın İdarə Heyətinin üzvləri – “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Sabunçu, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Cavanşir Feyziyev Nəsimi, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl Şirvan, Hacıqabul və Salyan, MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə Salyan və Neftçala rayonlarındakı seçki məntəqlərində jurnalistlərə yaradılmış şəraitlə, eləcə də onların prosesi işıqlandırmalarının vəziyyətilə tanış olublar. Bununla bağlı hər hansı neqativ cəhət qeydə alınmayıb.
Qeyd edək ki, bu gün saat 12-dək MŞ sədri Əflatun Amaşov Nəsimi, qurumun sədr müavini Umud Rəhimoğlu Binəqədi, Şuranın İdarə Heyətinin üzvlərindən - «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Xətai, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Səbail, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas Beyləqan, Füzuli və Xocavənd rayonunun seçki məntəqələrində olaraq medianın seçkini işıqlandırması vəziyyətilə tanış olublar.
Modern.az