Modern.az

Bahar Muradova: “Xarici müşahidəçilərin seçkilərlə bağlı rəsmi açıqlamalarını gözləyirik”

Bahar Muradova: “Xarici müşahidəçilərin seçkilərlə bağlı rəsmi açıqlamalarını gözləyirik”

Təhsil

10 Oktyabr 2013, 13:17

/file/articles/“Hesab edirəm  ki, Azərbaycan xalqı oktyabrın 9-da yenə də ümumilikdə cəmiyyətimizin və dövlətimizin inkişafında irəliyə doğru böyük addımı həyata keçirdi, azad, şəffaf, ədalətli seçkilər keçirildi”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova 9 oktyabrda ölkədə keçirilən prezident seçkiləri haqda danışarkən deyib.

O, qeyd edib ki, Azərbaycan seçiciləri qanunvericiliyin bütün tələbləri çərçivəsində öz iradələrini ifadə edərək növbəti 5 il üçün ölkə rəhbərini seçdilər və bununla da Azərbaycanın inkişafına, rifahına, çiçəklənməsinə öz münasibətlərini və dəstəklərini ifadə etdilər.

“İnsanlar iradələrini açıq, şəffaf şəkildə ifadə etməklə yanaşı, həm də bu nəticələrdən həddən artıq razıdırlar. Bunu səsvermədən keçən qısa müddət, səsvermənin gedişi zamanı söylənilən fikirlər, açıq şəkildə ifadə edir. Ən əsası odur ki, insanlar seçki prosesinin beynəlxalq standartlara, bütün seçki standartlarına tam uyğunluğu şəraitində keçdiyini təsdiqləyirlər. İstər Azərbaycanın özündə bu işi həyata keçirən insanlar, istərsə də digər ölkələrdən və beynəlxalq təşkilatlardan gəlmiş missiyaların nümayəndələri seçicilər üçün çox rahat və şəffaf şəraitin yaradıldığını açıq şəkildə vurğulayırdılar. Bunu gün ərzində televiziyalarda, Azərbaycan mətbuat orqanlarında onların gedən fikirləri sübut edir”.

B. Muradovanın fikrincə, seçkilərin nəticələrindən hər kəs razı qalıb. “Azərbaycan vətəndaşları ona görə razı qalıb ki, onlar öz iradəsini ortaya qoyublar. Hər kəs bu prosesin qanun çərçivəsində keçməsini istəyir. Müşahidəçilərin bu prosesi izləməsi həm də təcrübə mübadiləsi üçün çox əhəmiyyətlidir. Bunu elə müşahidəçilərin özləri də səsləndirirdilər ki, onların bir çoxu öz ölkələrində Azərbaycanda olan bu qabaqcıl, modern seçki təcrübəsini tətbiq etmək istərdilər. Bir sözlə, fikrimcə, öz iddialarını reallaşdıra bilməyən kiçik və azsaylı qrupu istisna etsək, qalan mütləq əksəriyyət dünən ölkədə keçirilən prezident seçkilərindən razı qalıb”.

Vitse-spiker günün sonuna qədər xarici müşahidəçilərin rəsmi açıqlama verəcəklərini gözlədiklərini bildirib.
“Xarici müşahidəçilərin bir qismi fərd olaraq, ayrı-ayrı ölkələrdən, təşkilatlardan gəlmiş qruplar olaraq öz ilkin mövqelərini açıqlayıblar. Amma Azərbaycanda fəaliyyət göstərən uzunmüddətli missiya olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, eləcə də Avropa Şurası, Avropa Parlamentinin qısamüddətli missiyaları da Azərbaycandadırlar və onların ayrı-ayrı üzvləri bu proses haqda mövqelərini ifadə ediblər. Amma biz bu günün sonuna qədər onların ilkin rəsmi açıqlama etmələrini gözləyirik. İndiyə qədərki söylənilən fikirləri ümumiləşdirib mövqe bildirməli olsaq və bura müşahidəçilərin dedikləri fikirləri də əlavə etsək, qeyd edə bilərik ki, ümumilikdə prosesdən razılıq ifadə olunub”.

 

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat