Modern.az bildirir ki, Azərbaycanda prezident seçkilərini müşahidə edən beynəlxaq missiya öz rəylərini açıqlamağa başlayıb. “Bu gün Azərbaycanda prezident seçkiləri çox sakit və qaydalara uyğun şəkildə keçirilib. Mən müşahidələrimə görə deyə bilərəm ki, bu proses sərbəst şəkildə baş tuturub”.
Bunu APA-ya seçkilərin gedişini izləyən Avropa Parlamentinin Azərbaycanda prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Pino Arlaçi deyib.
Onun sözlərinə görə, Azərbaycanda keçirilən prezident seçkiləri normal qiymətləndirir: “Mühit çox rahat idi, insanlar da son dərəcə sərbəst və rahat idilər”.
Pino Arlaçi qeyd edib ki, ölkədə keçirilən seçkilərlə bağlı yekun rəy sabah açıqlanacaq.
ABŞ-dan olan müşahidəçilər qrupu da prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Bəyanatı təqdim edən Texas ştatından keçmiş konqresmen Solomon Ortiz qeyd edib ki, 48 nəfərdən ibarət qrupa keçmiş konqresmenlər və jurnalistlər daxil olub.
Müşahidələr zamanı amerikalı müşahidəçilər 200-ə yaxın məntəqədə olub. Onların fəaliyyət göstərməsi üçün sərbəstlik təmin olunub. Qrupun müşahidələrinə görə, seçkilərdə yüksək seçici fəallığı olub, seçki məntəqələrdə 100 veb kamera quraşdırılıb.
Sonra S.Ortiz bildirib ki, müşahidəçilər qrupunun qənaətinə görə, seçkilər şəffaf və azad şəkildə keçirilib.
Azərbaycanda prezident seçkilərinin gedişini müşahidə etmiş Almaniyanın seçkiləri müşahidə qrupu bəyanatla çıxış edib. APA-nın xəbərinə görə, qrupun rəhbəri Eduard Lintnerin imzaladığı bəyanatda deyilir:
“Heyətin bütün üzvləri müşahidə aparmaq üçün seçki məntəqələrini tam sərbəst olaraq seçib və seçkiləri diqqətlə müşahidə ediblər. 10 namizədin adı seçki bülletenlərində qeydə alınmışdı, bu isə ədalətli və bərabər seçkini təmin edirdi. Seçkiqabağı müddətdə namizədlər təşviqat üçün İctimai Televiziya və Radio kanalında bərabər efir vaxtı ilə təmin olunub. Bütün namizədlərin ölkə üzrə öz seçiciləri ilə görüşmək və təşviqat aparmaq imkanları var idi. Seçki məntəqələrində və ətrafında demokratik seçki qaydalarının ciddi pozulması halları baş verməyib. Seçicilərin şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etdikdən sonra bir neçə məntəqədə səs verməsinin qarşısını almaq məqsədilə onların barmaqları mürəkkəblənib. Daha sonra seçicilər seçki bülletenlərini götürüb xüsusi seçki kabinələrinə daxil olur və heç bir müdaxilə olmadan sərbəst şəkildə səs verirdilər. Seçki bülletenləri şəffaf seçki qutularına atılırdı. Yerli orqanların nümayəndələri və ya nəzarətçi geyimli şəxslər seçki məntəqələrinin ətrafında idilər. Heyət üzvləri nə elementar demokratik qaydalara qarşı, nə də ümumiyyətlə, hər hansı zorakılıq müşahidə etməyiblər. Alman nümayəndə heyətinin bütün üzvləri prezident seçkilərinin azad və sərbəst, əsas demokratik qaydalara uyğun keçdiyinə əmindirlər. Alman heyətinin fikrincə, seçkilər eyni zamanda dövlətin öz qanunlarına uyğun keçirilib. Azərbaycan bu seçkilərlə beynəlxalq demokratik standartlara doğru növbəti addım atıb”.
Qeyd edək ki, alman müşahidə qrupu 36 üzvdən ibarət olub. Heyətə Avropa Parlamentinin deputatları, Alman Bundestaqının, Bavariya parlamentinin üzvləri və sabiq parlamentarlar, eləcə də alman mətbuatının nümayəndələri daxil olub. Onların hamısı Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən prezident seçkilərini müşahidə etmək üçün dəvət ediliblər.
Modern.az