Modern.az

Heç vaxt roman yazmayan ədəbiyyat üzrə Nobelçi - MARAQLI FAKTLAR

Heç vaxt roman yazmayan ədəbiyyat üzrə Nobelçi - MARAQLI FAKTLAR

Təhsil

11 Oktyabr 2013, 14:29


Modern.az
saytı ötən gün ədəbiyyat üzrə Nobel mükafatçısı adına sahiblənən 82 yaşlı kanadalı yazıçı Alisia Munro barədə maraqlı məlumatları təqdim etdi.

O heç vaxt roman yazmayıb

Kanadalı xanım yazıçı, Nobel mükafatçısı Alisia Munronun 82 yaşı olsa da, o bu yaşa qədər iri həcmli əsər yazmayıb. Munro çağdaş dünya ədəbiyyatında  kiçik hekayənin ustası sayılır. “Qızların və qadınların həyatı“ adlı əsəri isə həm roman, həm də povest xarakterlidir. Bu, Munronun ən iri həcmli əsəri olmasına baxmayaraq, roman sayılmır. “Qızların və qadınların həyatı” kiçik hekayələrin ana xətt, əsas məna üzrə sistemləşdirilməsindən ibarətdir. Nə üçün roman yazmamağı barədə suala yazıçı bu cavabı verib: “Hər dəfə cəhd edirəm, amma son anda daha vacib işlər var deyə, düşünürəm”.
Amma nüfuzlu yazarların hamısı onun 30-40 səhifəlik yazılarını bir kitaba bərabər tutur.

O nədən yazır?

Bir qadın kimi Munronu ən çox ana və qız münasibətləri, ailədaxili psixoloji məqamlar, insanların bu məqamlarda vəziyyətdən tapdığı çıxış yolları daha çox maraqlandırır. Əsərlərinin əksəriyyətində o sanki qızlara məsləhət verən qayğıkeş ana rolunu oynayır. Dili çox axıcıdır, mürəkkəb psixoloji qatları təsvir etməkdənsə, hadisəni nəql etməyi üstün tutur. Əsərlərində özündən qırağa heç vaxt çıxmır. Həcmcə kiçik olsa da, mənaca dərin olan bu hekayələrdə avtobioqrafik ünsürlər çoxluq təşkil edir. Özünü yazan və bu yazılarda tam səmimi olan qadın  rahat dil, üslubla oxucularını heyran edir.

Hər şeydən uzaqlaşaraq kitabxana işlədib

Ədəbiyyat üzrə Nobel mükafatının 110-cu qalibi olan Alisianın həyatı maraqlı tarixçələrlə doludur. Nüfuzlu mükafatın 13-cü qadın qalibi olan Munro sən demə sakit bir guşəyə çəkilərək uzun illər ərzində kitabxana işlədib. O, 1949-cu ildə universitetə daxil olur, lakin sonradan ailə həyatı quraraq təhsilini yarımçıq qoyur. Vankuver şəhərinə köçür və sevdiyi bir aləmə - kitab aləminə düşür. Ona ilk uğur gətirən irihəcimli hekayəsini isə 1968-ci ildə yazır. “Xoşbəxt həyatın rəqsi” adlanan hekayə elə həmin il Kanada ədəbiyyat mükafatına layiq görülür. Beləliklə də gələcəkdə kiçik hekayənin böyük ustasının parlaq karyerası başlayır. Geniş auditoriya kütləsi tərəfindən sevilən Munro bir çox beynəlxalq ədəbi mükafatlara layiq görülür. Onların arasında 2009-cu ildə qazandığı “Buker” və dünən əldə etdiyi Nobel mükafatları təbii ki, daha cəlbedicidir.

Amma əslində o yazarlığı buraxmışdı

Bu barədə keçən il 81 yaşı olarkən özü deyib. 1931-ci ildə Kanadada anadan olan yazar  “Kölgənin ölçüsü” adlı ilk hekayəsini ingilis dili müəlliməsi işləyərkən yazır. 1968-ci ildəki uğuru isə onu ədəbi yaradıcılığa daha çox sövq edir. 2012-ci ildə Nyu-Yorkda verdiyi bir açıqlamada hekayə janrına müraciət etməsi barədə maraqlı məqamı vurğulayır: “Əvvəlcə bütün hekayələrimi yazacağım roman üçün bir məşq hesab edirdim, lakin illər keçdi və anladım ki , mən hekayədən başqa heş nə yaza bilmirəm”.
Elə həmin il Munro daha hekayə yazmayacağını da vurğulayıb: “Bu mənim ədəbiyyatı sevməməyimdən irəli gəlmir. Sadəcə, bu yaşda yorğunluq dolu bor yalnızlıq yaşamaq istəmirəm. 81 yaşım var və bəzi sözlərin, ifadələrin yadımdan çıxdığını hiss edirəm”.

Nobel xəbərini mesajla ona çatdırdılar

Özünü tam olaraq sakit həyat tərzinə kökləyən Alisiaya hətta Nobel xəbərini belə, telefonla demək mümkün olmayıb. 82 yaşında ruhunu sükuta açan və telefonunu bağlayan Munroya İsveç Kral Akademiyası mesaj yazmaqla bu xəbəri çatdırıb.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?