Modern.az

“Helikon-opera” Heydər Əliyev Mərkəzində çıxış edəcək

“Helikon-opera” Heydər Əliyev Mərkəzində çıxış edəcək

11 Oktyabr 2013, 18:00


Modern.az
saytının məlumatına görə, Avropa səhnəsində böyük maraqla izlənilən Moskvanın “Helikon-opera” Musiqili Teatrı noyabrın 2-i və 3-də Bakıda, Heydər Əliyev Mərkəzində möhtəşəm proqramla çıxış edəcək.

Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Fondunun birgə layihəsi çərçivəsində noyabrın 2-də “Helikon-opera” Musiqili Teatrı “Əbədi sevgi” qala konsertini Moskvada oktyabrın 31-də keçiriləcək premyeradan dərhal sonra Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan tamaşaçılarına təqdim edəcək.

“Əbədi sevgi” qala konserti “Helikon-opera” Musiqili Teatrının bədii rəhbəri, Rusiyanın Xalq Artisti Dmitri Bertmanın yeni eksperimentidir. Proqrama ötən əsrin, xüsusilə 1960-cı illərin romantik hitləri, müxtəlif nəsillərin sevə-sevə dinlədiyi lirik musiqilər daxildir. Teatrın solistləri əfsanəvi “Bitlz” (The Beatles) qrupunun, Merlin Manro (Marilyn Monroe), Tina Törner (Tina Turner), Demis Russos (Demis Roussos), Adriano Çelentano (Adriano Celentano), Elton Con (Elton John), Selin Dion (Celine Dion), Uitni Hyuston (Whitney Houston) və digər dünya ulduzlarının repertuarından mahnılar ifa edəcəklər. Konsert ümumilkdə 21 mahnıdan ibarətdir. Çoxlarının ilk notlardan tanıdığı “All You Need Is  Love”, “I Believe in Love”, “Je suis malade”, “Only You”, “Lady in Red”, “Love Me Tender” də bu mahnılar sırasındadır.

Noyabrın 3-də isə Heydər Əliyev Mərkəzinin səhnəsində italyan bəstəkarı Umberto Cordanonun rus həyatından bəhs edən “Sibir” operası təqdim ediləcək. Bu səhnə əsəri iki gəncin təmtəraqlı çar Peterburqunda başlayıb, ölkənin o biri başında-katorqada faciəvi sonluqla bitən sevgi hekayəsi barəsindədir. Quruluşçu rejissor Dmitri Bertmanın səhnələşdirdiyi opera yeddi ildir ki, teatrın repartuarındadır.  “Sibir” tamaşası bu günədək Estoniya və Macarıstanda qastrolda olub.

Xatıqladaq ki, “Helikon-opera” Musiqili Teatrını Dmitri Bertman 1990-cı ildə yaradıb.  İlk truppası yeddi nəfərdən ibarət olan teatrda hazırda 350-dən artıq artist çalışır. “Helikon-Opera”nın repartuarında 50-dən çox tamaşa var. Teatr opera əsərləri ilə yanaşı, mütəmadi olaraq folklora, operettaya və kino musiqisinə müraciət edir.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir