Bu gün futbol üzrə Azərbaycan millisi Dünya Çempionatı-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya komandasını qəbul edəcək. Matç 1992-ci ildən bəri milli komandamızın meydana çıxacağı 200-cü görüşü olacaq. Komandamız Şimali İrlandiyanı uda bilməyəcəyi təqdirdə 4 yeri tutmaq ümidlərinin üstündən xətt çəkəcək. Tarix ərzində ən çox 7 xal qazanan millimiz bu gün bu xalların sayını 8 çatdıra bilməklə yeni rekorda imza ata bilər.
Şimali İrlandiya ilə oyun milli komandamız üçün DÇ-2014 seçmə mərhələsi çərçivəsində ilk qələbəsi üçün böyük şansdır. Belə ki, millimiz sonuncu oyunu güclü Rusiya millisinə qarşı keçirəcək. Bu oyun həm də alman çalışdırıcı Berti Foqst üçün son şansı olacaq. Son iki görüşdə qələbə qazana bilməyəcəyimiz təqdirdə isə futbol tariximizdə daha bir anti-rekord qeydə alınacaq: seçmə mərhələni qələbəsiz tərk edəcəyik.Xatırladaq ki, Azərbaycan-Şimali İrlandiya oyunu saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.
F qrupundakı digər oyunlar isə bunlardır:
Luksenburq-Rusiya
Portuqaliya-İsrail
Abbas Qəmli