Dünyada əmək bazarında çalışan kişilərin sayı qadınların sayından 1.5 dəfə çoxdur.
Modern.az xəbər verir ki, bu barədə RIA agentliyi Dünya Bankının açıq məlumatlarına istinadən məlumat yayıb.
Bildirilir ki, dünyanın yalnız 9 ölkəsində işləyənlər arasında qadınlar daha çoxdur. Digər ölkələrdə əmək bazarında kişilər üstünlük təşkil edir.
Təqdim edilən məlumatlar 2022-ci ilin sonuna aiddir. Qeyd edək ki, beynəlxalq maliyyə təşkilatı məlumatları bir neçə il geriləmə ilə dərc edir.
Ermənistan işləyən vətəndaşların ümumi sayında qadınların payına görə dünyada birinci yerdədir. Belə ki, Ermənistanda işləyən şəxslərin 52.76%-i qadındır. Türkmənistan (52,61%) ondan çox az geridədir. Üçüncü yerdə Afrika dövləti, dünyanın ən az inkişaf etmiş ölkələrindən biri olan Burundi (51,96%) qərarlaşıb.
İşləyən qadınların sayının daha çox olduğu digər ölkələr Mozambik (51,63%), Cənubi Sudan (51,30%), Zimbabve (50,68%), Belarus (50,15%), Barbados (50,10%) və Litva (50,06%) olub.
Əmək bazarında qadınların payının ən aşağı olduğu ölkə Yəməndədir. İraq və Qətər kimi ölkələrdə də işləyən qadınların sayı olduqca aşağıdır.