Bu ilin oktyabrın 11-15 arası Xorvatiyanın Dubrovnik şəhərində NATO Parlament Assambleyasının 59-cu sessiyasi öz işinə başlayıb. Sessiyada Azərbaycanı Milli Məclisin qurumdakı nümayəndə heyətinin üzvləri, beynəlxalq şöbəsinin əməkdaşları təmsil edir. Sessiyada birbaşa Azərbaycanla bağlı məsələ olmasa da, zamanı deputatlardan Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev müzakirə olunan mövzularla bağlı ölkəmizə aid olan məqamlara toxunublar.
“Cənub-Şərqi Avropanın, Qərbi Aralıq dənizi hövzəsinin və Qafqazın enerji təhlükəsizliyi” mövzusunda keçirilən sessiyada Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan böyük bir bölgədir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır:
“Amma 20 ildən artıqdır ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın 20 faiz torpağını işğal etməsi və bu işğala son qoyulmaması səbəbindən bölgənin və bütövlükdə Avropanın təhlükəsizliyinə ciddi təhlükə qalmaqdadır. Bu günədək əhalinin bir milyondan çox hissəsi qaçqın və məcburi köçkündür. Dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları, BMT, Avropa Birliyi, İKT dəfələrlə bu işğalı tanıyan qətnamələr qəbul ediblər. Konfliktin həll edilməsində mandatlı olan ATƏT-in Minsk Qrupu 20 ildən artıq müddətdə münaqişənin həllinə vasitəçilik etməsinə baxmayaraq, heç bir nəticənin əldə olunmayıb. Ermənistanın bu günə qədər tutduğu destruktiv mövqe, ardıcıl olaraq atəşkəsi pozması, sərhəd bölgələrində yaratdığı cox ciddi təhlükə bu danışıqların nəticəsiz qalmasına səbəb olub. Hər kəsə məlumdur ki, Ermənistan bu gunədək onun işğalçı siyasəti ilə bağlı qəbul edilmiş heç bir qətnaməyə əhəmiyyət verməyib. Təəssüf ki, beynəlxalq təşkilatlar, eləcə də NATO işğalçı dövlətə təzyiq etmir. Sözsüz ki, Azərbaycan hökuməti bu işğalın- konfliktin sülh yolu ilə həll olunmasını istəyir. Lakin Azərbaycan xalqı sonu bilinməyən sülh danışıqları ilə də razılaşa bilməz və bir gün öz torpaqlarının azad olunması üçün başqa yollara əl atacaq. Avropa və eləcə də dünya ictimaiyyəti bilməlidir ki, bölgədə münaqişənin həll olunmamığı təkcə Qafqaz üçün deyil, bütövlükdə böyük bir bölgə üçün, NATO-nun ən yaxın tərəfdaşı və üzvü Türkiyə üçün, eyni zamanda Avropa üçün ciddi təhlükdir. Bu mənada Avroatlantik strukturlar, NATO Qarabağ konfliktinin həll olunmasındə məsuliyyət daşıyırlar və tezliklə beynəlxalq hüquq çərçivəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyması üçün ona təsir etməlidirlər. Bu, həm də getdikcə nüfuzuna kölgə düşən beynəlxalq təşkilatların imicinin qorunmasına da kömək edər”.
Pərvin ARZUQIZI