Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Seçki Qərargahı bu gün seçkidən sonra ilk mətbuat konfransı keçirərək seçkilərin nəticələri barədə hesabatını və rəyini açıqlayıb. Mətbuat konfransında yerli və beynəlxalq jurnalistlər iştirak edib.
Modern.az saytı "musavat.com"a istinadən xəbər verir ki, C.Həsənlinin Seçki Qərargahının həmsədri, Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı çıxış edərək bildirib ki, Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkisi azad və ədalətli olmayıb:
“Seçkilər demokratik keçirilməyib, demokratik keçirilməsi üçün seçkiqabağı mühit mövcud deyildi, müvafiq qanunvericilik bazası mövcud deyildi. Namizədlərə bərabərhüquqlu imkanlar verilməmişdi. Demək olar ki, bütün seçki məntəqələrində total saxtakarlıqlara yol verildi. Ölkədə sərbəst toplaşmaq azadlığı demək olar ki, ləğv olunub”.
A.Hacılı ölkədə müxalifətçilərə və gənc fəallara olan təzyiq və təqiblərdən də danışıb. O həmçinin deyib ki, hakimiyyət seçki qanunvericiliyi üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq müsbət mənada dəyişdirilməyib: “Seçki komisiyalarının sədrləri faktiki olaraq YAP tərəfindən təqdim olunmuş şəxslərdir”.
Çoxsaylı seçki pozuntularından danışan A.Hacılı heç bir məntəqədə karbonlaşdırılmış protokol yazılmadığını da vurğulayıb. O, bildirib ki, C.Həsənlinin Seçki Qərargahı prezident seçkiləriin nəticələrinin ləğv olunmasını və yeni seçki keçirilməsini tələb edir.
Prezidentliyə namizəd Cəmil Həsənli çıxışında bildirib ki, oktyabrın 9-da Azərbaycanda hakimiyyətin mənimsənilməsi prosesi baş verib: “Azərbaycanda hakimiyyəti formalaşdırmaq haqqı Konstitusiya ilə Azərbaycan xalqına məxsus olsa da, bu hüququndan istifadə edə bilmədi, bundan məhrum edildi. Xalq hakimiyyəti formalaşdırmaq haqqından uzaqlaşdırıldı".
Çoxsaylı qanun pozuntuları barədə faktlar açıqlayan C.Həsənli qeyd edib ki, bu seçkinin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edə bilməz.
Seçkinin nəticəsini tanımayan Cəmil Həsənli bildirib ki, seçkinin nəticələri azad, ədalətli, demokratik deyil və ləğv edilməlidir.
Modern.az