“Hazırda Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində müəllimlərlə bağlı mövcud olan vakansiyalar təhlil edilir”. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd edilir ki, təhlilin nəticələrinə əsasən daha çox hansı ixtisaslar üzrə müəllimlərə ehtiyac olduğu müəyyənləşəcək. “Yalnız bu işlərdən sonra vakansiyalar elan ediləcək. Keçid balını toplamış və işə qəbul olunmamış namizədlər müsabiqədə iştirak edəcəklər”.
Nazirliyin yaydığı məlumatda həmçinin bildirilib ki, 2007-2013-cü illərdə xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 1825 nəfər azərbaycanlı gənc dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün göndərilib.
“2013-2014-cü tədris ili üçün isə 766 nəfər gənc xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış və bu proses hazırda davam etməkdədir. 550-dən artıq məzun Təhsil Nazirliyində qeydiyyatdan keçib. Onların böyük əksəriyyəti Azərbaycanda dövlət və özəl müəssisələrdə müvəffəqiyyətlə çalışırlar. Bəziləri isə təhsilini növbəti səviyyə üzrə Dövlət Proqramı çərçivəsində xaricdə davam etdirir.
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan tələbə ilə Təhsil Nazirliyi arasında müqavilə imzalanır və tələbə müqavilə üzrə öz üzərinə öhdəliklər götürür. Əgər müqavilə öhdəlikləri pozularsa, tələbənin təhsilinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən istifadə olunmuş vəsait geri qaytarılmalıdır. Tələbə məzun olduqdan sonra 2 ay müddətində nazirliyə müvafiq sənədlərlə birgə hesabat verməlidir”.
Aytən ƏLİYEVA