Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə 12 oktyabr 2013-cü il tarixində saat 10-00-da “Climbaku” İdman Dırmanması Mərkəzində mərhum Azərbaycan dağçısı Akif Rüstəmovun xatirəsinə həsr olunmuş idman dırmanması üzrə turnirə start verilib.
Yarışın başlanmasını elan edən FAİREX-in baş hakimi, federasiyanın vitse-prezidenti Valeri Bağırov hakimləri və idmançıları salamlayaraq, turnir iştirakçılarını yarışın qaydaları və şərtləri ilə tanış edərək onlara uğurlar arzulayıb. Azərbaycan Hava və Ekstremal İdman NövləriFederasiyasının mətbuat xidmətindən Modern.az-a bildirilib ki, mərhum Azərbaycan dağçısı A.Rüstəmovun xatirəsi təşkilat komitəsi, hakimlər və idmançılar tərəfindən 1 dəqiqəlik sükutla yad edildikdən sonra turnirə start verilib. Qeyd edək ki, bu turnir uzun illər boyu Azərbaycanda dağ idmanının inkişafında və gənclərin bu idmana cəlb olunmasında xüsusi xidmətləri olmuş, ömrünün çiçəklənən vaxtında dünyasını dəyişən tanınmış dağ idmançısı Akif Rüstəmovun xatirəsinə həsr olunur və artıq belə yarışların keçirilməsi FAİREX tərəfindən ənənəvi hal alıb.