Latviya parlamentinin deputatı, Azərbaycan-Latviya parlamentərarası əməkdaşlıq qrupunun üzvü Roman Naudinş seçkiqabağı ərəfədə Bakıda səfərdə olub. Modern.az bildirir ki, o, səfərlə bağlı təəssüratlarını Latviya Azərbaycanlıları Cəmiyyətinin orqanı olan “Azəri” qəzetinə müsahibəsində açıqlayıb.
“Azərbaycanda müxtəlif siyasi qüvvələrin real mübarizəsi gedir. Orada artıq seçkilərin taleyinin əvvəlcədən həll olunduğunu deyənlər yanılırlar”-deyə Naundinş qeyd edib.
Deputatın sözlərinə görə, buna baxmayaraq prezident İlham Əliyevin nüfuzu çox böyükdür və bu müstəvidə alternativlərindən kiminsə ona qalib gələcəyi inandırıcı deyil. Onun sözlərinə görə, Böyük Britaniyanın ictimai rəyi öyrənən “The European Centre for Survey Research” təşkilatının apardığı sorğuya görə, seçicilərin 88,7 faizi hazırkı prezidentə səs verəcək.
Latviyalı deputat qeyd edib ki, neft bumu ölkənin iqtisadi inkişafına böyük təsir edib. “Bu hər yerdə özünü göstərir. Azərbaycanda aparılan böyük miqyaslı tikintilər ölkənin dünyadakı nüfuzunda mühüm rol oynayır. Ancaq bu, yalnız fasaddır: medalın digər üzündə vətəndaşların firavan yaşamasına yönəlmiş sosialyönümlü böyük dövlət proqramları durur”-deyə deputat vurğulayıb. O, bildirib ki, prezident İlham Əliyev öz çıxışlarında “qara qızıl”ı insan kapitalına çevirmək şüarını irəli sürüb.
“Azərbaycanlı siyasətçi və sahibkarlarla söhbət zamanı mən hiss etdim ki, qeyri-neft sektoruna çox böyük diqqət verilib. Hesab edirəm ki, dövlətin bu gün informasiya-texnologiya sektorunu inkişaf etdirməsi gələcək Azərbaycan üçün çox mühümdür”-deyən Latviya Seyminin üzvü Azərbaycanın kosmosa peyk göndərdiyini vurğulayıb. Roman Naudinşin sözlərinə görə, son 10 ildə Azərbaycan iqtisadi inkişafın sürətinə görə, dünyada lider ölkələrindən hesab olunur.
Deputat Dağlıq Qarabağ münaqişəsinə də münasibət bildirib. O qeyd edib ki, münqaişə hələ də tənzimlənməyib.
“Buna ilk növbədə beynəlxalq ictimaiyyətin ikili standartları mane olur. BMT və digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanısalar da, bu deklorativ bəyanatlardan uzağa getmir. Bu münqaişə təkcə cənubi Qafqaz regionu üçün deyil, ümumi Avropanın sabitliyi üçün əngəldir”.
Latviyalı deputat bildirib ki, Azərbaycan və Ermənistan Avropa Şurasının üzvləridir və Şərq Tərəfdaşlığı Proqramına daxidir.
“Avropa İttifaqı özünün cənub sərhədlərində çoxillik münqişənin davam etməsindən narahat olmalıdır. Əminəm ki, Avropa Qafqazda sabitliyin və sülhün olmasında maraqlıdır”. Onun sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Roman Naudinş həmçinin Azərbaycanın humanitar sahədəki uğurlardan danışıb və ölkənin mədəniyyətlərarası dialoqda mühüm rol oynadığını bildirib.
Azərbaycan və Latviya arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən deputat qeyd edib ki, gələn il diplomatik münasibətlərin yaranmasının 20 ili tamam olacaq.
“Latviya Dağlıq Qarabağ probleminin sülh yolu və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarıdr. Bu tezis birmənalı şəkildə ölkə rəhbərliyi tərəfindən bildirlib”.
Modern.az