Modern.az

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətindən Elxan Süleymanova etiraz

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətindən Elxan Süleymanova etiraz

14 Oktyabr 2013, 19:14

 “Monteneqronun Budva şəhərində öz işinə başlayan  ATƏT Parlament Assambleyasının (PA) payız sessiyası çərçivəsində sözügedən qurumun Bürosunun və Daimi Komitəsinin iclaslarında Azərbaycan keçirilən 9 oktyabr prezident seçkiləri ilə bağlı müzakirələr aparılıb və seçkilər prosesi, onun yekunları, nəticələri  yüksək qiymətləndirilib”.

Modern.az-a açıqlamasında bu haqda  məlumat verən Azərbaycanın  ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov bildirib ki, Büro iclasında millət vəkili Azay Quliyev, Daimi Komitənin iclasında isə nümayəndə heyətinin rəhbəri Bahar Muradova çıxış ediblər.

Onun sözlərinə görə, hər iki qurumda müzakirələr zamanı 9 oktyabr seçkiləri ilə bağlı müsbət mövqe ifadə edilib, eləcə də, ATƏT DTHİB-in mövqeyi pislənilib:

“Konkret olaraq, Daimi Komitənin iclasında Azərbaycanda keçirilən prezident seçkilərində ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndiricisi və ATƏT qısamüddətli Müşahidə Missiyasının rəhbəri Mişel Vuazan məruzə ilə çıxış edib.

Vuazan ATƏT DTİHB-nin müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar bəyanatında seçki prosesi ilə bağlı yalnız neqativ müddəaların əks olunduğunu və bu bəyanatın ATƏT PA, AŞPA və Avropa Parlamenti müşahidəçilərinin qeyd etdikləri müsbət fikirləri əks etdirməyən birtərəfli sənəd olduğunu təəssüflə bildirib.

 O, ATƏT DTİHB-nin hesabatında əks olunan müddəaların böyük əksəriyyəti ilə razılaşmağın mümkün olmadığını qeyd edərək, bu barədə fikirlərini katibliyə təqdim etdiyi hesabatda ətraflı izah etdiyini Komitə üzvlərinin diqqətinə çatdırıb.

Vuazan həmçinin, Azərbaycanda keçirilən prezident seçkilərini Avropa Şurası və ATƏT standartlarına yaxınlaşmaq istiqamətində böyük bir addım adlandıraraq seçkilərin şəffaf, azad , ədalətli keçirildiyini və demokratiya istiqamətində irəliləyiş olduğunu bir daha vurğulayıb.

Eyni zamanda qeyd edim ki, müzakirələrdə iştirak edən Gürcüstanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Sereteli də, Almaniyanın bu qurumdakı missiyasının rəhbəri xanım Doris Barnet də öz çıxışlarında seçkilərlə bağlı müsbət mövqelərini bildiriblər, 9 oktyabr seçkilərinin Avropa standartlarına uyğun olduğunu vurğulayıblar. Bir sözlə, ATƏT DTHİB-dən fərqli olaraq, ATƏT PA-nın Bürosu və Daimi Komitəsi Azərbaycanla bağlı obyektiv mövqe nümayiş etdirib və bu da nümayəndə heyətimiz  tərəfindən razılıqla, təqdirlə qarşılanıb”.

Millət vəkili bununla yanaşı millət vəkili Elxan Süleymanovun Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü olmadığı halda, sözügedən qurumun iclasları barədə mətbuata açıqlama verməsindən də  narazılğını ifadə edib:

“Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü olmadığı və həmin qurumun iclaslarında iştirak etmədiyi halda  millət vəkili Elxan Süleymanovun bu qurumun iclasları barədə məlumat verməsini təəccüb və təəssüflə qarşılayırıq. Nümayəndə heyətimizin konkret üzvləri, rəhbəri var və onlar bu barədə fikir bildirə bilərlər. Ona görə Elxan Süleymanov “Avronest”lə bağlı açıqlama versə, daha yaxşı olar”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat