Fransa Xarici İşlər Nazirliyi Ukraynaya hərbi yardımın yeni formasını təklif edib.
Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Stefan Sejürne danışıb.
O bildirib ki, Qərb qoşunları Ukrayna ərazisində hərbi əməliyyatlar aparmadan xüsusi əməliyyatlarda iştirak edə bilər.
Fransa XİN rəhbərinin sözlərinə görə, Qərb ordusu Ukraynada kibermüdafiə, silah istehsalı və minalardan təmizlənməni təmin edə bilər: "Bəzi hallarda bu cür fəaliyyətlər Ukrayna ərazisində mövcudluğu tələb edə bilər, lakin müharibədə iştirak həddini keçmədən".
Nazir həmçinin təsdiqləyib ki, Rusiyanın hücumları və onların Avropada yaratdığı destabilizasiyanı nəzərə alaraq, Ukraynaya dəstək artırılmalıdır.
Xatırladaq ki, bir gün əvvəl Fransa prezidenti Emmanuel Makron Qərbin quru qoşunlarının Ukraynaya yerləşdirilə biləcəyini istisna etməmişdi.