Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş Kanada Parlamenti İcmalar Palatasının Liberallar partiyasından olan üzvü Stefan Dion ölkəmizin Kanadadakı səfirliyində olub.
Diplomatik nümayəndəlikdən AzərTAc-a verilən məlumata görə, səfir Fərid Şəfiyevlə görüşdə S.Dion bir müddət əvvəl Suriya qaçqınlarının vəziyyətini öyrənmək üçün Ermənistanda səfərdə olarkən təsadüfən Dağlıq Qarabağa gəlib çıxdığını bildirib. O, heç bir halda Dağlıq Qarabağın müstəqilliyini tanımadığını və oraya səfər edərkən Azərbaycanın qanunlarını pozduğundan xəbərsiz olduğunu vurğulayıb. Kanadalı deputat Azərbaycana hörmət etdiyini və ölkəmizin dostu olmaq istədiyini bildirib.
Bundan başqa, S.Dion Azərbaycan səfirliyinə məktub ünvanlayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində, sülh yolu ilə həllinə dəstəyini izhar edib və Kanada ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə töhfə vermək arzusunu bildirib.
Modern.az