Modern.az

Qənirə Paşayeva: "Yüz minlərlə qadın Ermənistan tərəfindən pozulan haqlarının müdafiəsini gözləyir"

Qənirə Paşayeva: "Yüz minlərlə qadın Ermənistan tərəfindən pozulan haqlarının müdafiəsini gözləyir"

Parlament

28 Aprel 2010, 13:14

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında Finlandiyadan olan deputat Kristina Kiurunun “Avropada həll olunmamış münaqişələrin qarşısının alınması və nizamlanmasına qadınların cəlb edilməsi” adlı məruzəsi ətrafında müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da çıxış edib. O, bildirib ki, Assambleyanın 1416 saylı qətnaməsində və BMT təhlükəsizlik Şurasının 4 qətnaməsində vurğulandığı kimi Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Q.Paşayevanın sözlərinə görə, məruzədə qeyd edildiyi kimi münaqişələrin əsas qurbanları qadınlar olur, onlar zorakılıqlara məruz qalır və xüsusi çətinliklərlə üzləşirlər: “Mən 20 ilə yaxındır ki, öz evlərinə dönə bilməyən yüz minlərlə azərbaycanlı qadın qaçqın və məcburi köçkünlərdən danışmaq istəyirəm. Bunun bütün Avropa məkanında bənzəri yoxdur. Yüz minlərlə qadın üzünü sizə tutaraq, onların Ermənistan tərəfindən pozulan insan haqlarının müdafiəsini gözləyir. Yüzlərlə azərbaycanlı Ermənistanda əsir saxlanılır. İndi həmin insanların analarının, bacılarının, həyat yoldaşlarının, qızlarının çəkdiyi əziyyətləri düşünün. Ermənistanda əsir və girov saxlanılan və zorakılığa məruz qalan azərbaycanlı qadın və qızlar sizdən onların pozulan hüquqlarının müdafiəsini gözləyir. Onların arasında bütün bu zorakılıqlara dözərək sağ qalanlar sizdən evlərinə dönmək üçün kömək gözləyir. Bizim burada qəbul etdiyimiz 1416 saylı qətnamədə deyilir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmalarına imkan yaradılmalıdır. Amma çox təəssüf ki, neçə il keçməsinə baxmayaraq, qətnamənin yerinə yetirməyən Ermənistana qarşı AŞ PA tərəfindən heç bir təsir və təzyiq edilmir. Mən Azərbaycanın Ermənsitanla sərhəd bölgəsini təmsil edən deputatam. Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında qurduqları mövqelərindən Azərbaycan kəndlərini atəşə tutaraq öz həyətində, tarlasında işləyən qadınları yaralayır, qətlə yetirirlər. Bir neçə gün əvvəl bir müəllimə dərsə gedərkən Ermənistan silahlı qüvvələrinin snayperləri onu güllə ilə vuraraq ağır yaralamışlar. Mən bir çox ölkələrin səfirlərini sizə danışdığım hadisələrin baş verdiyi kəndlərə dəvət etmişəm və onlar gördüklərindən dəhşətə gəlmişlər. İşğal edilmiş torpaqlarda azərbaycanlılara məxsus qəbiristanlıqlar dağıdılır. Sizcə bir qadın, bir ana üçün bundan dəhşətli nə mənzərə ola bilər? Məruzədə deyildiyi kimi, münaqişələrin əsas qurbanı qadınlar olur və onlar böyük çətinliklərlə üzləşirlər. Bu səbəbdən də münaqişələrin tənzimlənməsi prosesində qadınların rolunun artırılması vacib və əhəmiyyətlidir. Eyni zamanda, biz - AŞPA-da təmsil olunan qadın deputatlar da bu proseslərdə fəallığımızı artırmalı və bu münaqişələrin tənzimlənməsi istiqamətində qəbul olunan qətnamələrin yerinə yetirilməsi istiqamətində tələb və təkliflərimizi irəli sürməliyik. Biz - AŞ-da təmsil oluna deputatlar illərlə haqları tapdalanan qadınların yanında olmayılıq. O qadınların Avropanın hansı hissəsində yaşamasından, hansı millətin nümayəndələri olmasından asılı olmayaraq, heç bir ikili standartlara yol verməyərək onların hüquqlarının müdafiəsi istiqamətində səylərimizi artırmayılıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu