Modern.az

Bakıdakı reklam lövhələrində Azərbaycan dilinə hörmətsizlik edilir

Bakıdakı reklam lövhələrində Azərbaycan dilinə hörmətsizlik edilir

27 Aprel 2010, 17:09

Bakıda Söz Azadlığı Müdafiə Fondu (SAMF) aprelin 27-də “Azərbaycan dilinin qorunması media, reklam və etnoqrafiya müstəvisində” dəyirmi masa keçirib. Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə Söz Azadlığını Müdafiə Fondunun (SAMF) sədri, şair Musa Yaqub açaraq bu istiqamətdə layihələrə başlamalarının səbəbləri barədə danışıb.

SAMF sədri bu sahədəki problemləri gündəmə gətirərək xüsusi olaraq vurğulayıb ki, dilimizə qarşı sayğısızlıq artıq toponim adlarına, etimologiyaya da sirayət edib. Şadlıq evlərinin, digər obyektlərin adlarının əcnəbiləşdirilməsi isə artıq adi hal alıb.

SAMF-ın İcraçı Direktoru Vüqar Tofiqli SAMF-ın dövlət dilinin qorunması ilə bağlı apardığı monitorinqin nəticələri barədə məlumat verib. O, bildirib ki, Söz Azadlığını Müdafiə Fondu cari ilin mart-aprel ayında  reklamlarda, xidmət obyektlərində, elektron mediada verilən reklam roliklərində  Azərbaycan dilinin qorunması ilə bağlı monitorinqlər həyata keçirib.  Əsas məqsəd adıçəkilən istiqamətlərdə  30 sentyabr 2002-ci il tarixli “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə necə əməl olunmasını aydınlaşdırmaq olub. Monitorinq ümumilikdə  Bakı şəhərinin 15  mərkəzi küçə və prospektində mövcud olan  576  xidmət obyektinin əhatə edib. Bu xidmət sahələrinin 442 mərkəzi hissəni (Binəqədi, Nəsimi və Səbail rayonları olmaqla 10 küçə və prospekt daxil olub),  o cümlədən  Nizami, Xətai  və  Suraxanı rayonlarını əhatə edən 134 reklam xarakterli  lövhəni əhatə edib.  Araşdırmalar nəticəsində bəlli olub ki, reklam xarakterli lövhələrin  ümumilikdə 62%-də  Azərbaycan dili,  27% ingilis dili, 11% isə turk dilində olan sözlərdən istifadə olunub.  Bununla yanaşı müşahidə aparılan  lövhələrin  yazılışının 14% -də qrammatik  səhvlərə rast gəlinib. Lövhələrin  15% də isə rus mənşəli sözlərin latin qrafikası ilə verildiyi aşkarlanıb.  Paytaxtın mərkəzi hissədə yerləşən küçə və prospektlərin  52% -də  Azərbaycan dili, 37% ingilis dili, 11% isə turk dilində olan sözlərdən istifadə olunub.  Bununla yanaşı müşahidə aparılan  lövhələrin  yazılışının 23% -də qrammatik  səhvlərə rast gəlinib. Lövhələrin  18% də isə rus mənşəli sözlərin latin qrafikası ilə verildiyi aşkarlanıb.

Qeyd edək ki, reklamların yazılışı zamanı adıçəkilən qanunun 7.1.-ci maddəsinin nəzərdə tutduğu  “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər, lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir” kimi çox vacib prinsipin tələbləri bir çox parametrlərinə görə pozulub. 

“Boçka”, “Başmaçok”, “Çudo Peçka”, “Tetradka”, “Bon Apetit” , “Skazka”, “Merkez Lahmacun”, “İnce Göl” və s. bu tipli adlar Azərbaycan dilində heç bir qarşılığı olmadan paytaxtın küçələrində rast gəlmək olar. Bununla yanaşı  bank adlarının yazılışında da  Azərbaycan dilinin qorunmasına ciddi şəkildə əməl olunmur. Habelə bir çox qadın salonlarının üzərində yalnız ingilis dilində “Beaty salon” və ya uşaq mağazalarında  “Baby shop” ifadələrinə tez tez rast gəlinir.

Elektron mediada səslənən reklamlarda da Azərbaycan dilinin qorunması lazımı səviyyədə aparılmır.  “Dayanma snikerslə”, “Atam üstünü alma və vişnə şirəsinə bulaşdırıb”, habelə “Susuzluğuna güvən” kimi ifadələrdə dilimizin qanun-qaydalarına riayət olunmur.

İcraçı direktor daha sonra bildirib ki, dilimizin qorunmasına ictimai nəzarəti təşkil etmək məqsədilə QHT-lərdən ibarət işçi qrupunun yaradılması vacibdir və kollektiv hazırda bu istiqamətdə təklifləri gözləyir.

SAMF-ın Layihələr Üzrə Koordinatoru Nəzirməmməd Quliyev bildirib ki, onları belə monitorinqlərə görə qınayanların sırasında əsasən bu işə bilavasitə cavabdeh olan Bakı Şəhər Icra Hakimiyyəti Reklam və İnformasiya Departamentinin və Azərbaycan Reklamçılar İttifaqının məsul katibi daha aktiv oldular.  Mail Ağaxanov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir