Modern.az

Cəmil Həsənli BƏYANAT verdi

Cəmil Həsənli BƏYANAT verdi

Təhsil

14 Oktyabr 2013, 14:30


“12 oktyabr mitinqindən əvvəl hüquq mühafizə orqanlarının və onların nəzarətində olan bəzi pozucu qüvvələrin mitinqdə təxribat törədəcəyi barədə bizdə məlumatlar var idi. Bu məqsədlə qabaqcadan hazırlıq işləri görülmüş, ayrı-ayrı qrupların nəzarətində olan idmançı dəstələr və mülki geyimli polis işçiləri səfərbər edilmişdi. Lakin seçki saxtakarlığına qarşı mitinq kütləvi xarakter daşıdığı üçün qabaqcadan hazırlanmış qruplar onun gedişinə müdaxilə edə bilmədilər. Mitinq dinc şəraitdə başa çatdıqdan sonra iştirakçıların bir hissəsi metronun “İnşatçılar” stansiyasına doğru hərəkət edərkən  təxribatçı qüvvələr işə salınmış və dinc mitinqçilərə hücum edilmiş, vətəndaşlarımıza qarşı zorakılıq törədilmişdir. 10 nəfər mitinq iştirakçısı polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılmışdı.

Polis və mülki geyimli şəxslərin mitinq iştirakçılarına hücumu zamanı meydanda insanların başı üzərinə ucaltdıqları Azərbaycan bayrağı polis tərəfindən təhqir edilmiş və vətəndaşlardan bayrağı endirmək tələb olunmuş, onu insanların əlindən zorla almaq istəmişdilər. Bu hadisə Azərbaycan Respublikasının dövlət rəmzinə qarşı törədilmiş  cinayət aktıdır. Mitinq Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılmışdı və polisin borcu aksiya iştirakçılarının təhlükəsizliyini təmin etməkdən ibarət idi. Təəssüf ki, polis orqanları öz vəzifə borcunu yerinə yetirmək əvəzinə, insanlar evlərinə dağılışarkən müxtəlif təxribatçı qruplarla birgə onlara hücum etmiş, vətəndaşlara qarşı zorakılıq hallarının törədilməsində iştirak etmişdir. Nəticədə bəzi mitinq iştirakçıları fiziki zorakalığa və qanunsuz həbsə məruz qalmış, onlara maddi və mənəvi ziyan vurulmuşdur. Burada məqsəd insanları qorxutmaq, onları öz konstitusion hüquqlarını həyata keçirmək istəklərindən çəkindirmək cəhdləri olmuşdur.

Mən Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizəd kimi oktyabrın 12-də “Məhsul” stadionunda mitinq başa çatdıqdan sonra insanlara qarşı törədilmiş zorakılıq əməllərini pisləyir və onu törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsin  tələb edirəm”.       

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?